Meşə yanğınlarından qorunmağın yolu ərazilərə kamera yerləşdirməkdir 

Ekologiya və ətraf mühitin mühafizəsi

Bir atı, yəhərində təklülə tüfəngi olan meşəbəyinin meşə qoruması dövrü çoxdan keçib

Bürkülü yay günləri davam edir. Havaların çox isti keçməsi ilə əlaqədar yabanı otlar quruyub və meşələr, yol kənarında əkilmiş ağaclar üçün ciddi yanğın təhlükəsi yaranıb. İndi dünyanın çox yerində meşə yanğınları tüğyan edir. Azərbaycanda da, Xızıda, Şamaxıda və Qəbələnin dağlıq ərazilərində güclü yanğınlar olub. Təəssüf ki, bəzi insanlar dünyada baş verən bu cür ekoloji fəlakətlərə barmaqarası baxırlar. Halbuki meşələrin yanması vahid bir orqanizm olan bütün planetimizə təsir edir. Buna göz yummaq bəşəriyyətin sağlam gələcəyinə amansız zərbədir. Dünyada və ölkəmizdə baş vermiş yanğınlar məsul şəxslərin, hər bir insanın son dərəcə diqqətli olmasını, öz işlərinə, addımlarına daha ciddi yanaşmasını tələb edir. Vaxtında yanğına qarşı mineral zolaqların çəkilməməsi, yanğınların söndürülməsi üçün zəruri avadanlıq və ləvazimatların hazır vəziyyətdə saxlanmaması, xüsusən yerlərdə növbətçilərin olmaması səbəbindən məhz kənarda baş vermiş çöl yanğınları təşkilatların xidməti ərazisinə keçir və yanğına anında müdaxilə edilmədiyi üçün ciddi problemlərə səbəb olur.

Meşə yanğınları digər təbii fəlakətlər kimi, həm insanlara, həm də təbiətə, təbii sərvətlərə böyük ziyan vurur. Meşələrin təbiətdə ən böyük rolu hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidir. 1 hektar meşə sahəsi 1 saatda 8 kiloqram karbon qazını udur. Meşələr nəfəs aldığımız havanı tozdan, sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən buraxılmış külli miqdarda zəhərli qazlardan təmizləyir, saflaşdırır, insanın tənəffüsü üçün vacib olan oksigen ilə zənginləşdirir. Bir sıra ağac, kol və yarımkollar xəstəlik törədən mikroorqanizmləri məhv edən xüsusi maddələr buraxmaq qabiliyyətinə malikdir. Bu da insanın sağlamlığı və uzun ömür sürməsi üçün əsas şərtdir. 

Meşələrin qorunmasında ictimaiyyətin köməyinə həmişə ehtiyac var. Meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır. Bütün bunları sadalamaqda məqsədimiz ondan ibarətdir ki, meşə sahələrinin qorunmasının zəruriliyini, meşə-bərpa işlərinin taleyüklü bir məsələ olduğunu, ən vacibi isə yanğın təhlükəsinə qarşı mübarizənin ciddiliyini daha dərindən dərk edək. Meşə yanğınları əsas etibarilə insanlar tərəfindən törədilir. Meşədə ocağı yana-yana qoyub getmək, siqareti söndürməmiş atmaq yanğına səbəb olur. Meşə yanğınları ildırımla da törəyə bilər. Çoxlu miqdarda qurumuş ağacların, tör-töküntülərin olması baş vermiş yanğının güclənməsinə şərait yaradır. Böyük meşə sahələrində baş verəcək yanğın başqa sahələrə keçməsin deyə, əlavə yollar açılır. Ən çox yanğın təhlükəsi kütləvi istirahət sahələrində yaranır. Belə sahələrdə ocaq qalamaq üçün xüsusi yerlər düzəldilir. Meşələrimizi yanğından qorumaq təkcə meşə gözətçilərinin işi deyil, təbii sərvətlərimizin yanğından mühafizəsində hamımız bir nəfər kimi yaxından iştirak etməliyik. Baş vermiş yanğını dərhal söndürmək üçün ictimaiyyətin köməyinə böyük ehtiyac var. Meşələrdə, istirahət mərkəzlərində dincələn turistlərin, qonaqların bəzi ehtiyatsız hərəkətləri ictimai nəzarətə götürülməli, istirahət obyektlərinin rəhbərləri tərəfindən ətraf mühitin mühafizəsi ilə əlaqədar onlarla söhbətlər aparılmalıdır. Meşə yanğınlarının artmasının digər səbəbi kimi qlobal iqlim dəyişikliyi fonunda meydana çıxan temperatur yüksəlmələri göstərilir. Dünyanın müxtəlif yerlərindən götürülən dərin buz nümunələrinin analizi göstərir ki, 20-ci yüzildəki istiləşmə səviyyəsi ən azı son 6 əsrdəki isinmə qədər olub. Ancaq zaman keçdikcə, bu istiləşmənin yol açdığı quraqlıq meşə yanğınlarının da getdikcə artmasına təsir göstərir.

