Düşmən tərəfi “Fake news”larla Azərbaycan cəmiyyətini  manipulyasiya etməyə çalışırdı

Saxta xəbər tərtibatçılarının sayı artıb

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi


Sosial media istifadəçilərinin spektri olduqca müxtəlifdir. Adi istifadəçilər sosial mediadan ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların, şəkillərin paylaşımı vasitəsi kimi yararlanırlar. Sosial medianın səmərəli əks əlaqə imkanları onu əlverişli kommunikasiya və təsir kanalına çevirir. Son dövrlər isə dövlət hakimiyyəti orqanları, siyasi partiyalar, vətəndaş
cəmiyyəti institutları, özəl sektor sosial medianın bu potensialından geniş istifadə etməyə çalışırlar. Yəni sosial mediadakı sərbəst mühit hər istifadəçini xəbər istehsalçısına çevirib. Bu isə özü ilə bəzi problemlər gətirib. Təcrübə göstərir ki, sosial mediada yayılan informasiyalar əksər hallarda yanlış və ya natamam olur. Buna görə, peşəkar media qurumları sosial mediada yayılan xəbərlərin həqiqiliyini yoxlamamış yayımlamaqdan çəkinirlər. Sosial medianın milli təhlükəsizliyə təhdidlər yarada biləcəyi narahatlıqları da məhz burdan qaynaqlanır. 
Bəzi hallarda xarici qüvvələr tərəfindən ölkələrnin daxili siyasətinə təsir aləti kimi istifadə olunan  sosial media kütlələri yönləndirmək üçün də güclü bir silahdır. Sosial media istifadəçilərinin bir növ xəbər mənbəyinə çevrilməsi  xəbərlərin yoxlanılmadan, araşdırılmadan, doğruluğu bilinmədən mediada dövr edilməsinə səbəb olur. Artıq bir çox ölkələr internetdən və sosial şəbəkədən gələn informasiya risklərini idarə etmək üçün fərman və sərəncamlar hazırlayırlar, qanunvericilikdə müvafiq dəyişikliklər edirlər. İnsanlar isə gerçək xəbərləri "saxta xəbərlərdən" ayırmaqda çətinlik çəkirlər.
İnternetdə yalan məlumatların həcmi elə böyük sürətlə artır ki, saxta xəbərlər gerçək xəbərləri sıxışdırıb çıxararaq, onların yerini tutur.
Qeyd edək ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da  həqiqətə uyğun olmayan informasiyaları tirajlayan sosial şəbəkə istifadəçilərinin sayı artıb. İnformasiya axını sürətləndikcə, bu proses daha da genişlənir. Ölkəmizdə sosial media o qədər əlçatan və rahat platformadır ki, istənilən şəxs oradan özünü ifadə edə, eyni zamanda doğru, yaxud da yanlış olmasını fərq etmədən məlumatlar paylaşaraq ictimai rəyi çaşdıra da bilir. Bəzən saxta və doğru olmayan məlumatları elə sürətlə tirajlayırlar ki, artıq doğru xəbər onun ardınca verildikdə heç kim ona fikir vermir, inanmır. Belə olduqda isə kütləvi psixoz vəziyyəti yaradılır, saxta məlumatlar cəmiyyətə ötürülür, ölkənin milli dövlətçilik maraqları zərbə altına qoyulur.
Məhz bu kimi problemlərin aradan qaldırılması məqsədilə  “Qlobal Media və Siyasət Araşdırmaları” Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xəbəri yoxlamamış İnanma! – saxta xəbərlərin yayılması və onlara qarşı mübarizə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində “Sosial Media və saxta xəbərlər” mövzusunda tədbir keçirilib.
