Özəlləşdirmə digər dövlət şirkətlərinə də tətbiq edilməlidir

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Dövlət resurslarına qənaət...

Bu idarəetmənin yaxşılaşdırılması və rentabelli çalışmasına geniş imkanlar yaradır

  Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncam, dövlət müəssisələrində institusional islahatların, restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin davam etdirilməsi, dövlətin iştirak payının azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının dövlət müəssisələrinin idarə edilməsində iştirakının genişləndirilməsi, korporativ idarəetmənin tətbiqinin şaxələndirilməsi və qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə qərara alınıb.
  Sərəncama əsasən, dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə, “Bakı Telefon Rabitəsi” MMC-yə,“Aztelekom” MMC-yə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə, “AzerGold” QSC-yə, “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavoduna, Karbamid zavoduna və Metanol zavoduna özəl investisiyalar cəlb ediləcək.
  Qeyd edək ki, qeyri-neft/qaz sektoruna birbaşa xarici investisiya cəlbinin təşviq edilməsi, dövlət mülkiyyətində olan aktivlərin özəl sektora transformasiya olunması “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da öz əksini tapıb.
  Bəs, dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi iqtisadiyyatın inkişafı baxımından nə dərəcədə əhəmiyyətlidir?
  Sözügedən sərəncamı şərh edən ekspertlərin fikrincə, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, milli iqtisadiyyatın neft-qaz amilindən asılılığının azaldılması hədəfləri kontekstində investisiya axınlarının sürətləndirilməsinə böyük ehtiyac var. Eyni zamanda bazar iqtisadiyyatı şəraitində iri dövlət müəssisələrinin fəaliyyətinin sağlamlaşdırılması və rəqabət mühitinin tələblərinə uyğunlaşdırılmasında özəl investisiyalara ciddi zərurət qalmaqdadır. Mütəxəssislərin fikrincə, özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulanlar sırasında bir sıra strateji dövlət müəssisələrinin - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “AzerGold” QSC və Dövlət Neft Şirkətinin strukturuna daxil olan “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodu, həmçinin Karbamid və Metanol zavodlarının olması xüsusi maraq doğurur. Geniş imkanlara malik bu iri dövlət müəssisələri ilə özəl sektor subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, investisiya – innovasiyayönlü layihələrin həyata keçirilməsi üçün əlavə stimul və potensial formalaşdıracaq.
  Nəticədə əlavə istehsal və xidmət zənciri üzrə müəssisələrin yaradılması, rəqabətqabiliyyətli və ixracyönlü sənaye məhsullarının istehsalının artırılması və çeşidinin genişləndirilməsi mümkün olacaqdır. Ümumilikdə isə özəl investisiyaların konsolidasiyası və özəl sahibkarlıq subyektləri ilə dövlət müəssisələri arasında olan əməkdaşlığın genişləndirilməsi sayəsində milli iqtisadiyyatın strukturu daha sürətlə şaxələnəcək və qeyri neft-qaz sektorundan asılılığı əhəmiyyətli səviyyədə azalacaq, iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi isə xeyli yüksələcəkdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin rəhbəri Günay Quliyeva Sərəncamın əhəmiyyətini şərh edərək bildirib ki, tapşırıqda nəzərdə tutulan məsələlərin icrası nəticəsində iqtisadi səmərəlilik yüksəldilə və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritetə uyğun olaraq, “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” daha da güclənə bilər.
  G.Quliyeva bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qeyd edildiyi kimi, iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlıq gücləndirilməli, yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır. Prioritetlərə uyğun olaraq, Azərbaycan iqtisadiyyatına özəl sərmayə cəlbinin artırılması üçün dövlət aktivlərinin bir hissəsinin özəl sektora müxtəlif mülkiyyət və idarəetmə formalarından istifadə etməklə ötürülməsi böyük əhəmiyyət kəsb edir.
Şöbə müdiri Sərəncamdakı daha mühüm bir məqama diqqət çəkib.
  O qeyd edib ki, iqtisadiyyatda dövlətin miqyasını optimallaşdırmaq və qeyri-dövlət investisiyalarının cəlbinin artırılması uzunmüddətli iqtisadi artımı dəstəkləyə bilər: “Təbii ki, bunun üçün ilk növbədə investisiyaya açıq müəssisələr, onların maliyyə ehtiyacları və həmin müəssisələrdə dövlət və özəl sektorun payının optimal nisbətini müəyyənləşdirmək zəruridir. Bütün bu məsələlər Sərəncamda öz əksini tapıb və özəl investisiyaya açıq dövlət müəssisələrinin siyahısı müəyyənləşdirilib. Digər tərəfdən, dövlət müəssisələrinə yeni və innovativ texnologiyalardan istifadə edən özəl şirkətlərin investisiya qoyması uzunmüddətli perspektivdə iqtisadiyyatda daha çox əlavə dəyər yarada bilər. Bütün bunlar sayəsində Azərbaycan qısa müddətdə qlobal dəyər zəncirinə qoşula bilər”.
  İİTKM təmsilçisi hesab edir ki, müəyyən strateji sahələr istisna olmaqla, digər sahələrdə dövlətin bilavasitə iştirakının optimallaşdırılması, həmin fəaliyyət növlərinin mərhələli şəkildə özəl sektora ötürülməsi nəticəsində iqtisadi səmərəliliklə yanaşı, dövlət resurslarına qənaət olunmasına və iqtisadiyyatın dövlət sərmayəsindən asılılığının azaldılmasına nail oluna bilər.
  İqtisadçı-ekspert Eyyub Kərimli isə hesab edir ki, hazırda ölkə Prezidenti tərəfindən özəlləşdirməsi nəzərdə tutulan 8 dövlət şirkəti kifayət qədər böyük və həcmli şirkətlərdir. Sözsüz ki, bunların xarici investorlar cəlb olunaraq özəlləşdirməyə çıxarılması həmin şirkətlərin rentabelliyini geniş formada artıracaq:

