Ermənistanda qarşıdurma: Yaxın günlərdə iğtişaş başlayacaq  - RƏY

Ermənistan hazırda vətəndaş qarşıdurmasının astanasındadır

“Paşinyan komandasının Ermənistanda olan sosial böhranı həll edə bilməməsi vəziyyəti daha da gərginləşdirib”

  “Ermənistan küçələrində yaxın günlərdə xaos başlayacaq”. Bunu erməni şərhçi Samvel Ohanesyan deyib.
  Ermənistanın vətəndaş qarşıdurmasının astanasında olduğunu anons edən S.Ohanesyan  deyib ki, yaxın günlərdə ölkədə iğtişaş başlayacaq: “Ölkə kiçik iğtişaşlarla da sarsıla bilər. Bu, xırda şeylərdən, məsələn, kənddə suyun olmaması səbəbindən də baş verə bilər. Bunlar baş verərsə, Ermənistanı heç kim xilas etməyəcək. Özümüzü içimizdən yeyirik. Xalq həyəcanlıdır və hər an əhalinin getdikcə daha çox yeni təbəqələrinin cəlb olunacağı bir qarışıqlıq başlaya bilər.
  Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə “Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistanda siyasi və iqtisadi  vəziyyət olduqca gərgindir: 

“Xalqa verilən vədlərin yerinə yetirilməməsi və son iki il ərzində Nikol Paşinyan komandasının Ermənistanda olan sosial böhranı həll edə bilməməsi vəziyyəti daha da gərginləşdirib. Vəd olunan əsas prioritetlər sırasında iqtisadiyyatı canlandırmaq, əhalinin məişət şəraitinin yaxşılaşdırılması və beynəlxalq aləmə inteqrasiya dururdu. Ermənistan iqtisadiyyatı tənəzzül dövrünü yaşayır və bu da erməni cəmiyyətində xaos, ümidsizlik və bədbinlik yaradır.  Ermənistanın müvafiq qurumlarının açıqladığı statistikadan da görünür ki, ölkəni birdəfəlik tərk edənlərin sayı hər gün artır. Mütləq və daimi miqrasiya həddinin bu qədər böyük olması, ölkəni tərk edənlərlə müqayisədə ölkəyə gələnlərin sayının kəskin  azlığı, siyasi  qüvvələr arasında  konfrantasiyalar, müxalifət liderlərinin,  Robert Koçaryanla Serj Sarkisyanın böyük bir məğlubiyyət və ümidsizlik eyforiyası  içərisində  son aylar siyasi proseslərdə pərdə arxasına keçməsi, radikal milliyyətçi qüvvələrin, “Daşnaksütyun”, “ASALA” kimi terrorçu ideologiyalara xidmət edən fərdlərin  Ermənistan ərazisində at oynatması  ölkədə olan  xaotikliyi gücləndirir. Ermənistanın daxilində hakimiyyətin fərqli düşüncədə olanlara qarşı basqılar da gərginliyin artmasına səbəb olur. Bütün bu proseslər də Ermənistanda vətəndaş müharibəsinin qaçılmaz olduğunu göstərir. İctimai depressiya və qəzəb fonunda xalqın siyasi qüvvələrlə rabitəsinin tamamilə itməsi daxili iğtişaşların  çox yaxın günlərdə baş verəcəyinə zəmin yaradır” .