“Soydaş" forumu hamını bir araya topladı

Həmyerlilərimizin Gürcüstan cəmiyyətinə inteqrasiyası diqqət mərkəzindədir

  Gürcüstanın Marneuli şəhərindəki “Azərbaycan Evi”ndə Ulu Öndər, müasir Azərbaycan-Gürcüstan dostluğunun banisi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Soydaş" Gürcüstan – 2023” forumu keçirilib.
  QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə
Baş tutan Forumun keçirildiyi binada Azərbaycan-Gürcüstan dostluğunu əks etdirən fotolardan ibarət sərgi açılıb.
  “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Gürcüstan Parlamentinin deputatları, Azərbaycanın və Türkiyənin Tbilisidəki səfirliklərinin məsul əməkdaşları, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ziyalılar, gənclər iştirak ediblər.
  Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili çıxış edərək deyib ki, Forumun əsas məqsədi Gürcüstanda yaşayan və fəaliyyət göstərən QHT və gənclər təşkilatlarının rəhbərlərini, media nümayəndələrini, siyasətçiləri və ictimai fəalları bir araya gətirməkdir.
  O, Forumun keçirilməsində dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycanın Gürcüstandakı səfirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə və Gürcüstandakı Azərbaycan İcmasına təşəkkür edib.
  T.Allahverdili Azərbaycan-Gürcüstan münasibətlərindən danışıb, iki ölkə arasında dostluq, qardaşlıq əlaqələrinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolunu xüsusi qeyd edib. Bildirib ki, xalqımızın Ümummilli Lideri bütün dövrlərdə Gürcüstan ilə əlaqələrə xüsusi diqqət yetirib, bu ölkədəki soydaşlarımızın sosial problemlərinin həllində, onların inteqrasiyasında mühüm rol oynayıb.
  Sonra Azərbaycan səfirliliyinin müşaviri Eldar Bayramov çıxış edərək Ulu Öndərin xidmətlərindən danışıb, görkəmli tarixi şəxsiyyət Heydər Əliyevin gürcü xalqının dostu olduğunu bildirib. Onun sözlərinə görə, Ulu Öndərin siyasi kursu bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsidir ki, ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Türkiyənin Gürcüstandakı səfiri Kazım Kartal bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və gələcəyə hesablanmış siyasəti nəticəsində bu gün Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlaqələr həm ikitərəfli, həm də üçtərəfli formatda uğurla inkişaf edir.
  Gürcüstan parlamentinin deputatı Zaur Darğallı Ümummilli Liderin soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb, dost Gürcüstanda bu qayğının yüksək qiymətləndirildiyini qeyd edib. Bildirib ki, Azərbaycan vətəndaş cəmiyyətinin Tbilisidə, Marneulidə və digər bölgələrdə bu kimi tədbirlər keçirməsi Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafına misilsiz töhfələr verir.
  “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi indiyə qədər Gürcüstanda bir sıra tədbirlər keçirib. Bu tədbirlərin hər biri dostluğa, qardaşlığa və xalqlararası əlaqələrin möhkəmlənməsinə xidmət edib.
  Digər çıxışçılar da Azərbaycan dövlətinin soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb, bu siyasətin əsasının məhz Ulu Öndər tərəfindən qoyulduğunu bildiriblər.
  Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər Azərbaycan-Gürcüstan arasında media əlaqələrinin inkişafından, bunun formalaşmasında soydaşlarımızın rolundan danışıb: 
“Biz hesab edirik ki, Gürcüstandakı soydaşlarımız bizim könül elçilərimizdir. Bu cür forumlar hər iki ölkənin vətəndaşları arasındakı inteqrasiyada mühüm əhəmiyyətə malikdir. Azərbaycanlı jurnalistlərin üzərinə çox böyük missiya düşür. Onlar burada yaşayan həmyerlilərimizin Gürcüstan cəmiyyətinə inteqrasiyasında  mühüm rol oynayırlar".   
  Sonda “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi təsis etdiyi “Soydaş” Milli Mükafatının təqdimat mərasimi olub.