Çünki sözügedən arxivdə insanlıq əleyhinə cinayətlərin dəlilləri yer alıb
Separatçı qaraguruh Xankəndidə bütün arxivi yandırıb. Bu barədə Xankəndi separatçılarının keçmiş hərbi rəhbərlərindən olan Samvel Babayan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
“Bütün sənədləri yandırırlar. Fond vasitəsi ilə paylanmış 1 milyard pulun sənədlərini məhv ediblər. Xankəndində 5 gündür yanğındır. Hərbiyə aid bütün vacib sənədləri cırıb yandırıblar”-deyə Babayan vurğulayıb.
Arxivlərin yandırılmasının Ermənistanın növbəti vəhşiliyi olduğunu deyən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri politoloq Tural İsmayılov "Sherg.az"a bildirib ki, bu separatçıların nə qədər ləyaqətsiz olduğunu ortaya çıxarır:
"Arxiv sənədlərini yandırmağın bir çox səbəbləri var. Birincisi, bu sənədlər üzə çıxsa, onlar törətdikləri bir çox cinayətləri də etiraf etmiş olurlar. Çünki sözügedən arxivdə separatçıların insanlıq əleyhinə cinayətlərinin dəlilləri yer alıb. Xunta da bu cinayətlərin Azərbaycan tərəfindən ifşa edilməsini istəmir. Digər məsələ isə separatçı rejimin orda olduğu müddətdə sadə ermənilərin ciddi şəkildə istismar edilməsidir. Hətta onların bütün mülkiyyətlərinə əl qoyularaq böyük oğurluqlar edilib. Bu prosesin də gün üzünə çıxması onlara sərf etmir. Ona görə ki, separatçıların bəziləri Azərbaycan tərəfindən mühakimə ediləcək. Lakin hansısa yollarla qaçmağı bacaranlar olacaq ki, onlara qarşı Ermənistan cəmiyyətində ciddi ittihamlar ortaya çıxa bilər. Bunu qarşısını almaq üçün də arxiv sənədləri yandırılması ehtimal olunur".