Kreml İrəvana qarşı hələ ki çox təmkinli davranır  - Politoloq

Rusiya-Ermənistan qarşıdurmasından Azərbaycan maksimum öz xeyrinə istifadə etməlidir

“2020-ci ilin noyabrında Vladimir Putin müharibənin dayandırılması ilə bağlı saziş imzalamaqla Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur edib söhbəti yalandır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində jurnalistlərə deyib.
“Ümumi bir anlayış var idi ki, Qarabağın yekun statusu ilə bağlı dialoq davam edəcək. Amma bir il və ya il yarım sonra Baş nazir Paşinyan Praqada keçirilən Avropa sammitində sənəd imzaladı ki, Ermənistan və Azərbaycan arasında Alma-Ata Bəyannaməsinə uyğun olaraq 1991-ci il sərhədlərində bir-birini tanıyır, məsələ bağlandı” - Lavrov deyib.


Ermənilərin həyasızlığının sərhəd tanımadığını söyləyən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, Ermənistan 8 noyabrda məğlubiyyətə uğrayaraq bəyannaməyə imza atıb:

"Yəni Rusiya Ermənistanı heç nəyə məcbur etməyib. Əksinə onları tam məğlubiyyətdən qurtardı. Etiraf edək ki, 8 noyabrda tam qələbəmiz əlimizdən alındı. Yəni ruslar üç il məsələni uzatdılar. Amma şükürlər olsun ki,  Qarabağ məsələsində son nöqtəni qoymağa müvəffəq olduq. Ermənilərin isə həyasızlıq baxımından dünyada analoqu olmayan bir xalqdır. Onlar hər dəfəsində bunu təkrarən sübut edirlər".

Analitikin sözlərinə görə, Lavrovun cavabı daha sərt ola bilərdi:

"Ümumiyyətlə Rusiya Ukraynaya, Gürcüstana, Moldovaya və digər ölkələr qarşı göstərdiyi sərtliyi Ermənistana göstərmir. Yəni Moskva mərkəzində Putinin, Lavrovun təhqir olunmasına və rus pasportunun yandırılmasına baxmayaraq, Kreml məsələyə çox təmkinli yanaşır. Belə dözümlülüyün göstərilməsi isə, Rusiyanın Ermənistanı itirmək qorxusundan irəli gəlir. Ancaq Rusiyanın da səbri tükənməyə başlayıb. Düzdür sərt ritorika Putin, Lavrov və Zaxarova səviyyəsində deyil. Amma rus dövlət telekanallarında belə epizodların şahidi ola bilirik. Digər tərəfdən Ermənistan anti-Rusiya mövqeyini dərinləşdirsə və məsələ Gümrüdəki hərbi bazanın çıxarılmasından getsə, Moskva əməldə sərt addımlar ata bilər. Bu da Azərbaycanın maraqlarına cavab verib. Ümumiyyətlə Rusiya-Ermənistan qarşıdurmasından Azərbaycan maksimum öz xeyrinə istifadə etməlidir".