“Ölkəmizə qarşı bu təzyiq məsələlərini paralel şəkildə davam etdirməyə çalışırlar”
“ATƏT Avropa güclərinin əlində oyuncaq bir qurumdur"
“ATƏT sədrinin Azərbaycana səfəri zamanı ölkənin demokratik inkişafı, təhlükəsizliyin artırılması ilə bağlı müzakirələr aparıla bilər".
Bunu "Sherg.az"a beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. O bildirib ki, ATƏT-in ölkəmizdəki fəaliyyətinə nəzarət edilməsi məqsədi ilə rəsmi görüşlər keçiriləcək:
"Bu, ikitərəfli dialoq, əməkdaşlıq və qarşılıqlı anlayışın inkişafına kömək edə bilər. Lakin görüşün icazəli əsasda və yaza təyin edilməsi göstərir ki, ATƏT-in Güney Qafqaz regionu ilə bağlı mövqeyi olduqca zəif, hətta təsirsizdir. Qərbin müəyyən dairələri isə ATƏT-in bütövlükdə rolunun qabardılmasında maraqlıdır. Xüsusilə də, mövcud prosesdə Fransanın adını çəkə bilərik.
Həm Qarabağ, həm də Ukrayna müharibəsindən sonra ATƏT-in missiyası və təsiri tamamən azaldı. Demək olar ki, Azərbaycan da sözügedən təşkilatın vasitəçiliyindən imtina etdi. İndi də ATƏT, o cümlədən Fransa bölgəyə Avropa İttifaqı xətti ilə jandarmeriya "paltarında" daxil olmaq istəyir. Ölkəmizə qarşı bu təzyiq məsələlərini paralel şəkildə davam etdirməyə çalışırlar. ATƏT Avropa güclərinin əlində oyuncaq bir qurumdur".
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani yazda Cənubi Qafqaz regionuna səfər edəcək. Bu barədə APA-ya Şimali Makedoniyanın ATƏT-dəki Nümayəndəliyindən bildirilib.