Ermənistan bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etməkdən yayınır

30 ildir itkin düşənlərin taleyi naməlumdur

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Dünya ictimaiyyətini narahat edən əsas məsələlərdən biri də əsir və itkin düşmüş insanlarla bağlıdır. Əsir və itkin düşmüş insanların saxlanıldığı şərait, onların sayının artması və kommunikasiya texnologiyalarının sürətli inkişafı həmin məsələni qlobal diskussiyaların mərkəzi mövzusuna çevirib.
  
Sentyabrın 18-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

  Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub.
 
 Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev mövzunun Azərbaycan üçün vacibliyinə diqqət çəkib. Dövlət Komissiyasının sədri Ermənistanın qeyri-konstruktiv və humanizmə zidd addımlarından əl çəkməklə, dəqiq mina xəritələrini və məzar yerləri barədə məlumatları təqdim edəcəyi təqdirdə taleyi qeyri-müəyyən olan itkin düşmüş vətəndaşlarımızın axtarışı prosesinin daha sürətlə aparıla biləcəyindən də danışıb. Əli Nağıyev rəsmi Yerevanı bu məsələdə əməkdaşlığa səy göstərməyə çağırıb və bildirib ki, Ermənistanın bu humanitar missiyanın həyata keçirilməsində edəcəyi yardım hər iki tərəfdən itkin düşmüş şəxslərin tez bir zamanda müəyyənləşdirilməsinə və xeyli müddətdir davam edən humanitar böhranın aradan qaldırılmasına səbəb olardı.
 “Ermənistan Qarabağ müharibəsində itkin düşən şəxslərlə bağlı Azərbaycanla əməkdaşlıqdan yayınır".
  Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev konfransdakı çıxışı zamanı deyib.
  Onun sözlərinə görə, Azərbaycan 30 ildir itkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı əziyyət çəkir: "Ailələrinin, qohumlarının itkin düşən şəxslərin taleyi barədə məlumat almaq hüququ var, lakin təəssüf ki, Ermənistan tərəfi bu məsələdə əməkdaşlıqdan yayınır. İnsanların qeyri-qanuni şəkildə girov götürülməsi insan hüquqlarına ziddir. Təəssüf ki, bütün bunlara baxmayaraq, son illərdə dünyada itkin düşən şəxslərin sayı artaraq 200 min nəfərə çatıb”.
  F.Rzayev bildirib ki, mina problemi də insan hüquqlarının pozulmasıdır və bu məsələdə də ölkələr arasında məlumat mübadiləsi aparılmalıdır: “Azərbaycan BMT-nin itkin düşən şəxslərlə bağlı konvensiyasına qoşulub və bu sahədə böyük işlər görülür. Hesab edirik ki, BMT-nin itkin düşən şəxslərlə bağlı atacağı addımlar bu işlərdə səmərəli irəliləyişin əldə edilməsi üçün vacibdir”.
  Rumıniyanın sabiq baş nazir müavini Ana Birçal deyib ki, itkin düşən şəxslər barədə məlumat verilməməsi yalnızca həmin itkin düşən şəxslərin ailələri üçün yox, bütün insanlıq üçün hörmətsizlik və qəbuledilməz haldır:
"Mən dəfələrlə Azərbaycanda, Bakıda, Şuşada olmuşam. Sonuncu dəfə bir neçə ay öncə Şuşada olarkən orada aparılan bərpa-quruculuq işlərinin, sürətli inkişafın şahidi oldum. Birinci Qarabağ müharibəsindən bəri Azərbaycanın 4000-ə yaxın itkin düşən vətəndaşı var və bu, çox təəssüfedici haldır. İtkin düşən şəxslər barədə məlumat verilməməsi yalnızca həmin itkin düşən şəxslərin ailələri üçün yox, bütün insanlıq üçün hörmətsizlik və qəbuledilməz haldır. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bunları bir hüquqşünas kimi deyirəm. İnsanları itkin düşən şəxslərlə bağlı məlumatlardan məhrum etmək Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır".
  O qeyd edib ki, Azərbaycan Ermənistanın hələ ki, itkin düşmüş şəxslərlə bağlı məlumatı verməməsindən əziyyət çəkir. "Ermənistan birmənalı şəkildə itkin düşən şəxslərlə bağlı, onların məzar yerləri ilə bağlı məlumatları təqdim etməlidir. BMT və Beynəlxalq ictimaiyyət itkin düşən Azərbaycan vətəndaşları ilə bağlı məlumatların təqdim edilməsinə çalışmalıdır. Bu, siyasi məsələ deyil. Bu, sadə insan haqq və hüquqlarıdır".
  Konfransda müzakirə edilən mövzulardan da göründüyü kimi insan hüquq və azadlıqlarının ən ali səviyyədə qorunduğu, əhalinin sağlamlığına xüsusi həssaslıqla yanaşıldığı Azərbaycanda itkin düşmüş vətəndaşların taleyinin aydınlaşdırılması hər zaman prioritet məsələlərdən olub.
  Ölkəmizdə belə bir konfransın keçirilməsini yüksək dəyərləndirən qeyri-hökumət təşkilatı nümayəndələri isə hesab edir ki, Ermənistan hərbçilərinin etiraflarından və müxtəlif sosial şəbəkə hesablarında yayılan videogörüntülərdən aydın görünür ki, onlar əsir-girovluqda saxlanılarkən xüsusi nifrət hissi ilə insanlıqdan kənar şəkildə qətlə yetirdikləri azərbaycanlı hərbçilərin nəşini alçaldıcı formada aşağılayıb və bu kimi halları paylaşmaqla gərginlik yaratmağa çalışıb. Yaralanaraq əsir düşən azərbaycanlı hərbçilərin şəxsiyyətlərinin alçaldılması, işgəncələrə və müxtəlif təhqiredici hərəkətlərə məruz qoyulması, habelə yaralı əsgərlərin öldürülməsi, kütləvi dəfn faktları yayılan video və fotogörüntülərdə öz əksini tapıb. Təəssüflər olsun ki, dəfələrlə konkret sübutları özündə əks etdirən müraciətlər edilməsinə baxmayaraq, uzun illər ərzində günahsız azərbaycanlılara qarşı kəskin irqi nifrət zəminində törədilmiş ağır cinayət əməllərinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması istiqamətində ciddi ölçülər götürülməyib. Hesab edirəm ki, bu günə qədər beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmaması və hüquqi məsuliyyətə cəlb olunmaması qarşı tərəfi ruhlandıraraq daha da azğınlaşıb, bu isə onlarda rahatlıq, arxayınçılıq və məsuliyyətsizlik hissi yaradıb.
  İtkin düşmüş soydaşlarımızdan çoxu məhz azərbaycanlı olduqları üçün Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə çərçivəsində işgəncələrə məruz qalaraq öldürülüb. Onlara insan ləyaqətinə zidd formada davranılaraq kütləvi məzarlıqlarda basdırılıblar. Azərbaycan humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, Ermənistan tərəfindən konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş olunmayıb. Ermənistan nəinki sağ qalmaq ehtimalı çox az olan soydaşlarımızla bağlı məlumat verməkdən imtina edir, hətta itkin soydaşlarımızın kütləvi şəkildə dəfn olunduğu məzarlıqların koordinatları belə gizlədilir.