“Bu da gələcəkdə həmin şirkətlərin inkişafına böyük təsir göstərəcək, həm də idarəçiliyin şəffaflaşdırılmasına və menecmentin daha da səmərəliləşdirməsinə öz töhfələrini verəcək. Bu cür dövlət şirkətlərinin özəlləşdirilməsi gələcəkdə həm də yeni iş yerlərinin açılmasına öz müsbət təsirini göstərəcək. Digər tərəfdən, həmin şirkətlərdə neqativ halların qarşısının alınması prosesi başlayacaq".
  Ekspertin sözlərinə görə, bu özəlləşdirmə sayəsində xarici investorlar bura əlavə vəsait cəlb edəcək: "Həmin şirkətlərin fəaliyyəti daha çox büdcə vəsaiti hesabına keçirilirdi və özəlləşdirmə büdcədən onlara ayrılan vəsaitin azalmasına, onların özünü maliyyələşdirməsinə şərait yaradacaq. Digər tərəfdən, xarici investorların həmin şirkətlərin idarəçiliyinə cəlb edilməsi ölkədə xarici investisiya mühitinin daha da cəllbedici olması, xarici şirkətlərin ölkəyə investisiya qoymaq imkanlarına müsbət təsir göstərəcək. Həmçinin bu özəlləşdirmə şirkətlərin keyfiyyətcə yeni texnologiyalar tətbiq etməsində, müasir dövrün tələblərinə cavab verməsində əhəmiyyətli rol oynayacaq. Xarici investorlar bura əlavə vəsait cəlb edəcək. Rentabelliliyi və rəqabət qabiliyyətinin artırılması üçün müasir texnologiyanın tətbiqini həll edəcəklər. Bu baxımdan həmin şirkətlərin gələcəkdə böyüməsinə də özəlləşdirmə müsbət təsir göstərəcək".
  E.Kərimli deyib ki, özəlləşdirmə digər dövlət şirkətlərinə də tətbiq edilməlidir: "Hesab edirəm ki, bu formada özəlləşdirmə digər dövlət şirkətlərinə də tətbiq edilməlidir. Çünki idarəetmənin yaxşılaşdırılması və rentabelli çalışmasına geniş imkanlar yaradır. İllərdir müşahidə edirik ki, dövlət şirkətləri hər il dövrü zərərlə başa vurur. Bu da büdcədən əlavə vəsaitin ödənilməsi ilə nəticələnirdi. Bu baxımdan özəlləşdirmə gələcək üçün büdcə vəsaitlərinə qənaət edilməsinə əhəmiyyətli təsir edəcək".