Din hər şeydən öncə ilahiyyat və mənəviyyat hadisəsidir

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Onu adiləşdirib zərərli məqsədlər üçün istifadə edilməsinə yol vermək olmaz

  Azərbaycan tolerantlıq, dini dözümlülük baxımından da dünyaya ən yaxşı örnəkdir. Azərbaycan həm də tarixi boyunca dini və ya milli zəmində qarşıdurmaların yaşanmadığı ölkədir. Xalqımız belə bir təmiz, ləkəsiz tarixi keçmişə və bu günə sahib olduğu üçün fəxr edir. Ölkəmizdə müxtəlif millətlər, milli azlıqlar eyni coğrafi məkanda tarixən bütöv bir xalq kimi yaşayıb və heç vaxt diskriminasiyaya uğramayıb. Dini və milli dözümlülüyün ən bariz nümunəsi dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin sərbəst ibadət etmək imkanının və ibadət yerlərinin olmasıdır. Bu barədə “Heydər Əliyev İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  yaradılmasının 22 illiyinə həsr olunan “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda da danışılıb.  Tədbirdə Dövlət Komitəsi və digər müvafiq orqanların rəhbər şəxsləri,  dini qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. DQİDK-nin sədri Mübariz Qurbanlı konfransı açaraq ötən müddət ərzində din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi və dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər haqqında danışıb. M.Qurbanlı bildirib ki, hazırda Dövlət Komitəsində 179 nəfər ştatda işçi var: “Əməkdaşlardan 88 nəfəri mərkəzi aparatda, 91 nəfəri isə yerli şöbələrdə çalışır. Dövlət Komitəsində gender bərabərliyi məsələsinə də diqqət göstərilir. Belə ki, əməkdaşlarımızın 39 nəfərini qadınlar təşkil edir. Dövlət Komitəsində 6 alimlik dərəcəsi olan şəxs də çalışır”. M.Qurbanlı qeyd edib ki, Azərbaycanda 2500-ə qədər məscid var. Onlardan 1500-ə qədəri daimi fəaliyyət göstərir. Onun sözlərinə görə, din adından sui-istifadə halları yalnız islama aid deyil: “Başqa dinlərdən də sui-istifadə halları vardır. Dövlətimizin qarşısında duran vəzifə Azərbaycanı bölgənin ən güclü dövlətinə çevirməkdir”. Dövlət Komitəsinin sədri bildirib ki, rəhbərlik etdiyi qurum hər zaman milli-mənəvi dəyərlərin qorunmasına öz töhfəsini verəcək. Sonra DQİDK sədrinin müavini Gündüz İsmayılov komitənin 22 illik fəaliyyəti barədə təqdimatla çıxış edib: “İslam dininə aid ibadət yerlərinə din xadimlərinin təyinatı ilə bağlı birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib: “Müsahibədən keçənlərin 112-si isə təyinat ala bilib. İkinci vakansiya zamanı isə 254 müraciətdən 66-sı müsahibədən keçib və 55 nəfəri təyinat ala bilib. Üçüncü vakansiya ilə bağlı sənəd qəbulu isə başa çatıb”. Sədr müavini son bir il ərzindəki təyinatların statistikasını da açıqlayıb: "Son bir il ərzində din xadimləri üzrə 169 təyinat olub. 21 rotasiya olduğu halda, 181 din xadiminin fəaliyyətinə xitam verilib".  G.İsmayılov qeyd edib ki, 2009-cu illə müqayisədə 2023-cü ildə dini qurumların qeydiyyata alınması prosesi iki dəfə çoxalıb: "Belə ki, 2017-ci ildə bu göstərici 760, 2019-cu ildə 940 olub. 2023-cü ildə isə dövlət qeydiyyatına alınan dini qurumların sayı 1002-dir". Dövlət Komitəsinin sədr müavini bildirib ki, 2009-cu ildən bu günə qədər ləğv edilən dini qurumların sayı 7-dir: “Hazırda ölkədə 958 islam, 37 isə qeyri-islam təmayüllü dini qurum dövlət qeydiyyatına alınıb”. Maddi dəstək alan din xadimlərinin sayı da açıqlanıb. Statistikanı açıqlayan G.