Vardanyan Kremlin planlarını icra edir

Xankəndi sakinlərini faktiki olaraq girov saxlayırlar
"Rusiyanın planı təkcə separatçı rejimi nəzarətə almaq deyil, həm də Ermənistanda gələcəkdə hakimiyyət dəyişikliyini də planlayır"

  Dekabrın 25-də separatçı rejim Xankəndi şəhərində yenidən mitinq təşkil ediblər. Xankəndidə özünə yuva salmış və özünü "nazir" elan etmiş milyarder Vardanyan "Artsax"ın Azərbaycana tabe olmayacağını deyib: "Biz onlara qarşı durmalıyıq, gücümüzlə müqavimət göstərməliyik”.
 Üstəlik, qatil Robert Koçaryanın vaxtilə dediyi "azərbaycanlılar və ermənilər bir yerdə yaşaya bilməzlər" bədnam və faşist tezisi yenidən təkrarlanıb. Şuşa-Xankəndi yolunda dinc aksiya keçirən QHT fəallarına qarşı da təhdidlər səsləndirilib. 

Vurğulanıb ki, "Qarabağla Ermənistan arasında quru yolun fasiləsiz işləməsi heç bir danışıqlar və sövdələşmə mövzusu ola bilməz". Göründüyü kimi, Ermənistan hakimiyyəti, o cümlədən Xankəndidəki separatçı dəstənin başçıları öz ənənəvi xislətlərindən əl çəkmirlər. Vardanyan-Arutyunyan cütlüyünün rəhbərlik etdiyi quldur dəstəsi Xankəndi sakinlərini faktiki girov saxlayır və öz məkrli niyyətlərini həyata keçirməyə çalışırlar. Əslində bunu ənənəvi erməni xisləti də adlandırmaq olar. Bir tərəfdən Paşinyan rejimi Azərbaycanla sülh sazişi imzalanmasını müxtəlif bəhanələrlə uzadır və ərazilərimizdə hələ də silahlı dəstələrini saxlamaqda davam edir. Digər tərəfdən, Laçın-Xankəndi yolu açıq olsa da, quldur dəstəsi saxta böhran görüntüsü yaratmaq üçün sadə insanların o yoldan istifadə etməsinə imkan vermir. Buna səbəb dekabrın 12-dən etibarən azərbaycanlı ekofəalların, ictimaiyyət nümayəndələrinin sülhməramlıların postu yaxınlığında keçirdikləri etiraz aksiyasıdır. Aksiyada etiraz edənlərin əsas tələbləri ermənilərin Azərbaycan torpaqlarında ekoloji terroruna son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır. Aksiya iştirakçıları humanitar məqsədli yüklərin, avtomobillərin ərazidən keçməsinə hər cür şərait yaradırlar ki, bu da ermənilərin və onların xarici havadarlarının iddialarını tamamilə puç edir. Buna rəğmən separatçıların mitinq şousu və şüarlar kənar güclərin bölgəyə uzanan əlini nişan verir. Ermənistan hökuməti də vəziyyəti gərginləşdirmək niyyəti güdür. Yayılan xəbərə görə, İrəvandan olan bir qrup fəal bu gün Azərbaycana qarşı təxribatçı aksiyaya start verib. Onlar İrəvandakı Respublika meydanından avtomobillərlə Laçın dəhlizinə doğru yola çıxdıqlarını bəyan ediblər. Məqsədlərinin azərbaycanlı ekofəalların aksiya keçirdiyi yerədək getmək olduğunu bildiriblər. Lakin avtoyürüş iştirakçıları Rusiya sülhməramlıları tərəfindən Laçın dəhlizinə buraxılıb-buraxılmayacaqlarını bilmirlər. Qeyd edək ki, ötən həftə Xankəndidən olan təxribatçı dəstə də azərbaycanlı ekofəalların aksiya keçirdiyi əraziyə gəlməyə cəhd göstərmişdi. 

  Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli "Şərq"ə açıqlamasında deyib ki, separatçılar 30 il ərzində o qədər arxayınlaşmışdılar ki, Qarabağda əbədi ağalıq edəcəklərini zənn edirdilər. Lakin 44 günlük Vətən müharibəsindəki qələbəmiz və sonrakı dövrlərdə həyata keçirilən hərbi əməliyyatlar qondarma rejimin bütün xülyalarını puç etdi. İndi çıxılmaz vəziyyətdə qalmış separatçılar yeni oyunlar hazırlayırlar:

 "Xankəndi və ətraf bölgələrdə törətdikləri qanunsuz əməlləri, ağlasığmaz cinayətləri ört-basdır etmək, pərdələmək üçün azərbaycanlılarla birlikdə yaşamağın qeyri-mümkünlüyü haqda dünya ictimaiyyətində fikir formalaşdırmağa çalışırlar. Lakin baş verənlərin arxasındakı kənar əl aydın şəkildə görünür. Rusiyanın Qarabağda cızdığı konturlar göz önündədir. Moskva Abxaziya, Osetiya və bənzər yerlərdə qurduğu oyunları Xankəndi ərazisində də tətbiq etməyi planlayır. Xankəndi mitinqləri Kremlin təlimatı əsasında təşkil olunub, əhalini zorla ora cəmləyiblər. İcraçılar isə erməni separatçılarıdır. Rusiyanın Qarabağda daha uzağa hesablanmış siyasətinin əsas göstəricisi milyarder Ruben Vardanyandır. Bu da Kremlin planlarının icraçısıdır. Baxmayaraq ki, Moskva rəsmən elan edir ki, Vardanyanın Rusiya ilə əlaqəsi yoxdur, vətəndaşlığı alınıb və s. Əslində hər şey gün kimi aydındır. Vardanyanı Qarabağa göndərən, onu təmin edən, təlimatlandıran birbaşa Kremldir". 

  Q.Əlibəyli vurğulayıb ki, Rusiyanın planı təkcə separatçı rejimi nəzarətə almaq deyil, həm də Ermənistanda gələcəkdə hakimiyyət dəyişikliyini də planlayır: 
"Bunun da konturları cızılmaqdadır. Bir müddət sonra erməni vətəndaşlığı alan Vardanyan Ermənistanda hakimiyyət uğrunda mübarizəyə qoşula bilər. Rəsmi Bakının cavabları, adekvat reaksiyası mühümdür. Mülki aksiya davam etdirilməlidir. Təbii ki, antiterror əməliyyatı daim masada olmalı, gündəmdə qalmalıdır. Buna ciddi əsaslar var. Əgər separatçılar azərbaycanlılara "hücumdan, müqavimət göstərməkdən" danışırsa, müharibənin davam etdirilməsinin zəruriliyinə diqqət çəkirsə, Azərbaycan Ordusu öz təsir gücünü fasiləsiz hiss etdirməlidir".