Məktəbə yeni gedən uşaqların ağlaması normaldır - PSİXOLOQ

Psixoloq: “Adaptasiya müddəti hər uşaq üçün individual olsa da, ümumi olaraq 3-4 həftəyə qədər çəkə bilir”

“Məktəbə getmək istəməyən uşağın evdə qalmasına icazə vermək uşağın bu davranışını gücləndirəcək və bu cür davranış gələcəkdə daha böyük problemlərə yol aça bilər”

  Məktəbə ilkin adaptasiya və uşağın müəlliməsini sevməsi onun məktəb həyatı və gələcəkdə şəxsiyyət kimi formalaşması üçün çox önəmlidir. Yeni tədris ilinə sayılı günlər qalıb və məktəblilər və valideynlər təlaş içində hər şeyin ən yaxşısını seçməyə çalışırlar: çanta, forma, məktəb ləvazimatları və s.
  Lakin məktəbə hazırlıq prosesində psixoloji faktor çox az ailəni narahat edir. Halbuki uzun yay tətilindən sonra bəzi uşaqlar dərslərə adaptasiya ilə bağlı ciddi problem yaşayır. Xüsusən də, birinci sinfə gedəcək uşaqlar üçün məktəbə psixolojı hazırlıq çox önəmli faktordur. Mütəxəssislər də dəfələrlə qeyd edib ki, uşaqlar məktəbə psixolojı hazır olmadıqda digər bütün hazırlıqlar boşa gedir və tədris ili həm uşaq, həm də valideyn üçün işgəncəyə çevrilir.
  Psixoloq Günel Quliyevanın “Sherg.az"a açıqlamasına görə, hər uşağın məktəbə başlamaq yaşı və məktəbə adaptasiya müddəti fərqlidir:
“Məktəbə yeni gedən uşaqların bir neçə gün ağlamaqları normaldır. Məktəbə adaptasiya olduqca uşağın ağlaması da azalır. Adaptasiya müddəti hər uşaq üçün individual olsa da, ümumi olaraq 3-4 həftəyə qədər çəkə bilir”.
  Psixoloq deyib ki, uşağının məktəbə sağlam adaptasiyası üçün “Məktəb anlayışı” məktəb başlamazdan əvvəl ailə daxilində söhbətdə müzakirə edilməli, hekayələrlə dəstəklənərək izah verilməlidir: “Məktəb sistemi haqqında qısa məlumat verilməlidir. Məsələn, uşağın neçə gün məktəbə gedəcəyini, günün müəyyən saatlarına kimi orada olacağını, sonra evə qayıdacağını, onu kimin məktəbə aparacağı və götürəcəyini və s. kimi məsələlər haqqında danışılmalıdır.
  Bundan əlavə, müəllim olduğu halda məktəbdə təhlükəsiz olacağı, lakin problem yaranarsa, valideynlərinin mütləq məktəbə gəlib uşağın yanında olacaqlarını bildirərək uşağın özünə inamı təmin edilməlidir. Qeyri-müəyyənliklər uşaqlarda narahatlıq yaradır. Uşağın məktəbə gedərkən yeni dostlar qazanacağı, yeni oyunlar oynayacağı kimi diqqəti cəlb edəcək cəhətlər vurğulanmalıdır. Uşağa başa salmaq lazımdır ki, məktəbin uşağın həyatında mühüm rolu var, hər bir uşaq məktəbə başlayanda çətinlik çəkə bilər, amma zaman keçdikcə öyrəşəcək. Ona hər bir uşağın məktəbə getməli olduğu aydın şəkildə izah edilməli və davranışlarla dəstəklənməlidir”.
  Psixoloqun sözlərinə görə, valideynlər də uşaqları məktəbə başlayanda müəyyən narahatlıq keçirə bilirlər. Övladlarından ayrılıq narahatlığı yaşayan valideynlər onları övladlarına mənfi hisslərini əks etdirmədən neytral bir ifadə ilə məktəbə göndərməlidir ki, uşağın məktəbə adaptasiyası asan olsun. Valideynlər buna diqqət etməlidirlər, çünki məktəbə getdiyi ilk gün uşaqla vidalaşmaq, həddindən artıq emosional reaksiyalar, qucaqlaşmaq və uzun müddət ağlamaq uşağın narahatlığını daha da artıracaq. Məktəbə getmək istəməyən uşağın evdə qalmasına icazə vermək uşağın bu davranışını gücləndirəcək və bu cür davranış gələcəkdə daha böyük problemlərə yol aça bilər. Məktəbə getməklə bağlı bütün ailə üzvlərinin ortaq münasibəti olmalı, xüsusilə valideynlər arasında tutarlılıq təmin edilməlidir. Məktəb başlamadan öncə fürsət varsa, uşağa məktəbi gəzdirmək məsləhətdir. Uşaq məktəbdən qayıtdığı zaman ona məktəblə bağlı suallar verilməli, hər gecə əşyalarını birlikdə hazırlayaraq digər gün üçün o, motivasiya edilməlidir”.