Viruslar təkcə Belarusdan gəlmir

Azərbaycanda da toyuq məhsullarının hansı şəraitdə hazırlandığı, paketləndiyi bəllidir


Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir. Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsinin məlumatına görə, idxalatçı şirkət “AFM Construction” MMC-nin Belarus Respublikasından idxal etdiyi “Ptisefabrika Qorodok” MMC-nin istehsalı olan 7610,07 kiloqram dondurulmuş toyuq məhsulundan götürülmüş nümunələrin müayinələri nəticəsində məhsullarda salmonella bakteriyası aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulun idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.

  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov salmonella bakteriyasının təhlükəli olduğunu vurğulayıb: 

- Yadınızdadırsa, “Nestle” uşaq qidalarında, Kinder”lərdə də salmonella bakteriyası aşkarlanmışdı.  Bu, çox təhlükəli bakteriyadır, insan orqanizminə düşdükdə ciddi sağlıq problemləri yaradır. Bakteriya əsasən bioloji çirklənməyə məruz qalmış məhsullarda, həmçinin istehsal zamanı sanitar-gigiyenik qaydalara düzgün riayət edilməməsi nəticəsində yaranır. Toyuq məhsullarının hansı şəraitdə hazırlandığı, paketləndiyi bəllidir. Qidanın çirklənməsi təkcə Belarusda baş vermir, biz ölkə daxilində də toyuq məhsullarının kustar sexlər, müəssisələr tərəfindən hansı şəraitdə paketləndiyini görürük. AQTA özü dəfələrlə reydlər keçirib və istehsal normalarına cavab verməyən məhsulların satışdan çıxarılmasına nail olub. Müxtəlif məhsulların keyfiyyətsizliyi, tərkibində bakteriyalar, yad cisimlər olmasıyla bağlı bizə alıcılar tərəfindən çox müraciətlər edilir. Sadəcə, bizdə yoxlama prosesini sürətlə həyata keçirə biləcək sistem oturuşmadığından edilən şikayətləri dərhal analiz etmək mümkün olmur. Vətəndaşlara tövsiyəm, istifadə müddəti bitmiş, qablaşması şübhə doğuran ərzaq məhsullarından uzaq durmalarıdır. 
  
Qeyd edək ki, salmonella bakteriyası səbəbilə hər il dünyada yüzlərlə insanın  dünyasını dəyişdiyi bildirilir. Bakteriya insan orqanizmində müxtəlif qida zəhərlənmələrinə yol aça bilir. Salmonella bakteriyası qidalarla yanaşı, su vasitəsilə də insan orqanizminə yayılır. Bakteriya tam bişməmiş ət və süd məhsulları, xlorlanmamış su, təmizlənmədən istehlak edilən meyvə-tərəvəz, çirklənməyə məruz qalmış toyuq və toyuq məhsulları, həmçinin ət məhsullarının yeyilməsi nəticəsində orqanizmə düşür. Bakteriya heyvanlardan insana keçməklə yanaşı, insandan da insana keçə bilir. Bakteriya 12-72 saat ərzində hərarət, ishal, qusma, ürək bulantısı kimi əlamətlərlə bədəndə öz təsirini göstərir. Bu hal 4-7 gün aralığında davam edir. Xəstəliyin müalicəsi zamanı əsasən antibiotiklərdən istifadə olunur, bol maye qəbulu tövsiyə edilir.