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlinin “Sherg.az”a açıqlamasına görə, yanğınların qarşısını almaq üçün ilk növbədə meşələrin mühafizəsi gücləndirilməlidir: “Yeni nəzarət mexanizmləri tətbiq edilməlidir. İkincisi, maarifləndirmə həyata keçirilməlidir. Hazırda ölkədə meşə fondu sahəsi 1213,7 min hektar olmaqla, ümumi ərazinin 14 faizini təşkil edir. Bu, az rəqəm deyil. İşğaldan azad olunmuş bölgələrimizdə xeyli meşə sahələri var. Görünən odur ki, rayonlardakı meşə təsərrüfatı idarələri meşələrin qorunması işinin öhdəsindən gələ bilmir. Türkiyədə Orman Genel Müdirliyi var. "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi olaraq hesab edirik ki, Azərbaycanda da meşələrin qorunmasına və yeni meşə sahələrinin salınmasına cavabdeh olan ayrıca qurum - meşə təsərrüfatı dövlət agentliyi yaradılmalıdır. Bu qurumun ayrıca meşə mühafizə qüvvələri və yanğından mühafizə briqadaları olmalıdır. Bir atı, yəhərində təklülə tüfəngi olan meşəbəyinin meşə qoruması dövrü çoxdan keçib. Bir adam 100 hektar meşənin hər tərəfinə necə nəzarət edə bilər? Meşə sahələri kameralarla nəzarətdə saxlanılmalıdır. Meşə mühafizəsi işçiləri xüsusi geyim, silah, müasir rabitə vasitələri, “Pikap” tipli avtomobillərlə təchiz edilməlidir. Nəzarət və müşahidə məntəqələri hətta PUA-larla təchiz olunmalıdır”.

Meşələrin ölkənin “ağciyərləri” hesab edildiyini vurğulayan Birlik sədri deyib ki, meşə sahələrinin qorunmasına laqeyd yanaşmaq olmaz. Artıq neçənci faktdır ki, meşə yanğınlarının “piknik” edən vətəndaşlar tərəfindən təsadüfən törədilməsi üzə çıxır: “Aidiyyəti qurumlar, QHT, TV-lər maarifləndirmə tədbirləri həyata keçirməli, bu məzmunda sosial çarxlar hazırlanmalıdır. İnsanların istirahət üçün meşələrə daxil olmasını tamamilə yasaqlamaq olmaz. Ancaq manqal, samovar qalamaq üçün ayrıca məkanlar olmalıdır. Həmin ərazilərdə meşədən istifadəni özündə ehtiva edən təlimatlar, qaydalar yazılan lövhələr asılmalıdır. Cərimələr tətbiq edilməlidir ki, bəzi məsuliyyətsiz adamlar özlərini yığışdırsınlar.

Meşə yanğınlarına nəzarət üçün könüllülərin cəlbi bir az mürəkkəb məsələdir. Hər halda onlara da öncə treninqlər keçirilməlidir. Həm də piknik ərazilərini müşahidə etmək də çətindir. Meşə sahəsi və istirahət edənlər çoxdur. 1 saat öncə kim harada manqal qalayıb onu necə müəyyən etmək olar? Ən yaxşısı kamera nəzarətidir”.