Şirniyyata meyli necə azaltmaq olar?  - Gündə sadəcə...


Dietoloqlar ani bu həvəsi dəf etmək üçün bir neçə qidanı əl altında tutmağı tövsiyə edir

  Gün ərzində, yaxud dieta saxlayarkən bir çoxlarında şirniyyata meyl güclənir. Çox az adam bu istəyin qarşısını iradəsi hesabına ala bilir. Əksəriyyət “ürəyim şirniyyat istəyir”, deyib şəkərli qidalara üz tutur. Bu isə ümumilikdə orqanizm üçün ziyanlıdır. Qida mütəxəssisləri süni şəkərdən uzaq durmağı hər kəsə məsləhət görür.  Dietoloqlar ani şirniyyat həvəsini dəf etmək üçün bir neçə qidanı əl altında tutmağı tövsiyə edir. Şirniyyat ehtiyacını qarşılayacaq qidalar bunlardır: 
  Alma – gündə sadəcə, 1 alma yemək şirniyyata olan ehtiyacı tam ödəyə bilir. Qanda şəkəri normallaşdıra bilən ən güclü meyvə məhz almadır. 
  Balqabaq – bu tərəvəz liflərlə zəngin olduğundan orqanizmdə yavaş-yavaş həzm edilir, bu səbəbdən də qanda şəkəri ehmalca normaya salır, şəkərin qana keçməsinin qarşısını alır. 
  Fındıq-fıstıq əzməsi – proteinlə zəngin bu qidalar orqanizmin şəkərə olan ehtiyacını ödəyir. Şirniyyat yemək arzusu baş qaldırdıqda fındıq, fıstıq yeyilsə, qanda şəkərin miqdarı normallaşacaq. 
  Xurma da şirniyyatların hazırlanmasında şəkər əvəzinə istifadə edilir. Gün ərzində 5-6 ədəd xurma yemək şəkərə olan ehtiyacı ödəyir.
  Darçın – güclü ədviyyatdır. İnsulinin səviyyəsini qısa müddətdə normaya salır, onun sayəsində şəkər qəbul etmək ehtiyacı ödənmiş olur. Mütəxəssislər darçından çox istifadə etməyi məsləhət görür. İstər üyüdülmüş, istərsə də çubuq formasında - üyüdülməmiş darçın olsun, hər ikisi xeyirdir. Toz halında darçını qəhvəyə, çaya, südə əlavə etmək, üyüdülməmiş darçın, 1-2 ədəd mixək (qərənfil) və bir neçə dilim alma əlavə edilərək dəmlənmiş çay gün ərzində orqanizmin şəkər ehtiyacını ödəyəcək ən təbii vasitədir.