Azərbaycan bütövlükdə internetləşir

Ötən 7 ay ərzində 431 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib

"Onlayn Azərbaycan" layihəsi bəhrəsini verir. Cari vəziyyətə baxaq. Beynəlxalq hesabatda genişzolaqlı internet sürətində 40 faiz artım, həmçinin də ev təsərrüfatlarının genişzolaqlı internetə çıxışı 1,25 milyona çatdırılıb”. Bu sözləri "Sherg.az"a açıqlamasında “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov deyib.
İKT ekspertinin sözlərinə görə, ölkədə genişzolaqlı internetin sürəti ilə bağlı beynəlxalq hesabatlarda da müsbətə doğru irəliləyiş davam edir: “Ookla” şirkəti tərəfindən iyul ayında dərc edilən son hesabatda ötən ilin müvafiq dövrü ilə müqayisədə sürətin 20.91 Mbit/s-dən 29.14 Mbit/s-ə dəyişdiyi qeyd olunub. 40 faiz artım qeydə alınıb.
Bu texnologiya internet xidmətinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, eləcə də IPTV və digər əlavə xidmətlər göstərməyə imkan yaradır. Optik kabel texnologiyasının son trendi hesab edilən GPON texnologiyası texniki olaraq, 1 gigabit/s-dək sürətli internetin təmin edilməsi üçün imkan yaradır. Bu optik texnologiya təbii deformasiyaya dözümlüdür və məlumatı (siqnalı) ən sürəti şəkildə ünvana çatdırır.
Layihə çərçivəsində internet infrastrukturunun yaxşılaşdırılması istiqamətində 2024-cü ilin sonunadək ölkənin ən ucqar rayon və kəndlərində bütün ev təsərrüfatlarının sözügedən GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə ən aşağı 25 Mbit/s genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması hədəflənir.
Artıq 2023-cü ilin ötən 7 ayı ərzində 431 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,25 milyondan çox ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 47 faizini təşkil edir və cari ilin sonuna kimi 55 faizə çatdırılması hədəflənib”.
Qeyd edək ki, ölkənin ən ucqar yaşayış nöqtələrində də əhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxış, həmçinin istifadəni asanlaşdıran innovativ həllər təqdim edərək insanların rifahını yaxşılaşdırmaq məqsədilə “Onlayn Azərbaycan” layihəsi həyata keçirilir.
Dövlət-özəl tərəfdaşlıq modelinə əsaslanan layihənin icraçıları “Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC, “Azeronline LTD”, “Smart Systems Tecnology” və “MegaLink” şirkətləridir. “Onlayn Azərbaycan” layihəsi müddətində mövcud ADSL avadanlığının müasir IMS platforması ilə işləyən GPON avadanlıqla əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması həyata keçirilir.