Arutyunyanın "istefası" xaosun qarşısını ala bilməyəcək

Rusiya başqa bir adamın əli ilə bölgədəki vəziyyətə tam nəzarət etmək istəyir

Qarabağdakı qondarma quruma rəhbərlik edən Araik Arutyunyan istefa verib. 

Arutyunyan bu barədə özünün feysbuk hesabında məlumat verib. Qeyd edək ki, A.Arutyunyan "dövlət naziri" postundan Qurgen Nersisyanı çıxarıb yerinə "Təhlükəsizlik Şurasının katibi" Samvel Şahramanyanı gətirdikdən sonra istefa verib.
  
Qeyd edək ki, Arutyunyan sosial mediadakı müraciətində müharibədə  məğlubiyyət acısı yaşadıqlarını qeyd edib. 
"Dəyişikliklər məndən başlamalıdır " deyən  Arutyunyan  öz müraciətində bildirib ki, 2020-ci ilin mayında “prezidentlik” fəaliyyətinə başladıqdan sonra “Artsax”ın “sərhədlərini” gücləndirməyə başlayıb, amma 44 günlük müharibə ərzində Azərbaycan qalib gəlib: “Əlbəttə ki, məğlubiyyətin bütün günahını dörd aylıq “prezidentin” üzərinə yıxmaq olar və mən məsuliyyətdən qətiyyən yayınmıram, amma inanın ki, bizim hər birimizin öz statusuna görə məsuliyyət payı var idi. Hər halda, mən bir neçə dəfə bəyan etmişəm, indi də günah payıma görə erməni xalqından bir daha üzr istəyirəm”. 
  
Arutyunyan istefasından sonra da Qarabağda yaşayacağını bildirib:

“Mən ailə üzvlərimlə “Artsax”da yaşamağa davam edəcəyəm. Mənim bu addımım həm də “Artsax”da daxili sabitliyin və möhkəm ictimai asayişin təmin edilməsinə yönəlib. Bütün ehtimallara baxmayaraq, bizim daxili sabitliyimiz və ictimai həmrəyliyimiz bütün uğurun ilkin şərtidir və ondan hər hansı bir sapma və ya yayınma cəhdi istisna edilməlidir”.
  
Arutyunyanın fikrincə, onun istefası regionda vəziyyətin sülh yolu ilə nizamlanması prosesinin intensivləşməsinə kömək etməlidir. Separatçı vurğulayıb ki, hazırda onun "Dağlıq Qarabağ"ın başında olması Azərbaycan rəhbərliyinin ciddi narazılığına səbəb olur və bu, danışıqların gedişində maneəyə çevrilir.
  
Separatçı onu da qeyd edib ki, son vaxtlar "Dağlıq Qarabağ sakinləri"nin yerli hakimiyyət orqanlarına inam səviyyəsi xeyli aşağı düşüb, ona görə də "dövlət institutlarının genişmiqyaslı yenilənməsi prosesinə başlamaq lazımdır: "Bu, son qərardır, mən son həftələrdə daxili və xarici aktorlarla, eləcə də geniş ictimaiyyətlə əlaqələrimi nəzərə alaraq bu qərarımı iki gün əvvəl vermişəm. Bu, yalnız məndə olan məlumatların təhlili əsasında qəbul edilmiş, balanslaşdırılmış qərarımdır”. Arutyunyan "istefa" ərizəsini sabah qondarma "parlamentə" təqdim edəcəyini bildirib. 
  
Məlumat üçün bildirək ki, separatçı Arutyunyanı əvəzləyən Samvel Şahramanyan "dövlət naziri" Qurgen Nersisyanın da istefasından sonra tam olaraq qondarma rejimin rəhbəri vəzifəsini daşıyır. 
  
O, 1978-ci ilin dekabrın 1-də Xankəndidə anadan olub. İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndidəki universitetə keçib və 1999-cu ildə oranı bitirib. Qarabağdakı separatçı dəstənin "milli təhlükəsizlik xidməti”nin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub.
 
 Hərbi rütbəsi general-mayordur. 1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə "xidmət” edib. O, 1999-2008-ci illərdə Ukraynada xidmət edib. 2008-ci ildən Qarabağdakı qondarma qurumda bir sıra "vəzifələrdə” çalışıb. 29 may 2020-ci il tarixdə qondarma sərəncamla "general-mayor” olub.

  Onu da qeyd edək ki, cari ilin martın 1-də Samvel Şahramanyan Azərbaycan tərəfi ilə Xocalı dialoqunda iştirak edib.
 
 Qarabağdakı qondarma rejimin "dövlət nazirinin müşaviri" Artak Beqlaryan da istefa verib. O, separatçıların "ombudsman"ı kimi məşhurlaşmışdı.
 
 “Araik Arutyunyana Qarabağ ermənilərindən təzyiq olmayıb”. 
Bu sözləri isə erməni mediasına açıqlamasında Qarabağdakı separatçı rejimin nümayəndələrindən, qondarma qurumun oyuncaq parlamentinin üzvü Metaxe Akopyan deyib. 
 
