Qətliamlar Ermənistanın dövlət siyasətinə çevrilib


  İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində oktyabrın 4-də daha bir kütləvi məzarlıq aşkarlandı. Məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir. Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birinə bağlanıb, işgəncələr görüblər. Bu günə qədər birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 azərbaycanlı girov və hərbi əsirlərin aqibəti məlum deyil. Azərbaycanın sərgilədiyi bütün humanizm prinsiplərinə baxmayaraq, hələ də Ermənistan itkin düşmüş azərbaycanlılar haqqında məlumatları verməkdən imtina edir, öz beynəlxalq öhdəliklərini pozur. Aşkar edilən məzarlıqda bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasına kömək edəcək vacib sübutlar var. Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi erməni cinayətlərini növbəti dəfə üzə çıxardı. Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistanın hərbi cinayətlərinin ən qəddar və insanlığa sığmayan növbəti sübutudur. Azərbaycanlılara qarşı törədilən vəhşiliklər, müharibə cinayətləri, soyqırımı, əslində, bəşəriyyətə qarşı yönəldilən cinayətlərdir. Edillidəki məzarlıq azad olunmuş ərazilərimizdə aşkarlanan növbəti məzarlıqdır və aydındır ki, bu tip cinayətlər, kütləvi məzarlıqlar ilk və tək deyil. Məhz bu faktları ört-basdır etmək üçün Ermənistan itkin düşmüş şəxslər barədə məlumatları Azərbaycan tərəfinə vermək istəmir. Qeyd etmək lazımdır ki, Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq öz beynəlxalq hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərib. Bu davranışı bu gün də davam etdirir.
  Ötən gün Bakıda Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda da bu məsələdən geniş bəhs edilib. Vurğulanıb ki, ermənilərin müharibə cinayətləri Azərbaycana qarşı asimmetrik müharibənin məntiqi nəticəsidir. Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov qeyd edib ki, son dövrdə sosial şəbəkələrdə əsir kimi götürülməsi iddia olunan bir neçə erməni hərbi qulluqçunun qətlə yetirilməsi və onların meyitləri üzərində təhqiredici hərəkətlərə yol verilməsi barədə hələ ki, mənbəyi məlum olmayan bir neçə videonun yayılmasını az qala Azərbaycan dövlətinin “soyqırımı siyasəti” kimi qələmə verirlər: “Baş Prokurorluğun nümayəndəsi kimi bəyan edirəm ki, Azərbaycan hüquqi dövlətdir və yayılmış hər bir video ilə bağlı dərhal reaksiya bildirilir. Həmin faktlarla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə cinayət işi başlanılıb, hazırda bu faktlarla əlaqədar 10 cinayət işinin ibtidai istintaqı davam etdirilir. Əgər videoda əks olunduğu kimi iddia edilən şəxslərin, hərbi qulluqçuların təqsiri sübut olunarsa, cinayət faktının olması öz təsdiqini taparsa, təbii ki, cinayət məsuliyyəti məsələsi həll oluna bilər. İstintaqın gedişinə hər hansı bir dövlətin və beynəlxalq təşkilatın bəyanatı təsir göstərə bilməz. Bir məqamı qeyd edim. Vətən müharibəsi dövründə Azərbaycana təhvil verilmiş çoxsaylı hərbi qulluqçularımızın nəşləri tərəfimizdən ekspertizadan keçirilib. Həmin nəşlər üzərində xüsusi qəddarlıq, amansız rəftar əlamətləri, bir neçəsinin diri-diri boğazının kəsilməsi, üz dərisinin soyulması, qulaq seyvanlarının, burunlarının kəsilməsi kimi qəddarlıqların şahidi olmuşuq. Niyə bunlara reaksiya vermirlər?”.
  Millət vəkili Ceyhun Məmmədov deyib ki, Xocavənddə aşkarlanan kütləvi məzarlıq ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qətllərin daha bir sübutudur. Deputat bildirib ki, ötən əsrin əvvəllərində də ermənilər xalqımıza qarşı bu cür qətllər törətmişdi, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra da bu kimi cinayətlərlə üzləşdi: "Xocavənddə aşkarlanan kütləvi məzarlıq bir daha göstərir ki, belə qətliamların sayı onlarladır. Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın vətəndaşımızın taleyi bu günə qədər məlum deyil, onların başlarına nə gətirildiyi bilinmir. Qalıqları tapılan bu insanların da taleyi, başlarına nələr gətirildiyi məlum deyil. Azərbaycan xalqına qarşı vəhşilik, qətliamlar Ermənistanın dövlət siyasətinə çevrilib”.
  Parlament üzvü qeyd edib ki, təəssüflər olsun ki, bugünə kimi beynəlxalq qurumlar Ermənistanın bu cür çirkin hərəkətlərinə heç bir reaksiya vermirlər: "Təəssüf ki, beynəlxalq qurumların bu cür yanaşması, laqeyd münasibəti və hətta bir sıra hallarda Ermənistana havadarlıq etməsi, Ermənistanın mövqeyini dəstəkləyən bəyanatlar verməsi erməniləri növbəti cinayətlər törətməyə həvəsləndirir. Ona görə beynəlxalq qurumların da üzərinə çox ciddi məsuliyyət düşür. Onlar haqqın yanında olmalıdırlar, ermənilərin saxta, yalan məlumatlarına uymamalıdırlar və Ermənistanın təcavüzkar əməllərini qəti şəkildə pisləməlidirlər və Ermənistana sanksiyalar tətbiq etməlidirlər”.