Müharibə olmayacaq, amma...

Bu vaxt aralığında qlobal oyunçular gərgin situasiyanı “həll etmək” yarışına girişəcəklər

Belə vəziyyət sülh gündəliyinə mənfi təsirlər göstərə biləcək elementləri özündə daşıyır
  
Erməni tərəfi şərti Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyindən “Sherg.az”a verilən məlumata görə, sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirib.

  Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir.
  
Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır. ”Bildiririk ki, yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirlikdən qeyd olunub.
  
Ermənistanın təxribatına cavab olaraq görülən tədbirlər nəticəsində iki erməni əsgər məhv edilib, biri yaralanıb. Bu barədə Ermənistanın "Qraparak” nəşri məlumat yayıb. Ermənistan Müdafiə Nazirliyi vəziyyət barədə bir azdan açıqlama yayacağını bildirib.

  Azərbaycan Müdafiə Nazirliyinin yaydığı digər məlumatda isə bildirilir ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
 
 Nəticədə üç hərbi qulluqçumuz yaralanıb. MN qeyd edib ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.
 
 Hərbi ekspert Tərlan Eyvazov “Sherg.az”a  açıqlamasında deyib ki, təxribatın arxasında ermənilərin Xankəndi ətrafında yaşanan proseslərlə bağlı beynəlxalq müstəvidə qaldırdıqları ümidlərinin puç olması dayanır. Onun sözlərinə görə, Azərbaycanın Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağda yaşayan ermənilərə ərzaq yükü göndərməsi, Fransanın göndərdiyi humanitar yardımın Laçın yolundan Xankəndiyə keçməsinə icazə verilməməsi Ermənistanla şərti sərhəddə gərginliyə səbəb olub: “Ermənistanın və ona havadarlıq edən lobbinin BMT səviyyəsində qaldırdıqları “aclıq şousu”nu da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə göndərdiyi humanitar yardım ifşa elədi. Ermənilər də hər zamankı kimi sərhəddə təxribat törədərək dünyanın diqqətini özünə yönəltmək istəyir. Guya, Azərbaycan tərəfi Laçın yolunu bağlı saxlayaraq Xankəndidə yaşayan ermənilərə gedən yardımların qarşısını kəsir. Bu tərəfdən də sərhəddə Ermənistan ordusu ilə savaşır. Bütün bunlar isə heç şübhəsiz, ilin sonuna qədər imzalanmalı olan Sülh müqaviləsinin ertələnməsinə hesablanıb. Əks halda Ermənistan Azərbaycan tərəfinin haqlı arqumentləri nəticəsində sülh müqaviləsini bağlamağa məcbur qalacaq. Əllərində heç bir əsaslı fakt olmadığı üçün provakasiyalarla dünyanın başını qatır. Bu arada isə şəxsi heyətini gücləndirir, hərbi texnikalarının sayını artıraraq itirdikləri mövqeləri geri almaq arzusundadırlar”.

  T.Eyvazovun fikrincə, budəfəki təxribatların genişmiqyaslı əməliyyatlarla nəticələnməsi real deyil: “Yuxarıda da qeyd etdiyim kimi, hazırda Ermənistanın müharibə üçün nə iqtisadi, nə də hərbi gücü var. Amma müxtəlif zamanlarda lokal döyüşlərin və təxribatların olması istisna deyil. Yəni ermənilər yeni aldıqları silahlar vasitəsilə mövqelərimizə zərbələr vurmağa cəhd edəcək. Azərbaycan Ordusuna qarşı genişmiqyaslı hücum əməliyyatı edib Laçın dəhlizini ələ keçirməsi kimi ehtimallar isə absurddur. Ermənistanın Azərbaycanla açıq müharibəyə girəcək gücü yoxdur”.

