Akif Nağı: "Bayrağımız Xankəndidə mütləq dalğalanacaq"


 "Digər problemlər ondan sonra çözüləcək"

  Ermənistan XİN başçısı Ararat Mirzoyan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu "yalan danışmaqda" ittiham edərək növbəti həyasızlığını sərgiləyib. Azərbaycan XİN rəhbəri rusiyalı həmkarı Sergey Lavrovla görüşdə Ermənistanın 8 kəndi azad edəcəyini vəd etdiyini, ancaq bu razılaşmanı yerinə yetirmədiyini bildirib. Mirzoyan buna cavab olaraq qeyd edib ki, dərc olunan müqavilələrdə yazılanlardan və imzalananlardan başqa heç bir razılaşma yoxdur. O iddia edib ki, Azərbaycanın xarici işlər nazirinin bu sözləri "uydurmadır" və 10 noyabr bəyanatının maddələrinin ölkəsi tərəfindən pozulmasına haqq qazandırmaqdır: “Ermənistan dəfələrlə Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan və Azərbaycan SSR arasında inzibati sərhəddə yerləşdirilməsini təklif edib”. Qeyd edək ki, Qazaxın 7, Naxçıvanın 1 kəndi Azərbaycan SSR-nin sərhədlərinə daxildir. Bu halda Mirzoyanın Azərbaycan kəndlərini işğalda saxlamağa davam edəcəklərini elan etməsi anlaşılmaz, məntiqsiz və açıq-aşkar işğal deməkdir. Üstəlik, Azərbaycan təkidlə sərhədlərin delimitasiya və demarkasiya edilməsini tələb edir ki, “qoşunların dayanacağı yer” bəlli olsun. Ermənistan isə müxtəlif bəhanələrlə prosesi uzadır. Xatırladaq ki, 8 kənd məsələsi ötən gün Fransa Prezidenti E.Makronla Azərbaycan dövlət başçısı İlham Əliyevin telefon danışığı zamanı da gündəmə gətirilib. Prezident İlham Əliyev Makronun nəzərinə Azərbaycanın 8 kəndinin hələ də işğalda saxlandığını çatdırıb.
 

  Azad Vətən Partiyasının sədri Akif Nağı "Şərq"ə açıqlamasında bildirib ki, üçtərəfli bəyanatda Qazaxın 7, Naxçıvanın 1 kəndinin qaytarılması məsələsi açıq-aşkar əksini tapıb. Partiya rəhbərinin sözlərinə görə, bəhs edilən ərazilərimiz mütləq Ermənistandan alınmalıdır:

 "Kərki kəndi 1990-cı il yanvarın 18-də işğal olunan ilk ərazilərimizdəndir. Bunu erməni tərəfi özü də dəfələrlə etiraf edib. Sadəcə olaraq Paşinyan hökuməti manevr edir, məkrli oyun oynayır. Hər cür bəhanə ilə sülh müqaviləsini bağlamaqdan yayınırlar. Xankəndidə çıxardıqları oyunlar da buna xidmət edir. Separatçıları "tərəf" kimi ortaya atmaq üçün qondarma rejimlə əlaqələrinin olmadığını iddia edirlər. Məqsəd atdıqları imzadan qaçmaq, verdikləri sözə əməl etməməkdir. Ermənilər üçün verilən vədlərdən boyun qaçırmaq adi haldır, bunu vərdişə çeviriblər. Dünən dedikləri bu gün söylədikləri ilə tamamilə ziddiyyət təşkil edir. Üçtərəfli bəyanatın imzalanmasından iki il keçməsinə baxmayaraq hələ icra olunmaması ermənilərin öhdəliklərinə hansı formada əməl edib-etmədiyinin göstəricisidir. Ermənistan tərəfi Moskvada, Brüsseldə və digər platformalarda əldə olunmuş heç bir razılaşmanı yerinə yetirməyib. Bu da onu göstərir ki, İrəvan hökuməti ilə hansısa sülh sazişi imzalamaq qeyri-mümkündür. Azərbaycan başqa vasitələrlə öz hədəflərinə çatmalıdır. Bütün torpaqlarımızda suveren hüquqlarımız, nəzarətimiz bərpa olunmalıdır".
  A.Nağı bildirib ki, İrəvan özbaşına hərəkət etmir: "Ermənistanı təhrik edənlərin olduğu şübhəsizdir. Bəzi ölkələr, Rusiya, Fransa, müəyyən qədər ABŞ erməniləri təxribata səsləyir, Paşinyanın normal müzakirələrə start verməsinə əngəl törədirlər. Ancaq Azərbaycanın səbrinin azalması reallığını unudurlar. Rəsmi Bakının güclü müttəfiqləri var. Türkiyə, Pakistan və İsraillə yanaşı, Avropa ölkələri arasında da ölkəmizin dəstəkçiləri mövcuddur. Ona görə də ləngimədən hədəflərimizə çatmaq uğrunda mübarizə aparmalıyıq. Hədəfimiz isə Xankəndidir. Orada mütləq üçrəngli bayrağımız dalğalanmalıdır. Digər problemlər ondan sonra çözüləcək".