Haqq səsimizi dünyaya çatdıra bilərik

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

QHT-nin kifayət qədər potensialı var ki, beynəlxalq təşkilatları Qarabağda quruculuq, xüsusilə də ərazilərin minalardan təmizlənməsi prosesinə cəlb etsin

  Vətəndaş cəmiyyətinin formalaşması və inkişafında vətəndaş cəmiyyəti institutlarının xüsusi çəkisi var. Azərbaycanda müəyyən inkişaf yolu keçən vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti bir çox sahədə problemlərin həllinə yardımçı olur. Bu gün ölkədə vətəndaş cəmiyyəti institutlarının fəallığı, vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq istiqamətləri, ictimai nəzarətin təşkilində QHT-nin rolu artmaqdadır.
  
Azərbaycanda da qeyri-hökumət təşkilatlarının yaranması və ictimai sektorun möhkəmlənməsi bilavasitə müstəqil Azərbaycan dövlətçiliyinin inkişafını şərtləndirən amillərdəndir. Son illər bütün demokratik və inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında da qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi olaraq, demokratikləşmə, vətəndaş hüquqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu, sosial problemlərin həlli, maarifləndirmə, dünyaya inteqrasiya, Azərbaycan həqiqətlərinin dünyaya obyektiv çatdırılması və digər istiqamətlərdə fəaliyyətləri ilə böyük etimad və rəğbət qazanıblar.
  
Vətəndaş cəmiyyəti institutları dövlət, bazar və ailə ilə yanaşı, ortaq fəaliyyət sferalarında da mövcuddur. Vətəndaş cəmiyyəti təşkilatları fərqli funksiyalarla cəmiyyətin inkişafına öz əvəzsiz töhfələrini verir. Bu təşkilatların fəaliyyəti ictimai siyasətlərin yaxşılaşdırılması və ehtiyaclara uyğunlaşdırılması, idarəetmədə və qərar vermədə əks mərkəzləşmə, yoxsulluğun azaldılması, ictimai iştirakçılığın təmin olunması, insan hüquqlarının qorunması, azad və ədalətli seçkilər, sağlamlıq, təhlükəsiz qida və ətraf mühitin formalaşmasına yönəlib.

  Azərbaycan vətəndaş cəmiyyəti institutlarının beynəlxalq vətəndaş cəmiyyətləri ilə əməkdaşlığı vacibdir. Bu həm beynəlxalq təcrübənin Azərbaycanda tətbiqinə, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması baxımından mühümdür.
 
 Ölkəmizdə beynəlxalq çıxışı olan əksər QHT hər zaman milli maraqlarımızın qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, qaçqın və məcburi köçkünlərimizin hüquqlarının müdafiəsi və digər istiqamətlərdə ciddi səylər göstərib, dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəldiblər. Qırx dörd günlük Vətən müharibəsindən sonra yaranmış mövcud reallıqlar QHT-rimiz qarşısında yeni vəzifələr qoyub. Bu xüsusda Azərbaycan QHT-si beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətini daha da təkmilləşdirməli, beynəlxalq platformaların işində yaxından iştirak etməli, müxtəlif sahələrdə müsbət təcrübələrin mübadiləsi və sair təşəbbüslərlə çıxış etməlidirlər.

  Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının beynəlxalq və regional səviyyədə effektiv xarici əlaqələrin qurulması baxımından bir sıra layihələr uğurlu icra olunub və nəticədə əməkdaşlıq çərçivəsinlə yeni perspektivlər üzə çıxıb. Həyata keçirilən layihələrin əsas məqsədi yerli QHT-nin beynəlxalq və regional şəbəkələrə qoşulmasına, onların effektiv xarici əlaqələrinin qurulması imkanlarının genişləndirilməsinə texniki-metodiki dəstək göstərməklə, Azərbaycan vətəndaş cəmiyyəti institutlarının potensialının beynəlxalq arenada reallaşdırılmasına nail olmaq, onların institutsional və dayanıqlı inkişafına töhfə verməkdən ibarət olub. Müxtəlif zamanlarda gerçəkləşdirilən həmin layihələrin yekun konfranslarında bir daha təsdiq edilib ki, bu çərçivədə reallaşdırılan işlər səmərəli və məntiqi nəticəsini verir.

  Qeyd edək ki, ötən il dekabrın 12-də azərbaycanlı ekofəalların, QHT nümayəndələrinin Şuşada başlatdığı etiraz aksiyası QHT-nin gücünü və əhəmiyyətini bir daha ortaya qoydu. Aksiya sübut etdi ki, QHT dövlətimiz və cəmiyyətimiz üçün vacib institutdur.

  Şuşa aksiyası Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, erməni cinayətlərinin beynəlxalq müstəvidə ifşası baxımından mühüm əhəmiyyətə malikdir. Bu aksiya göstərdi ki, Azərbaycan xalqı ona məxsus təbii sərvətlərin talan edilməsinə, təbiətin məhv olmasına imkan verməyəcək. Xalqımız sərvətlərinə sahib çıxmaqda qərarlıdır və aksiyanın fasiləsiz şəkildə davam etdirilməsi, günü-gündən genişləndirilməsi buna sübutdur.
 
 Bu aksiya, həm də Azərbaycan xalqının separatizmə qarşı olduğunu, erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcəyini göstərir. Aksiyada səsləndirilən əsas tələblərdən biri Laçın dəhlizində şəffaflığın təmin edilməsi ilə bağlıdır. Məhz bunun üçün aksiyaçılar tələb edir ki, Laçın dəhlizində Azərbaycanın dövlət qurumlarının fəaliyyəti təmin edilsin. Çünki Azərbaycan dövlətinin nəzarəti olmadan Laçın dəhlizində şəffaflığı təmin etmək mümkün deyil. Bu aksiya həm də separatizmə, onun hər cür təzahürünə qarşı yönəlib və regionda sabitliyin, təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir.

  Millət vəkili Azər Badamov isə hesab edir ki, QHT, ictimai birliklər və bütövlükdə, vətəndaş cəmiyyəti institutları ölkə üçün vacib əhəmiyyət daşıyan bir sahədir. Bu təşkilatların beynəlxalq əlaqələr baxımından müstəsna rolu mövcuddur. Bu baxımdan QHT-nin beynəlxalq şəbəkəyə çıxışı çox mühüm məsələ kimi qəbul olunur.

  Deputat “Sherg.az"a açıqlamasında ölkəmizdəki QHT sektorunun Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, erməni cinayətlərinin ifşa edilməsində, işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən quruculuq işləri haqqında yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında mühüm rol oyandığını bildirib:
“Dövlət QHT-nin inkişafına dəstək göstərir və ölkənin ictimai-siyasi həyatında iştirakı üçün şərait yaradır. QHT-nin inkişafı və fəaliyyəti ölkəmizin inkişafına və müstəqilliyin möhkəmlənməsinə xidmət edir. O cümlədən, haqq səsimizin dünyaya çatdırılmasında da QHT-nin rolu qeyd olunmalıdır.
  İşğaldan azad olunmuş ərazilərə QHT nümayəndələrinin səfərləri mütəmadi təşkil olunur. Təbii ki, QHT nümayəndələrinin də xarici auditoriyalara çıxmaq imkanları mövcuddur. Ona görə də onların Şuşaya və digər işğaldan azad olunmuş ərazilərə səfərləri onlarda öz gözləri ilə mövcud reallığı görərək daha dolğun məlumatlar formalaşdırır. Hesab edirəm ki, QHT nümayəndələrinin, jurnalistlərin və xarici qonaqların işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili genişlənməlidir. Çünki bütün dünya Azərbaycanın iqtisadi gücü, quruculuq bacarıqları və erməni vandalizmləri barəsində geniş məlumatlanmalıdır. Təəssüflər olsun ki, son vaxtlar Ermənistan tərəfindən Azərbaycana qarşı yeni yalan, böhtan kampaniyasına başlanılıb. QHT-nin kifayət qədər potensialı var ki, beynəlxalq təşkilatları, xüsusilə ATƏT-i, Avropa İttifaqını, BMT-ni, Avropa Şurasını, onların digər qurumlarını bu istiqamətdə həm məlumatlandırsın, həm də onları Qarabağda quruculuq prosesinə, xüsusilə də ərazilərin minalardan təmizlənməsi prosesinə cəlb etsin”.