 Onun sözlərinə görə, Arutyunyanın getməsi labüd idi, çünki onun rəhbərliyi zəif və qərar qəbul etmək iqtidarında deyildi.
 
 “Müharibədən dərhal sonra istefa verilsəydi, daha yaxşı olardı”, - deyə Akopyan bildirib. Erməni separatçıya görə, eyni dəyişiklik Ermənistanın özündə də baş verməlidir.
 
 Erməni mediasında yer alan məlumatlara görə,  A.Arutyunyanın "istefası"nı Bakının Ağdam yolu ilə yük göndərməsi daha da sürətləndirib.  Bu zaman daxili qüvvələrin bəziləri bu təklifi qəbul etməyi tələb ediblər. Nəşr iddia edir ki, əslində bir müddət sonra Qarabağda həqiqi aclıq başlayacaq və əhali bütün şərtləri qəbul edəcək.
Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn isə deyib ki, qondarma "respublikanın" qondarma "prezidentinin" və qondarma "dövlət nazirinin "istefa"ları vəziyyəti mahiyyətcə dəyişməsə də, bölgədə 10 min say civarında silahlı terrorçu qruplaşmanın mövcudluğu nəzərə alınarsa prosesin nəzarətdan çıxması təhlükəsini dərinləşdirir və  dinc əhalinin yaşamı üçün ölümcül təhdid yaradır. Dərhal qeyri-qanuni birləşmələrin tərksilahı və təslim olması üçün ultimatum verilməli və Azərbaycan Silahlı Qüvvələri Xankəndi daxil bölgənin təhlükəsizliyinin təmin olunması üçün hərəkətə keçib sahəni nəzarətə götürməlidir.
  
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da  hesab edir ki,  Araik Arutyunyanın "istefası" Xankəndidəki xaosun qarşısını ala bilməyəcək: 
"Onun "vəzifəsini” müvəqqəti icra edən növbəti separatçının iki seçimi olacaq: ya Arutyunyanın təxribatçı siyasətini davam etdirmək, ya da Bakı ilə dialoqa razılaşmaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin etmək. Bu iki seçim də separatçıların yeni "liderini” xilas etməyəcək. Hər iki variant separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Bu, bizim üçün faydalıdır. Bir məsələ də var: Separatçıların işğal altındakı bölgədə "prezident seçkisi” keçirməsinə imkan verməməliyik!”.
  
Siyasi şərhçi Turab Rzayev isə “Sherg.az”a açıqlamasında deyib ki, Araik Arutyunyanın  istefasına müxtəlif yanaşmalar  irəli sürmək olar. İlk ağla gələn versiya odur ki, Azərbaycan tərəfi Xankəndiyə reinteqrasiya və Ağdam-Xankəndi yolunun açılmasında israrlıdır: “Reinteqasiya ilə bağlı biz Bakıda və Yevlaxda görüş də təklif etmişik. Arutyunyan isə 44 günlük müharibənin birbaşa iştirakçısıdır, ondan əvvəl isə Qarabağdakı erməni separatçılarının siyasi rəhbərliyində təmsil olunub. Müharibə dövründə Şuşadakı kilsədə xaç çevirib sona qədər döyüşəcəklərini də bəyan etmişdi. Hərçənd ki, müharibənin gedişində ortalarda görünmədi. Deməyim odur ki, Araikin bioqrafiyası  Azərbaycan tərəfi üçün arzuolunmaz şəxs olduğunu göstərir.  Belə bir şəraitdə Azərbaycan tərəfi ilə reinteqrasiya  danışıqlarında onun  iştirakı müsbət qarşılanmayacaqdı. 

Ona görə də onun yerinə Azərbaycanın qəbul edə biləcəyi, müharibədə iştirak etməmiş yeni bir sima lazımdır. Digər səbəb isə daxili məsələlərlə bağlı ola bilər. Bilirsiniz ki, hazırda Qarabağ daxilindəki  separatçılara rəhbərlik uğrunda 5-6 klan  mübarizə aparır. Ola bilsin ki, Araik  Arutyunyanla həmin qüvvələrin maraqları kəsişib. 

Bilirsiniz ki, bundan əvvəl  Araikin Azərbaycanla razılaşması, reinteqrasiya prosesinə, Ağdam-Xankəndi yolunun açılmasına  icazə verməsi kimi ittihamlar səslənirdi. Çox güman ki, siyasi rəqibləri məhz bu cür  xəbərləri öncədən paylaşaraq onun istefasına nail oldular”. 

T. Rzayevə görə, bu hadisədə kənar təsirlər də istisna deyil.   Ermənistanın Baş naziri Nikol Paşinyan separatçılara rəhbərlik edən şəxsin ona daha  yaxın adamlardan biri olmasını istəyir: “Həmçinin Rusiyanın  maraqları da  istisna deyil. Bilirsiniz ki, Rusiya bölgədəki vəziyyəti ələ almaq üçün Ruben Vardanyanı göndərmişdi. Lakin  Vardanyanla Araik arasındakı münasibət gərginləşdi, Vardanyan nəzarəti itirdi. Ola bilsin ki, Rusiya başqa bir adamın əli ilə bölgədəki vəziyyətə tam nəzarət etmək istəyir”.