Azərbaycanda televiziyaların QHT ekspertlərinə qonorar verməsi təklif olunur

Azərbaycanda televiziya verilişlərində iştirak edən QHT ekspertlərinə qonorar verilməsi təklif olunur.
“Report” xəbər verir ki, bu təkliflə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Milli Məclisdə “Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.
O deyib ki, televiziyalarda ekspertlər üçün qonorar fondu yaradılmalıdır.
“Həmin fondun maliyyəsi hesabına verilişə dəvət olunan QHT ekspertərinə əməyinə görə qonarar verilməlidir. Çünki biz saatlarla çıxış edib fikirlərimizi bildiririk”, - İ.Hüseynli söyləyib.
O, eyni zamanda QHT-lərin ofislə bağlı ciddi problemlərinin olduğunu bildirib: “Bəllidir ki, bu yaxınlarda siyasi partiyalara ofislər verildi. Lakin 2014-cü ildən sonrakı müddətdə QHT-lərin ofisləri maddiyyat ucbatından bağlandı. Təklif edirəm ki, az ödənişlə ofislə təminatımıza imkan yaradılsın. Bundan başqa, QHT-lər üçün dövlət tərəfindən ayrılan 9000 manatlıq qrantdan Dövlət Sosial Müdafiə Fonduna ödənən 25 %-lik ödəniş ləğv olunmalıdır”.