İranın Avropaya nəfəsliyini kəsməliyik - Politoloq

Qarabağda Azərbaycan əleyhinə iş aparan terrorçu qruplara İranın dəstəyi açıq-aşkardır

  Xankəndidə separatçıların mitinqində farsca plakat da qaldırılıb. İddialara görə, plakat açanlar Qarabağa bir müddət əvvəl İran tərəfindən göndərilən SEPAH-ın hərbi təlimatçılarıdır. İranın bütün istiqamətlərdə Azərbaycana qarşı müharibə apardığını düşünən ekspertlərin fikrincə, separatçı erməniləri təhrik edən, onları təlimatlandıranlar arasında Rusiya ilə yanaşı, İran da yer almaqdadır. 

  Politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Azərbaycana qarşı İranın hibrid müharibəsi davam edir. Analitikə görə, rəsmi Bakı Güney Azərbaycan məsələsini daim gündəmdə saxlamalı, güneyli fəallara ciddi dəstək verilməlidir: 

"Cənubi Azərbaycandan olan fəalların xaricdə diasporamız ətrafında sıx birləşməsi üçün işlər həyata keçirilməlidir. İranın teokratik hökuməti Azərbaycanın təhlükəsizliyi üçün ciddi təhdiddir. Azərbaycan SEPAH-ı terror təşkilatı kimi rəsmən tanımalıdır. Qarabağda Azərbaycan əleyhinə iş aparan terrorçu qruplara İranın dəstəyi açıq-aşkardır. Türkiyənin də yardımı ilə İranın Avropaya nəfəsliyini kəsməliyik. Gürcüstanı da bu prosesə qoşaraq İranı iqtisadi blokadaya almaq lazımdır. Zəngəzur dəhlizini açaraq İranı süni sərhədlərlə qonşu edilən  Ermənistanla da münasibətlərdən məhrum etməliyik. İsrail və ABŞ növbəti aylarda İrana qarşı hərbi əməliyyatlara başlayarsa, Yaxın Şərqdə və bizim regionumuzda sülhün və təhlükəsizliyin təməli qoyulacaq".