Rusiya Ukraynanın şəhərlərini bombaladı

Rusiya qanadlı raketlərlə Ukraynanın Kiyev, Xarkov, Odessa və Lvov da daxil olmaqla, bir sıra şəhərlərini bombalamağa başlayıb. Paytaxt Kiyevin raket atəşinə tutulması nəticəsində yaralananların sayı 30-u ötüb. Ukrayna Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, paytaxtdakı partlayış nəticəsində 8 nəfər həlak olub. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı deyib ki, Rusiyanın atdığı 83 raketdən 43-ü havada vurulub. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oliksiy Arestoviç isə teleqramda yazıb ki, durum müharibənin başladığı gün-fevralın 24-də olduğu kimi qorxulu deyil. Qeyd olunub ki, Rusiya Ukrayna ərazisinə genişmiqyaslı raket və aviasiya zərbələri endirir. Ukrayna ordusu vətəndaşları qorumaq üçün bütün mümkün addımları atır.
Putin Ukraynanı sərt cavab tədbirləri ilə hədələyib
  Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə bildirib ki, Kiyev rejiminin cinayətlərini cavabsız qoymaq mümkün deyil. Putin vurğulayıb ki, Kiyev özünü ən təhlükəli terrorçu qruplarla bir cərgəyə qoyub. Kreml rəhbəri Ukraynanın şəhərlərinə endirilən raket zərbələri barədə də danışıb: "Səhər yüksək dəqiqlikli silahlarla Ukraynanın enerji, hərbi və rabitə infrastrukturlarına kütləvi zərbələr endirilib. Ukrayna terror aktlarını Rusiya ərazisində davam edəcəyi halda bizim cavabımız sərt və öz miqyasına görə həmin təhdid səviyyəsinə müvafiq olacaq".
"Bunlar Ukraynadakı xüsusi hərbi əməliyyat çərçivəsində baş verir"
  Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna şəhərlərinə endirilən raket zərbələrini şərh edib. Bildirib ki, bütün bunlar Ukraynadakı xüsusi hərbi əməliyyat çərçivəsində baş verir. Peskov Ukraynadakı xüsusi hərbi əməliyyatın əks-terror əməliyyatına dəyişdirilməsi barədə heç bir qərarın qəbul olunmadığını da bildirib: "Rusiya nüvə ritorikasında iştirak etmək istəmir". O qeyd edib ki, Rusiya Qərbdə qızışdırılan nüvə ritorikasına iştirak etmək istəmir: "Bütün təhdidlər nəzərə alınaraq, Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir". Qeyd edək ki, Con Bolton Rusiya Ukraynaya nüvə zərbəsi endirəcəyi təqdirdə Prezident Putinin qanuni hədəfə çevriləcəyini qeyd edib.
**************************
"Ukraynanın yanındayıq, əlavə hərbi dəstək yoldadır"
  Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanın Ukrayna şəhərlərinə son hücumlarını pisləyib. O deyib ki, Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərində dinc sakinlərə hücumlarından dərindən sarsılıb: "21-ci əsrdə belə hərəkətlərin yeri yoxdur. Mən bu hücumları ən sərt şəkildə qınayıram. Biz Ukraynanın yanındayıq. Aİ-dən əlavə hərbi dəstək yoldadır".
"Ukraynada təhlükəsizlik vəziyyəti çox dəyişkəndir"
  ABŞ səfirliyi vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb. Bu barədə Amerikanın Kiyevdəki səfirliyinin “Twitter“ səhifəsində məlumat yerləşdirilib. Səfirlik ABŞ vətəndaşlarını sığınacaq yerlərində qalmağa və təhlükəsiz olduqda mövcud olan yerüstü nəqliyyat vasitələrindən istifadə edərək Ukraynanı tərk etməyə çağırıb: "Ukraynada təhlükəsizlik vəziyyəti çox dəyişkəndir və vəziyyət xəbərdarlıq edilmədən pisləşə bilər. ABŞ vətəndaşları ayıq olmalı və təhlükəsizlik məlumatlarını vaxtında əldə etmək üçün müvafiq addımlar atmalıdırlar".
"Çox təhlükəli bir dönəmə qədəm qoyuruq"
  ReAL partiyasının sədr müavini Natiq Cəfərli bildirib ki, Rusiya-Ukrayna müharibəsi daha vəhşi, insan ölümlərinin ciddi artacağı bir fazaya keçir. Ekspert deyib ki, Rusiya siyasi elitası Putin üzərinə inşa edildiyindən, “təkadam” prinsipi ilə formalaşdığından, heç bir sağlam institutun olmadığından Putinin məğlubiyyəti bütün elitanın silinməsi anlamına gəlir: "Buna görə də faktiki olaraq bütün elita Putinin arxasındadır. 23 il hakimiyyətdə olmaq o deməkdir ki, siyasi-iqtisadi elita tam nəzarətdədir. Daxildə heç bir güclü fiqur birbaşa Putinə qarşı addımlar atmır, amma maraqlı başqa proses gedir. Elita bütün uğursuzluqların “günah keçisini” axtarmağa başladıqca bir-birilərini batırmağa çalışırlar. Bu, yeni situasiyadır, amma müharibənin, Rusiyanın işğalçı addımlarının sona çatması üçün yetərli deyil. Çox təhlükəli bir dönəmə qədəm qoyuruq, onmilyonların həyatına başa gələ biləcək avantürist addımlar ərəfəsindəyik. Açığı, çıxış yolu da, hələ ki, görünmür. Amma qardaş Türkiyənin yeni təşəbbüsü, bəlkə də dünya üçün son şans ola bilər. Rəsmi Ankara Rusiya, ABŞ, Britaniya, Fransa və Almaniya arasında yüksək səviyyəli “zirvə görüşü” təklif edib. Əgər bu baş tutsa, onmilyonların həyatı xilas olacaq. Rusiya işğal etdiyi bütün əraziləri “qanuni” olaraq öz ərazisi elan etməklə güzəşt qapısını bağladı. Qərb isə Rusiyanı dayandırmaq üçün yeganə yolun hərbi qələbə olduğunu düşünərək bu yolu qapatdı".