"Yaxınlarda Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq"
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başa çatıb.
Görüşdə Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunub.
Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil ediBLƏR.
Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil edib.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsi görüşə iştirakçı kimi qatılıb.
Təmasları "Sherg.az"a dəyərləndirən sabiq xarici işlər naziri Elmar Məmmədyarov söyləyib ki, Yevlaxda görüş keçirmək logistik baxımdan daha sərfəlidir:
"Ancaq görüşün harda keçirilməsinin böyük önəmi yoxdur. Əsas məsələ müzakirə predimentləridir. Bu isə bəllidir. Yəqin reinteqrasiya məsələsi müzakirə olunub. Proseslə bağlı isə irəliləyişlər var. Artıq Azərbaycan Daxili Qoşunlarının bölmələri Xankəndi və ətraf bölgələrdədir. Bundan sonra isə icra orqanları həmin əraziləri tam şəkildə nəzarətə götürməlidirlər".
E.Məmmədyarovun sözlərinə görə Azərbaycan hakimiyyətinin nümayəndələri və erməni icmasının təmsilçiləri birbaşa görüşürlər:
"Birbaşa görüşlərdə isə bütün məsələlər həll oluna bilər. Yəqin ki, onlar Qarabağa qazın və qida məhsullarının verilməsini xahiş ediblər. Ümumiyyətlə hər kəsə məsələnin bitdiyi məlumdur. Güman edirəm ki, yaxınlarda Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq".