“Masaya qoyulan Qarabağdakı ermənilərin taleyidir” - Asəf Quliyev 

 “Açıq deyək ki, bu gün rəsmi Bakı ermənilərin Qarabağda qalmasında maraqlıdır”

“Çoxları hərbi əməliyyatların qaçılmazlığını proqnozlaşdırır, amma məncə, hərbi əməliyyatlar olmayacaq”



  İçərisində 40 ton un məmulatları olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunda gözləyir.  Uzun müddətdir “aclıq şousu” yaradan  Qarabağ erməniləri  isə onların ehtiyaclarını qarşılamaq üçün Azərbaycanın  göndərdiyi  yardımdan imtina edir. Qarabağda baş verən bu məsələ dünya ölkələrinin də diqqətindədir. 
  Mövzu ilə bağlı “Sherg.az"a müsahibə verən siyasi şərhçi Asəf Quliyev isə deyib ki, Azərbaycanın Qarabağda yaşayan erməni əsilli vətəndaşların ərzaq təminatı ilə bağlı addım atması təqdirəlayiq haldır. Bunu başqa cür qiymətləndirmək artıq qərəzçilikdən başqa bir şey deyil. Doğrudur, bunu daha əvvəldən və bir qədər fərqli formatda etmək olardı. Amma bunlar artıq geridə qaldı. 

- Xankəndinin müharisədə qalması ilə bağlı ermənilərin dünyaya saldığı hay-küylü müzakirələrdə, xüsusən də BMT Təhlükəsizlik Şurasının mümkün müzakirələrində əlimizi nə qədər gücləndirəcək?

- Sözsüz ki, Azərbaycanın bu addımı Qarabağ regionundakı qarşıdurmadan müxtəlif maraqlarını təmin etmək istəyən qüvvələr tərəfindən xoş qarşılanmayacaq. Fransa, Rusiya, Ermənistanın özü yaranmış situasiyada öz maraqları çərçivəsində çıxış edərək müəyyən dividendlər qazanmaq istəyir. Amma bütün cəhdlər əbəsdir. 
Azərbaycana qarşı müxtəlif platformalarda təzyiq etmək cəhdləri göz qabağındadır. Amma heç birinin nəticəsi olmadı. Çünki həm hüquqi, həm siyasi, həm diplomatik ədalət Azərbaycanın tərəfindədir. Bununla yanaşı hamı bilir ki, Azərbaycanın gücü də var. Bu güc olmasaydı, yəqin ki, maraqlı qüvvələrin təzyiqi və təsiri də fərqli nəticələr verə bilərdi. 
Ona görə də baş verənlərin Azərbaycan üçün ciddi təsiri olacağını düşünmürəm. Bu gün masaya qoyulan Qarabağdakı ermənilərin taleyidir. Açıq deyək ki, bu gün rəsmi Bakı ermənilərin Qarabağda qalmasında maraqlıdır. Bunun müxtəlif səbəbləri var. İndi erməni xalqı qərar verməlidir ki, Qarabağda erməni qalacaq, yoxsa yox. Rusiyanın, Fransanın atdığı addımlar Qarabağdakı ermənilərin oranı tərk etməsi ilə nəticələnə bilər. 
  Rəsmi Bakı informasiya cəbhəsində uğurlu addımlar atsa, BMT-də və ya digər beynəlxalq qurumlarda  müzakirələr Azərbaycanın mövqelərini möhkəmlədəcək. Əks təqdirdə biz yenə heç nə itirməyəcəyik. Sadəcə, zaman itiriləcək. 
  Sonda bir məsələni də diqqətinizə çatdırım. Qarabağda mənim şəxsən tanıdığım bir çox şəxslər var ki, son iki gündə həm Rusiyanın, həm Fransanın addımlarını siyasi şou, görüntü xatirinə atılan addım kimi dəyərləndirib. Hətta onlar arasında Rusiya ilə ermənilərin münasibətlərini qorxaqlıq və axmaqlıq adlandıranlar da var. Bu çox ciddi siqnaldır.

- Niyə Xankəndiyə göndərilən un dolu TIR-ların “humanitar yardım” yox, “humanitar yük” kimi təqdim olunmasını daha uyğun hesab edirsiniz?

- Dövlət öz vətəndaşına yardım etməz.  Vətəndaşı təmin etmək dövlətin vəzifəsidir. Ona görə humanitar yardım yazmaq düz deyil.
  Əslində humanitar sözünün özü də düz deyildi. Amma humanitar yük vəziyyətdən çıxış üçün yeganə variantdır. Çünki yük kommersiya xarakterli, hərbi təyinatlı yox, məhz humanitar xarakterli idi. Deyə bilərsiniz ki, Qızıl Aypara dövlət deyil.
  Amma hamı bilir ki, birinci şəxsin iradəsi olmasa, Novruz Aslan 40 ton un yox, heç bir çörək də apara bilməzdi.  Həm də ki Qızıl Aypara doğrudan da müstəqil hərəkət etsəydi, bu, ikiqat biabırçılıq olardı ki, dövlətin ac qoyduğu vətəndaşa Qızıl Aypara yardım edir?!

- Son olaraq, Xankəndi sərhədində saxlanılan yük dolu TIR-ların taleyi necə olacaq? Hər iki tərəfdən ermənilərə  ərzaq göndərilib. Fransadan gələnləri Laçın yolundan Azərbaycan buraxmır. Ağdam yolundan gedən Azərbaycan yardımını da ermənilər  istəmir. Həm  bu məsələdə regionda marağı olan qüvvələr, həm də Azərbaycan-Ermənistan tərəfi  ortaq məxrəcə gələ biləcəkmi? Azərbaycanın şərtləri qəbul ediləcəkmi?

- Qarabağ erməniləri Qızıl Ayparanın ununu qəbul etməyəcək. 
Azərbaycan isə Fransanın humanitar karvanını Laçın dəhlizindən buraxmayacaq.  Böhran dərinləşəcək.  Çoxları dərinləşən böhran fonunda hərbi əməliyyatların qaçılmazlığını proqnozlaşdırır, amma məncə, hərbi əməliyyatlar olmayacaq. Məsələ masada həllini tapmalıdır. Ola bilər ki, diplomatik kanallarla təmaslar var. Amma nəticə yoxdur. Nəticə olsa dərhal ikitərəfli və ya üçtərəfli görüş ola bilər. Və yaxud da BMT strukturları məsələyə müdaxilə edə bilər.  Ən çox ehtimal edilən BMT strukturlarının iştirakı ilə bölgədə yaranmış humanitar situasiyaya müdaxilə edilməsidir.