“Yüksəliş” ali təhsilli gənclərə imkanlar yaradır

Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması

Məqsəd Azərbaycanda yeni nəsil idarəçilərin ortaya çıxarılmasıdır

Sayca üçüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi yekunlaşıb. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.  Xatırladaq ki, üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb. Yarımfinal mərhələsinin bağlanış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini, İşçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirakçılara nümayiş etdirdikləri maraqlı mübarizə üçün təşəkkür edib, onlara uğurlar arzulayıb. Qeyd edək ki, “Bakı Ekspo Mərkəzi”ndə baş tutan yarımfinal mərhələsində müsabiqənin öncəki mərhələlərini uğurla geridə qoyan iştirakçılardan 333 nəfəri finalçı olmaq uğrunda mübarizə aparıb. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edib və onların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndirilib. 

Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan “Qiymətləndirmə konfransı” metodu ilə həyata keçirilir. Namizədlərin səriştələrinin qiymətləndirilməsi onlara verilən tapşırıqlara yanaşmanın təhlili üzrə aparılır. İştirakçılara təqdim edilən keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir. Yarımfinal mərhələsinin nəticələri yaxın günlərdə açıqlanacaq. Mərhələni uğurla başa vuran iştirakçıları qarşıda final mərhələsi gözləyir. 100-ə yaxın iştirakçı final mərhələsinə keçid haqqı qazanacaq. Müsabiqənin final mərhələsi 15-16 iyul tarixlərində baş tutacaq. Bununla da üçüncü “Yüksəliş” müsabiqəsi yekunlaşacaq. 17 fevral 2023-cü ildə qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsinə ümumilikdə 13474 iştirakçı müraciət edib. “Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir. “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi start götürərkən müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təşkilat Komitəsinin üzvlərindən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini, İşçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirakçılara tövsiyələrini veriblər. İdarəçi rəhbərlər çıxışlarında “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərini, liderlik müstəvisində proqressiv düşüncə, çevik idarəçilik bacarıqlarına malik peşəkarları aşkara çıxarmaqda, onların potensialını lazımi sahələrə yönləndirməkdə, eyni zamanda peşəkar kadrların dəyərləndirilməsi və dəstəklənməsi baxımından ölkəmiz üçün əhəmiyyətli layihə olduğunu vurğulayıblar. Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva vurğulayıb ki, müsabiqənin bu mərhələsinədək gəlib çatan iştirakçılar artıq effektiv idarəçilər olaraq formalaşıb:

 "Biz də sizlərə baxaraq müasir dövrün idarəçiləri kimlər olmalıdır və onları birləşdirən əsas xüsusiyyətlər nələrdir suallarına cavab axtarırıq. Biz bu müsabiqə vasitəsilə Azərbaycanın gələcək inkişafına dayaq ola biləcək şəxslərin axtarışındayıq". Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni layihələrin və ideyaların ərsəyə gəlməsinin və həyata keçirilməsinin önəm və mahiyyətindən söz açıb. O, çıxışında kadr inkişafının və ölkəmizin istedadlı və intellektual mütəxəssislərin üzə çıxarılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı olduğunu və “Yüksəliş” müsabiqəsinin bu sahədəki rolunu vurğulayıb. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirakçıları öyrənməyə açıq olmağa, daim özlərini inkişaf etdirməyə səsləyib. O əlavə edib ki, peşəkar, savadlı, bacarıqlı kadrları tapmaq və formalaşdırmaq dövlətin kadr siyasətinin əsas prioritetlərindəndir. Azad edilmiş ərazilərdə dövlət orqanlarının fəaliyyəti bərpa olunduqdan sonra savadlı kadrlara, eləcə də dövlət qulluqçularına ehtiyac daha da artacaq. Komitə sədri çıxışında şəxsi idarəetmə təcrübəsindən bəhs edərək, iştirakçılara uğurlu idarəçi olmaq yolunda tövsiyələrini verib. Gənclər və idman nazirinin müavini, İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, bu il ölkəmiz üçün hər baxımdan önəmli və əlamətdar bir ildir: “Bildiyiniz kimi, 2022-ci il cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında “Şuşa İli” elan edildi. İkinci Yüksəliş Müsabiqəsinin keçirilməsi də bu ilə təsadüf edir. Bu fürsətlə bu gün biz də yeni inkişaf yoluna qədəm qoymuş 332 namizədlə birgə gələcəyə yeni və ümidli bir səhifə açırıq. Cənab Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirmək siyasətini rəhbər tutaraq "Yüksəliş" müsabiqəsində kadrların qiymətləndirilməsi prosesində ən yeni metodologiyalardan, dünya təcrübəsinə əsaslanan müasir texnikalardan faydalanmışıq. Biz birinci “Yüksəliş” müsabiqəsinin sonunda insanlarda yaratdığımız müsbət təəssüratların şahidi olduq. Bizim üçün bu çox sevindirici hal idi. Yüksəliş müsabiqəsinin insanlarda yaratdığı müsbət təəssüratlar həyata keçirdiyimiz layihənin şəffaflıq və obyektivliyin sübutudur”. 
  
Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Kamran Əsədov “Sherg.az”a açıqlamasında “Yüksəliş” müsabiqəsinin bir çox üstünlükləri olduğunu dedi: 


- Məqsəd Azərbaycanda yeni nəsil idarəçilərin ortaya çıxarılmasıdır. Məlum məsələdir ki, bu layihə ali təhsilli gənclərin qarşısında yeni imkanlar açır. Onlar bu layihə vasitəsilə istədikləri vərdişlərə yiyələnə bilmək imkanı əldə edirlər.  "Yüksəliş" müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edir. Bu cür müsabiqələr dünyanın bir çox ölkələrində var. Dünya təcrübəsi öyrənilməli, işlək mexanizmlər yaradılmalıdır. Müsabiqənin əyani mərhələlərində rəqiblərlə, eləcə də ölkənin böyük təcrübəyə malik peşəkarları, şirkətlərin top-menecerləri ilə görüşmək, əvəzsiz əlaqələr qurmaq imkanı əldə edilir. Meyarlar - strateji düşünmək bacarığı, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, büdcənin idarə edilməsi bacarığı, sosial məsuliyyət, innovativliklərin tətbiqi və sair. Bu bacarıqlar müasir dünyanın tələbləridir. İstənilən sahədə çalışan şəxs bu keyfiyyətlərə malik olarsa, vəzifəsini daha da uğurla icra edə bilər. Göründüyü kimi “Yüksəliş” istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə müsabiqədir. Karyera pilləsində yüksəlmək istəyənlərtə imkan yaradılır ki, kadr ehtiyatının inkişafı proqramında iştirak etsinlər, öz bacarıqları, intellektləri sayəsində qalib olsunlar, ölkənin gələcəyini quracaq şəxslərdən biri olmaq imkanı qazansınlar. Əsas odur ki, müsabiqə ölkədə kadr bankının formalaşmasına töhfə verir. Sadəcə, kadr ehtiyatlarından da düzgün istifadə edilməlidir. Seçim düzgün olarsa, hər bir sahədə məhz həmin sahəni bilən mütəxəssislər çalışar, nəticədə müsbət irəliləyiş əldə olunar. Sizə bildirim ki, birinci “Yüksəliş” müsabiqəsinin qalibləri arasında hazırda dövlət strukturlarında, məsul vəzifələrdə çalışanlar var.

 “Yüksəliş” müsabiqəsinə ümidlər, bu gün də böyükdür. “Yüksəliş” müsabiqəsində iştiraka o şəxslər can atır ki, ali savadlıdırlar, yüksək ixtisas dərəcələri var, potensiallarına güvənirlər və işləmək, çalışmaq arzusundadırlar. Amma belə məqamda onların qarşısına 2 illik idarəçilik tələbinin  qoyulması qarşılarını kəsir. Aydın məsələdir ki, “Yüksəliş” müsabiqəsi Məşğulluq Mərkəzi deyil. Müsabiqə iş karyerasında yüksəliş vəd edir. Lakin daha yaxşı olardı ki, müsabiqədə iştiraka bu cür əngəllər yaradılmasın. Hesab edirəm ki, müsabiqə müddəti uzun olmamalıdır. Müsabiqəni daha sürətli və daha mobil təşkil etmək, 6 ay ərzində yekunlaşdırmaq mümkündür.  Bu, müsabiqənin çevikliyini, operativliyini, gənclərimizin karyera pilləsində daha sürətlə irəliləməsini təmin edər. Eyni zamanda ölkəmiz idarəçilik keyfiyyətləri qazanmış kadrları daha tez əldə edər. Bu, ümumi işimizin, ölkəmizin xeyrinədir.