Füzuli şəhərinə qayıdış: 3 ildir ev tikib, yol çəkirik

2026-ci ilə qədər yüz minlərlə insanımız doğma yurd-yuvalarına qayıdıb, yaşamağa başlayacaqlar

  Avqustun 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola salınıb. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 23 ailə - 90 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq və qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.
  “Çox sevincliyik ki, bu gün Füzuliyə, doğma el-obamıza köç edirik. Bizə bu günləri yaşadan, əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.
  Bu sözləri "Azərtac"a müsahibəsində ata-baba yurduna qayıdan Füzuli sakini Malik Atakişi deyib. Füzulidən çıxanda 6 yaşı olduğunu vurğulayan M.Atakişinin sözlərinə görə, indi oğlu atasının Füzulidən çıxdığı yaşda doğma torpağa qayıdır: “Füzulidən anam və bacılarımla çıxmışdıq. Anam rəhmətə gedib, bacılarım isə doğma yurdumuza geri dönmək üçün hazırdırlar. O günü səbirsizliklə gözləyirlər.
  Füzuli sakini dövlətimizin başçısına, torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəman Vətən oğlanlarına da təşəkkürünü bildirib.
  Qeyd edək ki, Böyük Qayıdış proqramı üzrə Füzuli şəhərinə köçürülən sakinlərin məşğulluğuna dəstək işlərinə başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Füzuli şəhərinə ilk köçürülən 23 ailə yerləşdikdən sonra onlarla ünvanlarında görüşlər keçirib.
  Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin ailələrin üzvlərinin məşğulluq imkanları qiymətləndirilib, onlara aktiv məşğulluq proqramları (özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, işədüzəltmə tədbirləri və s.) barədə məlumatlar verilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq həmin proqramlar çərçivəsində vətəndaşların məşğulluğuna dəstək işləri aparılır. Ümumilikdə isə ilk mərhələdə Füzuli şəhərinə köçürülməsi nəzərdə tutulan 144 ailənin üzvlərinin məşğulluq imkanlarının araşdırılması məqsədi ilə ailələrin hər biri ilə ilkin əlaqələr saxlanılıb. Həmin ailələrin üzvlərinin məşğulluq imkanlarının müəyyənləşdirilməsi istiqamətində söhbətlər aparılıb, onlara aktiv məşğulluq proqramları barədə ətraflı məlumatlar verilib.
  Millət vəkili Elman Məmmədov isə “Sherg.az"a açıqlamasında deyib ki, işğaldan azad olunandan 3 il keçməmiş Füzuli şəhərinin bərpa edilməsi və artıq ilk sakinlərin doğma yurd-yuvasına qayıtması tarixi bir hadisədir:

 “Füzuli birinci Qarabağ müharibəsində güclü təzyiqlərə və dağıntılara məruz qalan rayonlardan biridir. İşğal müddətində də erməni faşizmi orada daş üstündə daş qoymadı. Nəinki yaşayış binaları bütün tarixi abidələr, bütün infrastrukturlar yerlə-yeksan edilib, dağıdılıb. İndi isə bütün dünya ermənilərin uzun müddət taladığı, dağıtdığı şəhərlərimizi, kəndlərimizi yenidən necə bərpa etməyimizə şahiddir. Quruculuq-abadlıq işləri gedir. Əvvəlkindən də çox-çox yüksək səviyyədə quruculuq işləri gedir. Ağalıda, Şuşada, Laçında, Ağdamda görülən işlər göz qabağındadır.
  Azərbaycan öz torpaqlarına sahib olduqdan sonra qısa bir zamanda həmin ərazilər minalardan təmizlənir, şəhərlərin baş planları təsdiqlənir və infrastruktur layihələri qurulur. Bütün bu işlərin görülməsi üçün dövlət tərəfindən böyük bir vəsait ayrılır. Artıq növbəti dəfə Böyük Qayıdış Dövlət Proqramına əsasən bir tarixi bölgəmizə, əzəli yurdumuza geri qayıdış başlayır. 2026-ci ilə qədər yüz minlərlə insanımız bu ərazilərə, yəni doğma yurd-yuvalarına qayıdıb, yaşamağa başlayacaqlar. Bu ilk növbədə Azərbaycanın iqtisadi gücündən xəbər verir. Azərbaycan bu hərəkətləri ilə yaradıcı, qurucu, sülhsevər dövlət olduğunu bir daha nümayiş etdirir.
  Ermənilərə və onları müdafiə edən bəzi dövlətlərə və qurumlara bu ciddi bir misaldır. Ermənilərin 30 il ərzində viran qoyduğu torpaqlarda 3 ildir ev tikib, yol çəkirik. Ağac əkib təsərrüfat, məşğulluq sahəsi yaradırıq. Ağıllı şəhərlər salırıq. İkili standart yeridən həmin o qərb ölkələri himayə etdikləri ermənilərin 30 il ərzində viran etdiyi ərazilərə də baxsın, Azərbaycanın gördüyü işlərə də...”