Təşkilat rəhbəri Azər Abbasov saxta xəbərlərlə mübarizənin vacibliyindən bəhs edərək QHT və media arasında əlaqələrin vacibliyini xüsusilə vurğulayıb. O bildirib ki, saxta xəbərlər dövlətin və cəmiyyətin təhlükəsizliyini təhdid edən məsələdir. Ona görə də bu sahədə media, QHT, rəsmi qurumlar intensiv və sistemli fəaliyyət göstərməlidirlər.
Daha sonra layihə çərçivəsində hazırlanan sosial çarx vətəndaş cəmiyyəti fəalları və QHT rəhbərlərinə nümayiş etdirilib. Tədbirdə çıxış edən qonaqlar layihə və sosial çarx haqqında fikir bildirərək layihənin davamının vacibliyini vurğulayıblar.
Layihənin məqsəd və vəzifələri haqqında “Sherg.az"a danışan “Qlobal Media və Siyasət Araşdırmaları” İctimai Birliyinin rəhbəri Azər Abbasov deyib ki, “Xəbəri yoxlamamış İnanma! – saxta xəbərlərin yayılması və onlara qarşı mübarizə tədbirlərinin təşkili” layihəsi çərçivəsində tədbirlər sentyabrdan sonra da davam etdiriləcək:  “Sosial mediada yayılan saxta xəbərlər vasitəsilə düşmənlərimiz Azərbaycan informasiya sahəsinə təsir etməyə çalışır. Əslində saxta xəbərlər sadəcə mediada deyil, bütün sahələrdə özünü göstərir. Məişətdən siyasətə, mədəniyyətdən diplomatiyaya qədər.
44 günlük Vətən müharibəsi zamanı əsası olmayan və qeyri-dəqiq informasiyaların mediada yer aldığının şahidi olduq və bundan çox ciddi əziyyət çəkdik. Düşmən tərəfi “Fake news”larla Azərbaycan cəmiyyətini  manipulyasiya etməyə çalışırdı.
Lakin Azərbaycan dövləti müharibə zamanı informasiya sahəsində düşmən təxribatlarının, insanlar arasında çaşqınlıq və ajiotaj yaratmaq məqsədi güdən yalan xəbərlərin qarşısını almaq ortaya ciddi iradə qoydu. Yenə də Azərbaycana qarşı saxta xəbərlərlə edilən təxribatların sayı artıb.  Elə bu gün (dünən) erməni teleqram kanalı Qarabağ iqtisadi rayonunda “humanitar fəlakət” yaşanması haqda növbəti saxtakarlığa yol verib.
Biz də “Globalinfo.az” olaraq xəbəri dəqiqləşdirdik və məlum oldu ki, “Xankəndidə insanlar çörək almaq üçün böyük növbələrə dayanırlar və bu zaman onlar huşlarını itirərək yerə yıxılırlar” kimi təqdim olunan hadisə, əslində, bir neçə il əvvəl Çin tələbələri üçün təşkil olunan əmək yarmarkasında yaşanıb və fotonun Qarabağa heç bir aidiyyəti yoxdur. Ermənistan bu cür “fake news'larla Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq istəyir. Yəni bu gün Azərbaycan Ordusu ön cəbhədə, diplomatlarımız masada, mediamız isə informasiya cəbhəsində düşmənlə savaşır. Qeyd edim ki, ölkə daxilində də zaman-zaman saxta xəbərlərə rast gəlirik. Bunun bir çoxu qərəzdən, bir qismi də qeyri-peşəkarlıqdan irəli gəlir.  Sosial mediada yer alan saxta xəbərlərin media orqanlarında tirajlanmasının bir səbəbi də rəsmi qurumların onlara ünvanlanan sorğulara vaxtında cavab verməməsi, yayılan şayiələrə operativ izahat verməməsidir”. 
A.Abbasovun sözlərinə görə, saxta xəbərlərə qarşı mübarizə aparılsa da, onları birdəfəlik dövriyyədən çıxarmaq mümkün deyil. Saxta xəbərlərlə mübarizənin ən yetkin yolu dərhal ilkin mənbədən doğru xəbərin çatdırılmasıdır.