ABŞ tərəfləri daha çox sülhə yaxınlaşdırır


Fransa və Rusiyanın pozucu addımlarını görəcəyik
Ancaq yaxın aylarda Vaşinqtonun və Brüsselin vasitəçiliyi ilə irəliləyişin əldə edilməsi gözlənilir
  Brüssel şəhərində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların üçüncü görüşü keçirilib. Tərəflər müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsinə davam edib, təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Həmçinin, komissiyaların birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılığa gəlinib. Tərəflər komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etməyi də planlaşdırıblar. Eyni zamanda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, yaxın günlərdə Vaşinqtonda Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, Azərbaycan tərəfinin bu kimi görüşlərin keçirilməsi ilə əlaqədar açıqlamanın verilməsinə dair yanaşması ondan ibarətdir ki, bu barədə ilk elan bir qayda olaraq görüşə ev sahibliyi edən ölkə tərəfindən verilməlidir.
  Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə bildirib ki, Vaşinqtonun, xüsusən Brüsselin Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması üçün vasitəçilik etməsi, işçi qrupların görüşü, XİN rəhbərlərinin gözlənilən görüşü real nəticələr verə bilər. Analitikə görə, ABŞ və Brüsselin də məqsədi sülh prosesinin irəliyə doğru getməsi, müəyyən nəticələrin əldə olunmasıdır: "Əslində Qərbin digər məqsədi Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaqdır. İndiki halda Moskvanın da Qərbə dirəniş göstərəcək gücü və imkanları məhduddur. Kreml cəhd edirdi ki, Soçi görüşündə Ermənistan rəhbərliyinin absurd təkliflərini də yekun bəyanatın bəndlərinə salsın. Amma Azərbaycan Prezidentinin prinsipial mövqeyi buna imkan vermədi. Nəinki İrəvanın, heç Rusiyadakı müəyyən dairələrin təklifləri də nəzərə alınmadı. İlin sonuna kimi müsbət nəticə olmasa da, yaxın aylarda Vaşinqtonun və Brüsselin vasitəçiliyi ilə irəliləyişin əldə edilməsi gözlənilir. Proses boyu Ermənistanın sərhəd təxribatları da baş verə bilər. Həmçinin, Fransanın və Rusiyanın da pozucu addımlarını görəcəyik. Bunlar prosesi bir qədər uzada, sülhü ləngidə bilər, amma ən sonda nəticə rəsmi Bakının istədiyi kimi olacaq".