İsmayılovun sözlərinə görə, hazırda ümumilikdə 468 imam maddi dəstək alır. "Həmçinin 312 imam müavini, 302 dini ayin icraçısı, 20 qadın dini ayin icraçısına maddi dəstək göstərilir".  Son 3 il ərzində nəşrinə icazə verilən və verilməyən dini ədəbiyyatların statistikası da açıqlanıb. Məlumata görə,  2021-ci ildə nəşrinə icazə verilən dini ədəbiyyat sayı 244 olub, 16-sının isə nəşrinə icazə verilməyib. 2022-ci ildə nəşrinə icazə verilən dini ədəbiyyat sayı 226 olduğu halda, 8-nin nəşrinə izn verilməyib. Bu göstərici bu il üçün 181 və 7 nisbətindədir. Ardınca Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, DQİDK tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Mənəvi Dəyərlərin Təbliği Fondunun direktoru Mehman İsmayılov, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili mövzu ilə bağlı fikirlərini bölüşüblər. Konfransın sonunda DQİDK-nin yaradılmasının 22-ci ildönümü ilə bağlı Dövlət Komitəsində qulluq keçən və xidmətdə fərqləndiyinə görə Komitə sədrinin əmri ilə təltif olunan əməkdaşlara “Fəxri Fərman”lar təqdim edilib.
  Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Azərbaycanda etiqad azadlığı hər bir vətəndaşa tanınan konstitusion hüquqdur və onun toxunulmazlığı qanunla qorunur:
"Ölkəmizdə multikultural mühit təkcə sosial-mənəvi kontekstdə deyil, həm də dini tolerantlıq və dözümlülük mühitində mövcuddur. Ancaq bəzən bütün cəmiyyətlərdə dinin müxtəlif qüvvələr tərəfindən istismar olunması və hətta ondan siyasi məqsədlər üçün istifadə edilməsi hallarına da rast gəlinir. Belə hallar dindən ekstremizm vasitəsi kimi istifadə etməyə qədər gətirib çıxara bilir. Ona görə də dindən başqa məqsədlər üçün istifadə edilməsi yolverilməzdir. Din hər şeydən öncə ilahiyyat və mənəviyyat hadisəsidir. Onu adiləşdirib zərərli məqsədlər üçün istifadə edilməsinə yol vermək olmaz. Din müqəddəsdir. Məhz elə dini dəyərlərimizin qorunması məqsədilə də ondan şəxsi  istəkləri üçün istifadə edənlərin qarşısı qanunla alınmalıdır".
  Millət vəkili müqəddəs torpaqlarımız işğaldan azad edildikdən sonra cənab Prezident İlham Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  Şuşaya səfərləri zamanı öncə dini ibadət yerlərini ziyarət etmələri və təmirə ehtiyacı olan məscidlərin, o cümlədən “Qazançı” kilsəsinin də təmiri, abadlaşdırılması barədə göstəriş vermələrini dini tolerantlığın bariz nümunəsi adlandırdı: 
"Bu gün dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımız öz dini ritual və mərasimlərini azad şəkildə yerinə yetirə bilirlər. Biz Azərbaycanın multikultural ölkə olduğunu deyərkən bu zənginliyin içərisində fərqli dini və etnik mədəniyyətlərin mövcud olmasını və onların birgəyaşayış qaydası, yaxud həyat tərzi olduğunu ifadə etmiş oluruq. İstər işğaldan azad edilmiş Qarabağımızda, istərsə də ölkəmizin bütün digər regionlarında islam və qeyri-islam ibadət yerlərinin qorunmasına, təmirinə, abadlaşmasına dövlət başçısı səviyyəsində diqqət yetirilməsi ölkəmizdə dini və irqi fərq qoyulmadan bütün vətəndaşlara bərabər yanaşıldığının, dini və milli tolerantlığın da dövlət siyasətinin əsaslarını təşkil etdiyinin göstəricisidir".