"Volt" fəaliyyətini dayandırmadı 

Osman Gündüz: "Səlahiyyətli dövlət qurumunun belə bir sərt qərar verməsi anlaşılandır"

Ağa Salmanov: "Bu şirkətin fəaliyyətinin dayandırılması gənclərin işsiz qalmasına səbəb olar"

“Volt” market qida təhlükəsizliyi səbəbilə bağlanması barədə məlumat yayılıb. Deyilənə görə, “Volt” kuryer xidmətinin Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı qərar  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qəbul edilib. Qurum bunu “Volt”un xəbərdarlıqlara əməl etməməsi ilə əlaqələndirib və təkrar xəbərdarlıq kimi tətbiq etdiyini bildirib. Yayılan xəbərlərdən sonra "Volt Azərbaycan" MMC fəaliyyətinin dayandırılması ilə bağlı ötən gün yayılmış xəbərə dair açıqlama ilə çıxış edib. Açıqlamada deyilir ki, şirkət fəaliyyətini davam etdirir, onun mobil tətbiqi aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) irəli sürdüyü iddialara gəldikdə isə "Volt" öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu, məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib: "Volt Azərbaycan"ın pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüf olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib". 

Qeyd edək ki, Azərbaycanda bir neçə sahə var ki, həqiqətən orada ciddi rəqabət hökm sürür. Bunlardan biri də çatdırılma (kuryer) şirkətlərinin fəaliyyət göstərdiyi sahədir. Məhz bu rəqabət sayəsində Azərbaycanda çatdırılma şirkətlərinin sayı xeyli artıb. Bu da işsiz gənclərə pul qazanmaq imkanı yaradır. 


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyib ki, “Volt” mopedlərində dezinfeksiya işlərinin aparılmaması, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi, məhsulların temperatur rejimi və qaydaları pozulmaqla daşınması və s. məsələlər bu qərar üçün əsas olub: “Əlbəttə, səlahiyyətli dövlət qurumunun təkrar addım olaraq belə bir sərt qərar verməsi anlaşılandır. Amma 10 ildən çox ölkədə fəaliyyət göstərən, artıq oturuşmuş bir şirkətə çevrilən, minlərlə gənc üçün iş yeri və çörəkpulu qazanmaq yerinə çevrilən, cəmiyyətin elə bir ciddi narazılığı olmayan bir strukturun fəaliyyətini dayandırmaq və ya "bağlamaq" qərarı ağlabatan bir addım kimi görsənmir.

Düşünürəm ki, AQTA digər əlaqədar dövlət qurumları və "Volt"la birgə şirkətin qanunvericiliyin tələblərinə əməl etməsinə, qaydalara uyğunlaşdırılmasına köməklik göstərə bilərdi, daha hövsələ ilə yanaşa bilərdi, cərimələr tətbiq edə bilərdi və s. Ümid edirəm, səlahiyyətli qurumlar “Volt”la birgə bir daha bu məsələni araşdırıb doğru bir qərar verəcəklər.

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov isə “Sherg.az”a açıqlamasında deyib ki, “Volt”un çatdırdığı qidalar isti qida zəncirinə aid olduğu üçün mopedlərdə temperaturu eyni dərəcədə saxlayan termoboksların olması vacibdir: “Eyni zamanda çatdırma edən mopedlərdə vaxtaşırı dezinfeksiya işlərinin aparılması zəruridir.  Bu, sadəcə, sözügedən şirkətdən tələb olunan bir qayda deyil, daşıyıcı şirkətlərin hamısı üçün eyni şərtlər keçərlidir. Onların da öz fəaliyyətlərini düzgün qurması üçün təlimçilərlə işləməsi daha məqsədəuyğundur. AQTA-nın qərarına gəldikdə isə düşünmürəm bu, məqsədli şəkildə “Volt”a qarşı aparılmış bir kampaniya olsun. AQTA sadəcə öz işini görür və "Volt" marketdə keçirdiyi yoxlamaların nəticəsinə uyğun bu addımı atıb. Bəlkə sabah “Bolt food”da daha betər nöqsanlar aşkarlanacaq. 

Amma reallıq odur ki, “Volt” marketin bağlanması və bu şirkətin Azərbaycandakı fəaliyyətinin dayandırılması böyük bir problemə,  xeyli sayda gəncin işsiz qalmasına səbəb olacaq. Ona görə də  dövlətin müdrik addım atacağına və bu məsələni həll edəcəyinə güman edirəm. Yəni müvafiq cərimə tətbiq etməklə "Volt"un fəaliyyətinə yenidən icazə verilə bilər. Əgər “Volt”a növbəti şans verilsə, o zaman fəaliyyətinə yenidən baxmalı və təlimçilərlə işləyərək mütəmadi olaraq öz əməkdaşlarını maarifləndirməlidir”. 

A.Salamovun sözlərinə görə, daşınan yeməklərin qida zəncirində qırılma olarsa, hamilə qadınlar, yaşlı insanlar, uşaqlar risk qrupuna daxil olur:

“Yəni marketdə satılan qidaların köhnə olması, saxlanma rejiminə riayət edilməməsi, “Volt” mopedlərində dezinfeksiya işlərinin aparılmaması kimi nöqsanlar varsa, həmin şirkətin xidmətindən istifadə edən  insanların  zəhərlənmə ehtimalı böyükdür. Bu baxımdan ictimai iaşə müəssisələrində mütləq təhlükəsiz qida ilə bağlı təlimlər keçirilməlidir. Təəssüf ki, sahibkarlar təlimlərə pul xərcləmək istəmir deyə, insanların həyatı təhlükə alıtna düşür. Yaxud da AQTA gedib yoxlama aparır, nöqsan aşkarladıqda isə cərimələyib xəbərdarlıq edir və yaxud da fəaliyyətini dayandırır”. 

Ekspert qeyd edib ki, sadəcə, saxlanma və daşınma zamanı deyil, yemək bişirilən yerlərdə, restoranın içində, hətta çölündə gəmirici və həşəratlara qarşı dezinfeksiya işləri görülməlidir. Səthlərin bakteriyalardan təmizlənməsi üçün də xüsusi məhlullardan istifadə  olunmalıdır. Orada işləyən əməkdaşların mütəmadi olaraq həkim yoxlanışından keçməsi və gigiyena qaydalarına əməl etməsi çox vacibdir. 

"Volt Azərbaycan" MMC fəaliyyətinin dayandırılması barədə yayılan xəbərlərə münasibət bildirib: “Dünən gün ərzində yayılmış xəbərlər ilə bağlı bildiririk ki, "Volt" şirkəti öz fəaliyyətini davam etdirir. Tətbiqimiz aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər. AQTA tərəfindən irəli sürülən iddialara gəldikdə isə, "Volt" öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib. AQTA tərəfindən "Volt"un fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib”, - qeyd olunub.