İran rəsmiləri İrəvanı su yoluna döndərib

Tehranın bölgədə dostu və tərəfdaşı Ermənistandır
  İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Azərbaycana gözlənilən səfəri təxirə salınıb. Səfərin təxirə salınmasının səbəbi göstərilməyib. Qalibafın ziyarətinin daha uyğun bir zamanda baş tutacağı qeyd olunub. Lakin daha sonra məlum olub ki, Azərbaycana səfəri təxirə düşən İran parlamentinin sədri İrəvana gedəcək. Bu barədə Ermənistan parlamentinin mətbuat katibi bildirib. O qeyd edib ki, Məhəmməd Baqir Qalibaf Ermənistana dəvət olunub. O, konkret vaxtı açıqlamayıb. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan və İran XİN rəhbərlərinin telefon danışığı olub. İran XİN rəhbəri Qalibafın tezliklə Azərbaycana səfər edəcəyinin anonsunu verib.
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, rəsmi Bakının hazırkı durumda İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Azərbaycanda qəbulundan imtina etməsi doğru qərardır: "Bundan əvvəl Prezident İlham Əliyevin Tehrana səfərdən imtinası da anlaşılandır. Rəsmilərin bu səfərlərdə münasibətlərin indiki gərgin dövründə “dost və tərəfdaşlıqdan” danışması inandırıcı görünməyəcək. Adətən ölkələr arasında münasibətlərdə problemlər yarananda müzakirələr aşağı səviyyədə davam edir. Əgər aşağı səviyyədə aparılan danışıqlarda ortaq məxrəcə gəlinərsə, qarşılıqlı səfərlərə və rəsmilərin görüşlərinə də ehtiyac yaranar. İndiki şərtlər altında isə bu mümkün deyil. İran parlamentinin sədrinin Azərbaycan əvəzinə Ermənistana səfər etməsi təbiidir. Çünki Tehranın bölgədə dostu və tərəfdaşı Ermənistandır".