Qaçan qoyunları yaxalayacaqlar

Xüsusi qruplara təlim keçilir

Müqəddəs Qurban bayramına sayılı günlər qaldığı vaxtda qurbanlıq heyvanları yaxalayacaq qruplar da hazırlıqlarını davam etdirir. 

“Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, sahibinin əlindən qaçan qurbanlıq heyvanların yaxalanması işi xüsusi hazırlıq keçən qruplara tapşırılacaq. Qardaş Türkiyənin paytaxtı Ankaranın Gölbaşı bölgəsində Qurban bayramı günlərində qurbanlıq heyvanları yaxalamaq  vəzifəsi tapşırılacaq qrup 15 gün xüsusi təlim keçib. 

Onlara qaçış, uyuşdurucu gülləsi olan tüfəngdən və ipdən istifadə öyrədilib. Qrup  şəhər mərkəzi və ətraf  bölgələrdə çalışacaq. Yaxalama qrupları Ankara Gölbaşı Bələdiyyəsi, Oğulbəy Qurban Satış və Kəsim yerində də vəzifə başında olacaq. Qrupda veterinar da var. 

Veterinar heyvanlara atəş açılması gərəkdiyində uyuşdurucu maddənin miqdarına nəzarət edəcək. Məlumdur ki, qurbanlıq heyvanların sahiblərindən qaçması, bağlandıqları ipləri qırması halları tez-tez yaşanır. Heyvanlar açılıb qaçdıqda ətrafdakı insanlara zərər verə bilir. Bunun qarşısını almaq, heyvanlara zərər vermədən yaxalamaq üçün yaxalama qruplarından peşəkarlıq tələb olunur. 

Veterinar bildirib ki, tərkibində uyuşdurucu maddə olan güllələr heyvana heç bir zərər vermir, onu sakitləşdirir, bu zaman da onu yaxalamaq asanlaşır.