SUSMAĞIN BƏDƏLİ: Artıq Fransa bəslədikləri terrorçuların qurbanına çevrilir

  Fransanın paytaxtı Parisdə Ahmet Kaya Mədəniyyət Mərkəzinin yaxınlığında Fransa vətəndaşı olan 69 yaşlı kişi silahla atəş açaraq 3 nəfəri öldürüb. Hadisə yerinə gələn PKK terrorçuları öldürülən şəxslərin kürdlər olduğuna diqqət çəkərək fransız polislərinə hücum çəkiblər. Həmçinin ətrafdakı mağazalara ziyan vurublar. Nəticədə etirazlar böyüyüb və polislə qarşıdurma yaşanıb. 

Terrorçuların qoşulduğu nümayişçilər küçələrdə barrikadalar qurublar. Hadisələr zamanı terror təşkilatı PKK-ya dəstək şüarları səsləndirən təcavüzkarlar terror təşkilatını simvolizə edən bayraqlar daşıyıb. Parisdəki hücumdan sonra terror təşkilatına mənsub 150-yə yaxın PKK tərəfdaşı Fransanın cənubundakı Marsel şəhərindəki valiliyin qarşısında toplaşıb. Fransanın Baş naziri Elizabet Born hadisə ilə bağlı istintaqın aparıldığını qeyd edib. Daxili işlər naziri Gerald Darmanin təcavüzkarın ifrat sağçı olduğuna dair dəqiq məlumatın olmadığını bildirib. Darmanin deyib ki, hücumu törədən şəxs qəsdən əcnəbiləri hədəf alsa da, kürdlərin xüsusi olaraq hədəf alındığını söyləmək olmaz. Fransa Prezidenti Emmanuel Makron rəsmi ''Twitter'' səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib: "Fransadakı kürdlər Parisin ortasında xain hücumun hədəfi oldu''. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın tvitterdə "Bu, Fransadakı PKK-dır. Suriyada dəstəklədiyiniz terror təşkilatı eynidir" mesajını paylaşıb. Tvitter hesabında etirazlar zamanı qeydə alınan görüntünü paylaşan Kalın PKK-nın son 40 ildə minlərlə insanı qətlə yetirdiyini bildirib. Prezidentin sözçüsü Paris administrasiyasına müraciət edərək, "İndi Parisin küçələrini yandırırlar. Siz hələ də susacaqsınız?" kimi ifadələrdən istifadə edib.
  Türkiyənin milli müdafiə naziri Hulusi Akar PKK terror təşkilatının tərəfdarlarının Fransa paytaxtında təşkil etdiyi iğtişaşları şərh edib. Deyib ki, Parisdə baş verən son hadisələr göstərdi ki, fransızların bəslədiyi ilan onları sancmağa başlayıb: "İndi hər kəs bu terror təşkilatının əsl üzünü görməlidir". Nazir Suriyanın şimalından Türkiyənin milli təhlükəsizliyi üçün təhlükənin qarşısını almaq üzrə atılan addımlardan da danışıb. Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri uğurlu əməliyyatları ilə ölkənin cənub sərhədləri yaxınlığında “terror dəhlizi” yaratmaq cəhdinin qarşısını alıb: "Biz bu cəhdlərə qarşı mübarizəmizi davam etdirəcəyik və nə lazımdırsa edəcəyik. Heç kim bizdən terror ünsürlərinin sərhədimizin yaxınlığında yuva salması faktını qəbul etməyimizi gözləməməlidir. Türkiyə Silahlı Qüvvələri ölkəmizin və xalqımızın təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün tədbirləri lazımi yerdə və lazımi zamanda görüb və görməyə davam edəcək". Akar vurğulayıb ki, Türkiyə Suriya və İraq da daxil olmaqla bütün qonşularının ərazi bütövlüyü və suverenlik hüquqlarına hörmət edir və Türkiyə ordusunun bölgədəki yeganə hədəfi terrorçulardır.

  AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli Sherg.az-a bildirib ki, Qərb, ələlxüsus Fransa bu kimi hadisələrdən dərs çıxartmır: 

"Şübhə yox ki, rəsmi Paris budəfəki qarşıdurmadan, terrorçuların yaratdığı təhlükədən düzgün nəticə çıxartmayacaq. Fransada anti-türk mövqeyi çox güclüdür. Türkiyə düşməni PKK-çıların fransız polisinə hücum etməsi, şəhərdə iğtişaş törətməsi, quldurluq etməsi Fransanın yanaşmasını dəyişməyəcək. PKK-çılar yenə də Avropada, xüsusən Fransa kimi ölkələrdə özləri üçün məskən salacaq, rahat şəkildə fəaliyyət göstərəcəklər. Vaxtilə Türkiyə lideri R.T.Ərdoğan da demişdi ki, Fransa hökuməti bəslədikləri terrorçuların ciddi problemləri ilə üzləşəcəklər. Elə də oldu. Bunun davamı da gələ bilər. Amma düşünmürəm ki, hələlik bu cür olaylar Avropada anti-PKK baxışı formalaşdırsın. Türkofobiya o qədər güclüdür ki, həqiqəti görməyə imkan vermir. Gözləri kor, qulaqları kardır".