  "Erməni təxribatının arxasında Rusiya, yoxsa Fransa faktoru dayanır" sualına gəldikdə isə hərbi ekspert deyib ki, Rusiyanın bölgədəki vəziyyəti nəzarətdə saxlamaq istəyi həmişə aktual məsələdir. Amma indiki halda Rusiya Ukrayna ilə genişmiqyaslı müharibə aparır. Belə bir vəziyyətdə sülhməramlı missiyasını icra etdiyi bir bölgədə münaqişə ocağının alovlanmasına cəhd etməz. Budəfəki təxribatların arxasında birbaşa Ermənistanın siyasi rəhbərliyi və onlara havadarlıq edən Fransa dayanır.

  Siyasi şərhçi Aqşin Kərimov isə “Sərhəddə toqquşma: Azərbaycan Ermənistanın dərinliklərinə nüfuz edə bilər” başlıqlı təhlilində qeyd edib ki, Ermənistanın Azərbaycanla şərti sərhədin Kəlbəcər istiqamətindəki təxribatı, aldığı adekvat cavablarla itkilər verməsi regiondakı alovların üzərinə benzin tökülməsinin nəticəsidir.
  Siyasi şərhçi diqqət çəkən məqamlara toxunub. Onun sözlərinə görə, Araik Arutyunyan Qarabağdakı qondarma vəzifəsindən “istefa” verib: bunun həm Rusiya, həm Qərb üçün sərfəli olmayan tərəfləri var;
- Ermənistan bundan və Fransanın regionda aktivləşmək cəhdlərindən vəcdə gələrək sərhəddə təxribata gedir;
- Ermənistan Azərbaycan mövqelərinə qarşı zərbə PUA-ları tətbiq etməklə müdafiə sənayesi sahəsində irəlilədiyini göstərir və bununla regiondakı vəziyyətə təsir edə biləcəyi xəyallarına qapılır;

- Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə gözlənilən görüşü öncəsi Bakı-Ankara strateji müttəfiqliyinin Moskva və Qərblə münasibətlərini gərgin vəziyyətə salmaq üçün oxlar atılır.
  
Vəziyyətin dramatikləşməsi gözlənilən bir situasiyadırsa, Azərbaycanın da təxribatlara genişmiqyaslı cavablar verməsi bir o qədər realdır. Ermənistan-Azərbaycan şərti sərhədindəki toqquşma delimitasiya prosesinə dair diplomatik-siyasi danışıqları arxa plana ataraq güc tətbiqi variantını gündəmə oturdur.
 
 Bəli, təxribatlar davam etsə, Azərbaycan sərhədlərin delimitasiyası üçün lazım olan daha bir səddi hərb yolu ilə keçib yeni mövqelərdə yerləşə bilər.
  
Regiondakı tablonu qarışdıra biləcək başqa bir ölkə isə İrandır, xüsusilə Tehranın Yaxın Şərq regionunda fəallaşmasının nəticələri Cənubi Qafqazda da izlər buraxa bilər”.
 
 A.Kərimovun sözlərinə görə, İrəvan yuxarıda qeyd edilənlərlə yanaşı, İranın aktivlik fazasını yeniləməsini özünün Cənubi Qafqazdakı işğalçı maraqları üçün zəmin hesab edir. Ermənistanın regiondakı provokasiyasından sonra Hindistan da İrəvan üçün xeyirli tezislərini səsləndirməyi sürətləndirə bilər.
  
Ancaq Ermənistanın gümanlarının yenə onu yanıldacağı dəqiqdir, lakin bu vaxt aralığında qlobal oyunçular gərgin situasiyanı “həll etmək” yarışına girişəcəklər. Belə vəziyyət sülh gündəliyinə mənfi təsirlər göstərə biləcək elementləri özündə daşıyır.
  
Ermənistanın zərbə PUA-larına gəlincə, bu, strateji nəticələrə təsir edə biləcək potensiala malik deyil. Çünki Azərbaycanın arsenalında daha müasir zərbə PUA-ları, ən müasir raketlər mövcuddur. Azərbaycan elit qüvvələri ilə yanaşı, həmin silahları da Ermənistanın lazım olan dərinliklərinə qədər nüfuz etdirib yeni reallıq ərsəyə gətirə bilər.