Araz boyu gələcək təhlükələrə hazırıq..!


Xüsusi təyinatlıların sərhəddə təlimi İrana layiqli cavab oldu
  Bir neçə gündür Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb. Təlimlər hər nə qədər müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən aparılsa da, aydın məsələdir ki, rəsmi Bakı İrana açıq gözdağı verir. Məsələ ondadır ki, İran son zamanlar Azərbaycanı açıq şəkildə hədələyir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə, Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlər keçirməsi də bunu bir daha təsdiqlədi. Araz çayı üzərində körpünün inşa edilməsini məşq etmək isə açıqca hədə-qorxu gəlməkdir.
  Siyasi şərhçi Turan Rzayev "Şərq"ə bildirib ki, rəsmi Bakının İranın təlim şantajına cavab verəcəyi bəlli idi. Lakin veriləcək cavab da ən azından İranın verdiyi mesaj qədər təsirli və adekvat olmalı idi: "Cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimə başlaması İrana layiqli cavab oldu. Təlimlərin diqqətçəkən başlıca məqamları isə şübhəsiz bunlardır. Birincisi, təlimlərə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələri cəlb edilib. Həmin XTQ ki, cəmi iki il öncə 27 illik işğalın sonlandırılmasında ən çətin, icrası mümkün hesab edilməyən missiyaların öhdəsindən gəldi. Təkcə Şuşa əməliyyatları XTQ-nin gücünü dünyaya göstərdi. Rəsmi Bakı indi XTQ-ni hərbi təlimlərə cəlb edərək İrana qalib ordunun bütün istiqamətlərdən, həmçinin Araz çayı boyunca gələcək hücumlara qarşı hazır olduğu mesajını verir. İkincisi, təlimlər Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə baş tutur. Hikmət Mirzəyevin adı təkcə ermənilər üçün deyil, həmçinin İran üçün ciddi narahatlıq yaradır. XTQ onun komandanlığında kifayət qədər çətin tapşırıqlar yerinə yetirib. Hikmət Mirzəyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin ən təcrübəli və istedadlı zabitlərindəndir".
  Ekspertə görə, təlimlərin ən diqqətçəkən məqamı təlimləri Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersayın da izləməsi idi: "Bəxtiyar Ersayın təlimləri izləməsi faktiki olaraq Türkiyənin İrana verdiyi açıq və net mesajıdır. Yəni “Türkiyə Azərbaycanın yanındadır və İran həddini aşmamalıdır. Nəticə etibarilə rəsmi Bakı bir daha təlimlər ilə göstərmiş oldu ki, heç kəs bizimlə hədə, diktə ritorikası ilə danışa bilməz. Azərbaycan 90-cı illərdəki zəif ölkə deyil. Azərbaycan Silahlı Qüvvələri istənilən ölkədən gələcək təhdidlərə, hücumlara hər zaman hazırdır".