Şəkər tozu qəhətə çəkilib!  - Qiymətlər sabitləşəcək?

Mürəbbə sezonu daxil olan kimi şəkər tozu qəhətə çıxır
İqtisadçı Pərviz Heydərov deyib ki, ilin ikinci yarısında qiymətlər sabitləşəcək

  Bu gedişlə xanımlarımız qışa tədarük görə bilməyəcək. “Ənənə” pozulmur, çünki; mürəbbə sezonu daxil olan kimi şəkər tozunun qiyməti də qalxır. Taki, sonuncu mürəbbəlik meyvələr – heyva, feyxoanın “ayağı” bazardan yığışanadək. Hazırda ərik, gilas, gilanar, şaftalı mövsümüdür və şəkər tozu da qəhətə çıxıb. Meyvə də ucuz deyil. Amma məlum məsələdir ki, evdar xanımlar bazarda meyvəni birinci əldən nisbətən sərfəli qiymətə ala bilir. Şəkər tozunun qiyməti də nisbətən əlçatan olsa, bir-iki banka mürəbbə tədarük etmək mümkün olar. Ancaq məsələ burasındadır ki, şəkər tozunun qiyməti meyvənin qiyməti ilə eyniləşir. Bu isə heç sərfəli deyil. Biz hər yay mövsümündə şəkər tozunun nazını çəkmək zorundayıqmı?        
  Satıcılar "Trend"in əməkdaşına bildiriblər ki, şəkərə tələbatın artması mövsüm ilə əlaqəlidir. Qış fəslinə hazırlıq görmək istəyənlər kompot, mürəbbə bişirmək üçün şəkəri kisə ilə alır. Bu da qiymətə təsir edir. Artıq 15 gündür ki, qiymətlər bir kiloqrama 10 qəpik artıb. Belə ki, bir neçə gün əvvəl kiloqramı 1,60 manata olan şəkər tozu hazırda 1,70 manata satılır. Ekspertlər şəkər tozunun qiymətinin qalxmasını mövsümlə əlaqələndirir. 
  İqtisadçı Pərviz Heydərov "Sherg.az"a dünyada əksinə, ərzaq məhsullarının qiymətində ucuzlaşma getdiyini bildirib. Bəs bizdə niyə ucuzlaşma yoxdur? İqtisadçı bunu daxili bazarın idxaldan asılılığı ilə izah etdi:  
"İl başlanandan bəri dünya bazarlarında bir sıra strateji məhsullar, o cümlədən ərzaq malları ucuzlaşıb. 2021-ci ilin əvvəlindən başlanan və bütövlükdə ötən il ərzində Rusiya-Ukrayna müharibəsinin təsiri nəticəsində daha da alovlanan qiymətlər bu ildən ucuzlaşmalı idi və ucuzlaşdı da. Buna enerjidaşıyıcıları üzrə qiymətlərin sabitləşməsi əsas yaratdı. Ümumiyyətlə, bahalaşmaya və inflyasiyaya dair şərhlərimdə yazmışdım ki, prosesin səngiməsi üçün enerjidaşıyıcıları ucuzlaşmalıdır. Başqa sözlə, qlobal enerji bazarlarında ajiotaj yaratmalıdır. Əks təqdirdə, prosesin ölkəmizə təsir və təzyiqləri davam edəcək, inflyasiya idxalı səngiməyəcək.  Çünki buna qarşı mübarizə aparmaq mümkün deyil. O səbəbdən ki, daxili bazarımız idxal məhsullarından asılı olduğundan yerli istehsal nə qədər çox stimullaşdırılsa belə, bundan yaxa qurtarmaq mümkünsüz sayılır. Diqqət yetirək, mayda əvvəlki aya nisbətən daha çox qarabaşaq yarması, çörək, təzə balıq, süd, yumurta, süfrə marqarini, kərə, günəbaxan və qarğıdalı yağları, çiyələk, banan, xiyar, pomidor, bibər, sarımsaq, soğan, kartof, araq ucuzlaşdığı halda, əksəriyyəti idxal olunan mallar olan düyü, mal, qoyun və toyuq əti, yoqurt, xama, zeytun yağı, limon, alma, balqabaq, kələm, yerkökü, şəkər və şəkər tozu, mineral sular bahalaşıb. Digər ərzaq məhsulları isə sabit qalıb. Yəni bu faktın özü də kənardan idxal olunan malların qiymət tendensiyasının daxili bazarımıza necə təsir etdiyini bir daha göstərir". 
  İqtisadçı qeyd etdi ki, aparılan bir sıra məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə ilin ikinci yarısında inflyasiya tempi azalmaqda davam edəcək və qiymətlərdə sabitləşmə prosesi möhkəmlənəcək.