Ərdoğan siyasəti davam edəcək

Türkiyə böyük iqtisadi gücə sahib ölkələr sırasındadır

Ekspertin sözlərinə görə, son 10 ildə Türkiyə həm hərbi sənayedə, həm də avtomobil sənayesində böyük uğurlar əldə edib


  Beynəlxalq valyuta fondunun təsnifatına görə, Türkiyə inkişaf etməkdə olan ölkədir. İnkişaf etmiş ölkələrin siyahısına baxsaq, görərik ki, Avropa Birliyinə daxil olan ölkələrin bir qismi məhz burada yox, Türkiyənin olduğu siyahıda yer alıb. Türkiyənin yaxın bir neçə ildə inkişaf etmiş ölkələrin siyahısında olacağı labüddür. Çünki qardaş ölkə artıq qlobal siyasətə təsir edən, münaqişələrin həllində mövqe ortaya qoyan dövlətə çevrilib. Bu gün Türkiyə öz regionunda eyni zamanda dünyada söz sahibi olan ölkələrdəndir. 

Qeyd edək ki, qardaş ölkənin Prezidenti Ərdoğanın Ədalət və İnkişaf Partiyasının seçkilərdəki uğurları uzun müddət iqtisadiyyatdakı yaxşı göstəricilərlə izah olunub. Yəni Ərdoğanın rəhbərliyi ilə ötən illər ərzində Türkiyənin dünyadakı həm siyasi, həm iqtisadi, həm də hərbi gücü sürətlə artıb. Hətta Ərdoğan  özü də Türkiyə mediasına verdiyi açıqlamalarda ölkə iqtisadiyyatını gücləndirmək üçün ciddi işlər gördüklərini deyib. Türkiyə iqtisadiyyatının ötən il 5,6 faiz artdığını xatırladan Ərdoğan Türkiyənin "G20" ölkələri arasında ən sürətlə böyüyən ölkələrdən birinə çevrildiyini də deyib. Son 10 ildə  Türkiyə iqtisadiyyatının  fasiləsiz böyüdüyünü iddia edən Ərdoğan əlavə edib ki, ölkənin  avtomobil və avadanlıq sərmayələri fasiləsiz olaraq böyüməyə davam edir. 

  Qardaş ölkənin iqtisadiyyatını dəyərləndirən iqtisadçı-ekspert Eldəniz Əmirov da Türkiyənin böyük iqtisadi gücə sahib ölkələr sırasında yer aldığını təsdiqləyib. O,  xüsusən də son dönəmlər Türkiyə iqtisadiyyatında ciddi artım müşahidə edildiyini deyib: 

"Düzdür, zaman-zaman hökumətin yeritdiyi xarici siyasət daxili iqtisadiyyatın artım tempinə mənfi təsir edib. Bu isə müvəqqəti xarakter daşıyıb.  Hesab edirəm ki, ortamüddətli dövr üçün uğurlu xarici siyasət daxili iqtisadi inkişafa təkan verəcək. Hazırda Türkiyənin ticarət dövriyyəsində ciddi artımlar var. Təkcə ötən il ixrac dövriyyəsi13 faizə qədər artaraq 254 milyard dollara çatmışdı. ÜDM isə 6,2 faiz artıb. Bu da kifayət qədər böyük göstəricidir. Beynəlxalq qurumların proqnozlarına görə, Türkiyənin Ümum Daxili Məhsulu (ÜDM)  bir trilyon dolları keçəcək. 

Bu isə Türkiyənin trilyonluq ÜDM-yə sahib olan ölkələr siyahısına düşməsi deməkdir. Türkiyənin dönməz  xarici siyasəti rəqiblərini qıcıqlandırır və onlar da komanda şəklində Türkiyə iqtisadiyyatı üçün müəyyən əngəllər yaratmağa çalışırlar. Lakin bu əngəllər nə Türkiyənin iqtisadiyyatını çökdürə, nə də ticarətini zəiflədə bilir. Türkiyə hökuməti elə strategiya qurub ki, istənilən iqtisadi böhranları asanlıqla keçə bilir. Hətta Aralıq Dənizində Yunanıstana heç bir güzəştə getməməsi, oradakı karbogen ehtiyatlarının Türkiyə tərəfindən istismar olunması gələcəkdə ölkənin qərbə  karbogen ixrac etməsinə zəmin yaradır. Hazırkı uğurlu xarici siyasət qarşıdakı dönəmdə Türkiyə üçün çox böyük imkanlar yaradır". 

  Ekspertin sözlərinə görə, son 10 ildə Türkiyə həm hərbi sənayedə, həm də avtomobil sənayesində  böyük uğurlar əldə edib.  Bu isə olduqca böyük nəticədir, Türkiyənin iqtisadi inkişafının göstəricisidir: 

"Bu gün Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları bütün dünyanın diqqət mərkəzindədir.  Hətta Azərbaycan-Ermənistan arasındakı ikinci Qarabağ   müharibəsindən sonra Türkiyə hərbi sənayesində çox güclü sıçrayışlar gözlənilir. Müharibə zamanı dronların nümayiş etdirdiyi fantastik epizodlar Türkiyənin hərbi sənayesinin ən gözəl reklamı oldu. Heç bir reklam şirkəti ortaya  bu cür möhtəşəm kadrlar çıxara bilməzdi. 

Müharibədən sonra  çox ciddi sifarişlər aldılar ki, bu da hərb sənayesi üçün son dərəcə böyük uğurdur. Qardaş ölkə dronlardan sonra  qırıcı təyyarələr  və avtomobil istehsalı ilə dünyanın gündəmində yer aldı.  Türkiyə yeni nəsil avtomobillərin istehsalı ilə bazarda mövqeyini formalaşdıracaq. 

Bu da Türkiyənin dayanıqlı iqtisadiyyatı üçün yaxşı imkanlar, ölkənin iqtisadiyyatının güclənməsi deməkdir. Bu isə o deməkdir ki, kənd təsərrüfatı kimi tanınan Türkiyə artıq sənaye ölkəsinə çevrilib".