Artıq dünya mətbuatına təsir etmək imkanımız var

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

Dünya QHT-lərinin şəbəkələşmiş şəkildə Azərbaycanın haqq səsini dəstəkləməsi əhəmiyyətli hadisədir

  Bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən “Jotform” beynəlxalq platformasında başladılan “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya davam edir. Müraciətdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə tövsiyə edilir ki, Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatlarına, onların siyasi manipulyasiyalarına uymasınlar, Ağdam-Xankəndi yolu sülh üçün açılsın. Müraciətə qoşulanlar hesab edir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin sülh naminə müsbət mesajlarını düzgün qiymətləndirməyi bacarmalıdır.
Artıq dünyanın müxtəlif ölkələrindən müraciəti imzalayan vətəndaş cəmiyyəti təmsilçilərinin sayı 1000 nəfərə yaxınlaşıb. Onlar 42 ölkəni təmsil edirlər.
  Müraciətə qoşulanlar hesab edirlər ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin sülh naminə verdiyi müsbət mesajları düzgün qiymətləndirməyi bacarmalıdırlar.
  Təəssüf hissi ilə qeyd edilir ki, Qızıl Aypara Cəmiyyətinin yardım gətirən yük maşınları yaradılan süni maneə nəticəsində Xankəndi istiqamətində hərəkətinə davam edə bilmir. Kampaniya feyk məlumatlar əsasında, guya, Qarabağda yaşayan erməni sakinlərin “humanitar böhran”la üzləşməsi barədə Azərbaycan dövlətinin ünvanına saxta ittihamlar irəli sürənləri də qınayır və onları reallıqları görməyə çağırır.
  UAİD Fondunun (Qambiya) sədri Alhagi Manneh sülhə nail olmaq üçün əməkdaşlığın vacibliyini vurğulayaraq bu təşəbbüsü dəstəklədiyini bildirib: "Mən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsini dəstəkləyirəm və şübhəsiz ki, hökumətin davamlı inkişaf problemlərinin həlli istiqamətində səylərinə töhfə verəcəyəm. Bu gün mən sülh haqqında danışmaq üçün buradayam. Çox təəssüf ki, bu gün dünyanın bir çox yerlərində zorakılıq və müharibə hökm sürür. Ona görə də biz əməkdaşlıq edib nəticə əldə etməliyik və daha faydalı olmalıyıq”.
Rumıniyalı Yekaterina Bordeianu bildirib ki, gərginliyi süni şəkildə qızışdırmağa, “blokada” və “humanitar böhran” yaratmağa ehtiyac yoxdur: "Azərbaycanda çoxlu dostlarım var, ona görə də uzun illərdir ki, regionda baş verənləri yaxından izləyirəm. “Bloklama” deyilən iddialar həqiqətə uyğun deyil. Laçın yolu qeyri-qanuni hərbi fəaliyyət və ya təbii sərvətlərin bu ərazidən daşınması üçün deyil, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulub”.
  İqtisadi Sülh Mərkəzinin (İsrail) təsisçisi və prezidenti Ayub Kara Qarabağın erməni əhalisinin ehtiyacları üçün ərzaq məhsulları göndərən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dəstəyini ifadə edib: "İsrailin keçmiş rabitə naziri kimi mən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağa ərzaq çatdırmaq səylərini dəstəkləyirəm və buna mane olmağa çalışanları pisləyirəm. Cənubi Qafqazda sülhün qorunması üçün hər şeyi edirəm". “Afrikada Davamlı Biznesin İnkişafı və İnnovasiya” təşkilatının prezidenti Zambiyadan olan Edvard Mvaba Ndalama qeyd edib ki, Cənubi Qafqaz regionunda yaşayan insanlar sülhə layiqdirlər: “Mən Qafqazda sülhün tərəfdarıyam. Bizə sülh lazımdır ki, onlar harada olurlarsa olsunlar, azad olsunlar. Sülh olmadan iqtisadi azadlığı təmin etmək mümkün deyil".
  Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edən QHT nümayəndələri isə hesab edir ki, uzun illər müharibə şəraitində yaşayan Azərbaycan üçün sülhün təminatı daha əhəmiyyətlidir. Otuz ilə yaxındır Ermənistanın torpaqlarımıza hərbi təcavüzü nəticəsində müharibənin əziyyətlərini yaşayan, qaçqın, köçkün problemi ilə üzləşən Azərbaycan regionda sülhün, əmin-amanlığın təminatı üçün bütün imkanlardan istifadə edir, beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzün bərpası üçün aparılan müzakirələrdə, danışıqlarda sülhsevər siyasətini təqdim edir.
  Lakin XIX əsrin əvvəllərində ərazilərimizə köçürülən ermənilərə yaşamaq üçün yer verən, humanistlik göstərən azərbaycanlılar əsrlərdir yaxşılıqlarına qarşı yamanlıqlar görüblər. Ermənilər yerləşərək yurd saldıqları Azərbaycanın əzəli torpaqlarını münaqişə ocağına çeviriblər. Tarixin hər ziddiyyətli, mürəkkəb dönəmində öz məkrli niyyətlərini, uydurduqları, özlərindən başqa kimsənin inanmadığı xülyalarını reallaşdırmaq arzusuna düşüblər. Havadarlarından da təlimatlar, həmçinin hər cür yardımlar aldıqdan sonra Ermənistan ilk fürsətdə Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdüb, xalqımıza qarşı qırğınlar, qətliamlar, terror aktları, soyqırımları törədib. Lakin bu hadisələrin fonunda Azərbaycan bütün dönəmlərdə sülh carçısı olub.
  Siyasi şərhçi Azər Həsrət isə “Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın saxta təbliğatı ilə bağlı belə kampaniyanın başladılması təqdirəlayiq haldır:

 “Bir azərbaycanlı və vətəndaş cəmiyyəti nümayəndəsi olaraq 500-dən çox xarici QHT nümayəndələrinin erməni yalanları ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə təşkil etdiyi kampaniyanı alqışlayıram. Belə təbliğatların davamlı olması ümumi işin xeyrinədir. Qeyd edim ki, Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarının ölkə daxili ilə yanaşı, beynəlxalq müstəvidə də aktiv fəaliyyətində maraqlıdır. Bu məsələ 44 günlük Vətən müharibəsindən sonra daha da aktuallaşıb. Məsələ burasındadır ki, Azərbaycan Ermənistanla sülh şəraitində əməkdaşlığın inkişafına xüsusi diqqət ayırır. Azərbaycanın vətəndaş cəmiyyətləri on illərdir beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində kifayət qədər real addımlar atıb. Şəxsən mən özüm də təmsil olunduğum beynəlxalq platformalarda Azərbaycan həqiqətləri ilə bağlı müxtəlif çıxışlar etmişəm və reaksiyalar da almışam. Lakin dünya QHT-lərinin şəbəkələşmiş şəkildə Azərbaycanın haqq səsini dəstəkləməsi ilk dəfədir. Hər zaman biz öz çıxışlarımızda qeyd edirdik ki, vətəndaş cəmiyyətlərinin qarşısında duran prioritet istiqamətlərdən biri Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Onların fəaliyyətinin önəmi daha da yüksəkdir. Lakin ötən illərdə Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə beynəlxalq qeyri-hökumət təşkilatlarının əməkdaşlığı zəif idi.
  İkinci Qarabağ savaşından sonra bu istiqamətdə vətəndaş cəmiyyətlərinin fəaliyyəti artan xətlə inkişaf etməkdədir. Artıq dünya mətbuatına təsir etmək imkanımız və Azərbaycanın haqq səsini mətbuatda işıqlandırmaq imkanlarımız mövcuddur. Yaranmış fürsətdən istifadə edərək biz öz mövqelərimizi daha da gücləndirməliyik. Şərt deyil ki, Amerikada, Avropada fəaliyyət göstərən vətəndaş cəmiyyətləri ilə işləyək. Uzaq Şərqi, Güney Amerikanı, Afrikanı unuduruq və sonra görür ki, düşmənlərimiz bizim əleyhimizə məhz bu bölgələrdə çirkin kampaniyalar aparır”.
  Azərbaycan və Ermənistan arasındakı münasibətlərin sülh yolu tənzimlənməsində vətəndaş cəmiyyətlərinin roluna gəldikdə isə siyasi şərhçi deyib ki, daha əvvəllər də bu istiqamətdə real addımlar atılıb. Hətta bir neçə dəfə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ortaq müzakirələri də olub: “Hesab edirəm ki, yenidən bu istiqamətdə fəaliyyəti gücləndirmək lazımdır. Ermənistanda yaşayan hamı Azərbaycana düşmən mövqedən çıxış etmir. Heç də hamı bölgədə müharibə vəziyyətinin davam etməsini arzulamır. Ermənistandakı QHT nümayəndələri zaman-zaman münaqişənin masada həllinə yönəlik açıqlamar verib. Birbaşa təmaslar alınmırsa, Avropa İttifaqının təşəbbüsü çərçivəsində vətəndaş cəmiyyətlərinin görüşü təşkil edilməlidir”.