Azərbaycanın artan gücü və nüfuzu ortadadır

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Ermənistan aşkarlanan hər bir kütləvi məzarlığa görə cavab verməli olduğunu dərk edir



  Ermənistan həm Birinci, həm də İkinci Qarabağ müharibələrində azərbaycanlılara qarşı amansız müharibə cinayətləri törədib. Ermənilərin qəddar əməllərini, vəhşi xislətini təkcə Xocalı soyqırımını göz önünə gətirməklə anlamaq kifayət edir. Amma təəssüf ki, onların müharibə cinayətləri bəşəriyyətin utancı olan Xocalı soyqırımı ilə bitmədi. Ermənilərin dinc insanlara qarşı dəhşətli cinayətləri saysız-hesabsızdır. Bunun izlərindən biri də 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə aşkarlanan kütləvi məzarlıqlardır. Həmin məzarlıqlarda aşkar edilən insan qalıqları ilə bağlı aparılan müvafiq araşdırmalar onların xüsusi işgəncələrlə qətlə yetirildiyini sübut edir.

Qeyd edək ki,  Edillidə aşkar edilən kütləvi məzarlıqda qətlə yetirilmiş azərbaycanlıların nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub.

Bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hazırladığı hesabatda öz əksini tapıb. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə, xüsusən Xocavənd, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında, eləcə də Şuşa şəhərinin ətrafında bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı məlumatlar vardır: “Bugünədək Kəlbəcər rayonunun Başlıbel, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Seyidəhmədli kəndlərində və adıçəkilən rayonların digər yaşayış məntəqələrində bu cür məzarlar aşkarlanıb.
 
 Aşkar edilən kütləvi məzarlıqlar və insan qalıqları Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlıların amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirildiyini, nəşlərinin kütləvi şəkildə basdırıldığını deməyə əsas verir.
 
 Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıqda Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilmiş 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub.
 
 Eləcə də Edillidə tapılmış məzarlıqda basdırılmış Azərbaycan hərbi qulluqçularının əl və ayaqlarının məftil və ya kəndirlə bağlanması kimi faktlar aşkarlanıb.
 
 Bu istiqamətdə aparılmış növbəti tədbirlər zamanı Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb. Fərrux kəndi yaxınlığında tapılmış qalıqların ekspertizası nəticəsində Ermənistan tərəfinin iddialarının əksinə olaraq, insanların heç bir qəbirüstü abidə və ya tanınma lövhəsi olmadan dəfn edildiyi və antropoloji təhlilə əsasən, həmin insan qalıqlarının Azərbaycan türklərinə aid olduğu üzə çıxıb.
5 Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 62 nəfər Azərbaycan hərbçisi Birinci Qarabağ müharibəsi zamanı 1992-1993-cü illərdə Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Eyni zamanda toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonunun Pirlər kəndində 46, Ağdam rayonunun Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb”.
  
Millət vəkili Ceyhun Məmmədov isə "Sherg.az"a  bildirib ki, Edilli kütləvi məzarlığı Ermənistanın əsl mahiyyətini ortaya qoyur. Deputat deyib ki, ötən əsrin əvvəllərində olduğu kimi 1990-cı illərin əvvəllərində də ermənilər tərəfindən xalqımıza qarşı soyqırım, etnik təmizləmə siyasəti həyata keçirilib: "1992-ci ildə Xocalı soyqırımı, sonrakı illərdə Daş Başı, Daşaltı, Başlıbel, Malıbəyli kəndlərində ermənilər azərbaycanlılara qarşı xüsusi amansızlıqla divan tutublar. Bu günə qədər 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı heç bir məlumat yoxdur. I Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə xüsusi amansızlıqla qətlə yetirilməsini azad edilən torpaqlarımızda aşkar edilən kütləvi məzarlıqlar da bir daha ortaya çıxarır. 
Çox təəssüf ki, dünya birliyi bununla bağlı heç bir reaksiya verməyib. UNESCO və digər beynəlxalq təşkilatlar bu gün ermənilərin azərbaycanlılara qarşı soyqırımı və digər insanlıq əleyhinə olan cinayətlərinə reaksiya vermir. Bu, Azərbaycana qarşı olan ikili yanaşmaların növbəti nümunəsi hesab edilməlidir. Amma bunun əksinə Azərbaycana qarşı Ermənistan tərəfindən heç bir əsası olmayan məsələyə az qala qərəzli siyasəti özünün dövlət mahiyyətinə çevirmiş ölkələr bizə qarşı ittihamlar irəli sürürlər.
  Onu da qeyd edək ki, Xocavənd rayonunun Edilli kəndində 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqların aşkar edilməsi də növbəti erməni vəhşiliyinin, insanlıq əleyhinə cinayətin bariz nümunəsidir".
  Deputat onu da qeyd edib ki, Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən Cenevrə Konvensiyaları iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozub. Öz beynəlxalq-hüquqi öhdəliklərinə məsuliyyətsiz münasibət göstərib: "Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiq olub. Dörd Cenevrə konvensiyasının iştirakçısı olan dövlətimiz, humanizm prinsipini əsas tutaraq daima beynəlxalq humanitar hüququn normalarına riayət edib. Daxili qanunvericiliyimizdə onların tam implementasiyasını həyata keçirmişik. Beynəlxalq təşkilatlar nəhayət Ermənistanın insanlıq əleyhinə, azərbaycanlılara qarşı soyqırımı cinayətlərinə real qiymət verməlidir. Bu olmadıqca özünün məkrli mahiyyətindən uzaqlaşmayan Ermənistan daha da aqressiv, təxribatçı siyasət həyata keçirməkdə davam edəcək".
  Millət vəkilinin sözlərinə görə,  44 günlük müharibədən sonra dəyişən reallıq, Azərbaycanın artan gücü və nüfuzunun fərqində olan Ermənistan aşkarlanan hər bir kütləvi məzarlığa görə cavab verməli olduğunu dərk edir: "Ermənistan kütləvi məzarlıqların koordinatlarını verməkdən yayınır, amma Fərruxda, Edillidə, o cümlədən, Seyidəhmədlidə aşkarlanan kütləvi məzarlıqlar İrəvanın cəhdlərinin faydasız olduğunu nümayiş etdirir. Ermənistanın kütləvi məzarlıqların koordinatlarını verməkdən yayınması cinayətdir. Ermənilər hələ də cinayət faktlarını gizlətməklə yeni cinayətlər törətməkdə davam etsələr də, işğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa prosesi aparıldığı üçün mütəmadi olaraq kütləvi məzarlıqlar aşkar edirik. Yəni İrəvanın artıq qaçmağa yeri yoxdur və hər bir cinayətə görə icraçılarla yanaşı, cinayətin təhrikçi, təşkilatçı və köməkçiləri də məsuliyyətə cəlb olunmalıdır. Nəzərə alsaq ki, bu əməllər Ermənistanda dövlət siyasətinin tərkib hissəsi kimi törədilib, dövlət tərəfindən dəstəklənib, deməli, Ermənistan dövləti və odövrkü hakimiyyət, eləcə də bu əməllərə hələ də haqq qazandıraraq hüquqi qiymət verməkdən yayınan sonrakı bütün erməni iqtidarları da bu vəhşiliklərə görə məsuliyyət daşıyırlar".