Bıçaq sümüyə dirənib - Qarşısı alınmasa...

Qarabağa silah daşınır

Azərbaycan tərəfinin xəbərdarlıqlarını Rusiya tərəf gözardı edir


  Erməni separatçıların Qarabağ ərazisində Rusiya sülməramlılarının himayəsi altında qanunsuz əməlləri davam edir. Növbəti dəfə daha bir belə fakt qeydə alınıb.
  Yayılan videodan göründüyü kimi, Qarabağdakı qeyri-qanuni erməni silahlıları Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolundan silah-sursat daşıyır. Xatırladaq ki, daha öncə də Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin qanunsuz daşımalarına dair videolar yayılmışdı.
  Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə “Sherg.az"a açıqlamasında deyib ki, Rusiya sülhməramlı qüvvələrinin erməni separatçılarına silah-sursat daşıması qanunsuz və Azərbaycan ərazisindəki separatçıları silahlandırmaqla Azərbaycanın suverenliyini təhdid edir:

“Rus sülhməramlılarının separatçılara silah daşıması ilə bağlı bir neçə dəfə dövlət tərəfindən açıqlama verilib.
Laçın yolu bağlanmamışdan əvvəl də rus sülhməramlıları Ermənistandan silahlı qruplaşmalar üçün silah-sursat daşıyırdı. Azərbaycan tərəfinin xəbərdarlıqlarını Rusiya tərəf gözardı edir. Görünür, artıq bıçaq sümüyə dirənib. Bunun qarşısı alınmasa, gələcəkdə başqa hərəkətlər də edə bilərlər”.
  Politoloqun sözlərinə görə, separatçılara silah-sursat daşımaq həm sülhməramlıların missiyasına, həm də Azərbaycanla Rusiya arasındakı Moskva bəyannaməsinin maddələrinə ziddir: “Azərbaycan bununla bağlı Rusiyaya nota verməli və nöqtə əməliyyatları keçirməlidir. Azərbaycanın konkret və tələbkar mövqeyi sülhməramlıların erməni silahlı qüvvələrinə yolverilməz himayədarlığını tam şəkildə aradan qaldırmalıdır. Separatçıları isə danışıqlar yolu ilə qanunsuz əməllərindən çəkindirmək mümkün hal deyil. Ona görə də Azərbaycan yalnız hərbi əməliyyatlarla onları birdəfəlik zərərsizləşdirməlidir”.