Xəstəxanaya getdi, həqiqət şok elədi


Adamın bud sümüyündən 9 kiloqram ağırlığında şiş çıxarılıb


  Türkiyənin Çorum bölgəsində ayaqlarında ağrı və şişkinlikdən əziyyət çəkən Haydar Yatar Hitit Universiteti Erol Olçok Tədris və Araşdırma Xəstəxanasına müraciət edib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, xəstənin müayinəsi zamanı ayaqlardakı ağrı və şişkinliyə xərçəng şişinin səbəb olduğu müəyyənləşib. Tibb fakültəsi Ortopediya və Travmatologiya kafedrasının başqanı, dosent doktor Murat Çalbıyık və rəhbərlik etdiyi tibbi personalın iştirakı ilə 4 saatlıq əməliyyat icra olunub. Əməliyyat zamanı H.Yatarın bud sümüyündən 8.9 kiloqram ağırlığında şiş çıxarılıb. Əməliyyatı gerçəkləşdirən cərrah M.Çalbıyık xəstənin bundan əvvəl ürək əməliyyatı keçirdiyini və vəziyyətinin ağır olduğunu deyib: 

“Ayaqlarında ağrı vardı və bunu keçirdiyi ürək əməliyyatına bağlayırdılar. Biz müayinə etdik və bud sümüyündə şiş aşkarladıq. Şiş damarların ətrafını sarmışdı. Ehtiyatla, diqqətlə şişi oradan əməliyyatla götürdük. İndi xəstənin vəziyyəti xeyli normallaşıb, ağrıları daha yoxdur. Səhhətini diqqətdə saxlayırıq”.  
Haydar Yatar da xəstəxanaya, həkimlərə təşəkkür edib: “4 aylıq ağrılardan sonra sağlamlığıma qovuşdum. Artıq nə ağrı, nə sızıltı var. Həkimimə, mənə qulluq göstərən hər kəsə təşəkkür edirəm. Allah dövlətimizə zaval verməsin”.