İrəvan Roma Statutunu həm də ona görə ratifikasiya etdi ki, Azərbaycana qarşı iddialar qaldıra bilsin
Ermənistan parlamenti Roma Statutunu qeyd-şərtsiz ratifikasiya edib. Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qanunverici orqanın 60 deputatı layihənin lehinə, 22-si əleyhinə səs verib.
Prosesi "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov söyləyib ki, Rusiyanın Ermənistanla kəskinləşən münasibətlərinin ardında İrəvanın Beynəlxalq Ədalət Məhkəməsinin tam hüquqlu üzvü olması faktoru dayanır:
"Nəzərə almaq lazımdır ki, Beynəlxalq Ədalət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinə qarşı sərt bir höküm çıxarıb. Qərara əsasən Putin BƏM-ə üzv olan ölkələrə səfər edərsə, həbs olunacaq. Belə çıxır ki, Putin Rusiyanın müttəfiqi olan və ərazisində 102-ci bazası yerləşən Ermənistana səfər etsə, saxlanılacaq və BƏM-in yuristiksiyası ona şamil olunacaq. Bu əlbəttə ki, Moskva tərəfindən qeyri-dost addımı kimi qiymətləndirilir və hadisə barəsində çoxsaylı çıxışlar olub. Kremlin xəbərdarlıqlarına baxmayan Ermənistan rəhbərliyi isə Roma Statunu ratifikasiya etdi".
Analitikin sözlərinə görə, məsələdə bir qədər simvolizim də var:
"Çünki Rusiya ilə Ermənistan həm də bir sıra inteqrasiya təşkilatlarında və hərbi-siyasi bloklarda birləşiblər. Digər tərəfdən Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Ermənistanın çıxması barəsində xəbərlər yayılıb. Hətta Ermənistan KTMT-dəki nümayəndəsini geri çağıraraq Haaqaya göndərib. Maraqlı məqam isə odur ki, Haaqada Beynəlxalq Ədalət Məhkəməsinin qərargahı yerləşir. Bu İrəvan və Moskva arasındakı münasibətlərdə gərginliyin pik həddə çatdığının göstəricisidir. Əlbəttə ki, Rusiya buna qarşılıq olaraq Ermənistana öz sərt üzünü göstərməlidir. Hələlik isə çox yumuşaq davranış müşahidə olunur. Rəsmi İrəvan Rusiya-Ukrayna müharibəsindən istifadə edərək öz məqsədlərinə çatmağa çalışır. Hətta Kremllə münasibətlərin kəskinləşməsini gözə alan Ermənistan Roma Statutunu ona görə ratifikasiya etdi ki, Azərbaycana qarşı iddialar qaldıra bilsin. 2021 və 2022-ci illərdə artıq belə iddiaların şahidi olmuşuq. İndi isə onlar Qarabağ ermənilərinin köçməsindən sonra yeni bir iddia qaldırmaq niyyətindədirlər. İstənilən halda Azərbaycan diplomatları və beynəlxalq hüquq biliciləri buna hazır olmalıdırlar".
Qeyd edək ki, Layihənin təsdiqlənməsi üçün 54 səsə ehtiyac var idi.
Sənədi yaxın vaxtlarda ölkə prezidenti Vaaqn Xaçatryan imzalamalıdır. Sənəd dövlətdaxili prosedurlar başa çatdıqdan 60 gün sonra qüvvəyə minəcək.