Məmmədyarov: Qranada görüşü mənasızdır: Çünki Fransa və Almaniya qərəzlidir  

Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən imtina edib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib.
Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirak etməsi ilə bağlı fikir ayrılığıdır.
Məhz belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.


Məsələyə hərtərəfli qiymət verildikdən sonra qərarın qəbul edildiyini bildirən sabiq xarici işlər naziri Elmar Məmmədyarov "Sherg.az"a vurğulayıb ki, burada Almaniya və Fransa XİN-nin xoşagəlməz və qərəzli bəyanatları faktoru var:

"Bu şəkildə isə görüşün keçirilməsinin mənası yoxdur. Danışıqları vəziyyətin bir az sabitləşməsindən sonra aparmaq olar. Çünki indiki məqamda həm Fransanın, həm Almaniyanın, həm də Avropa İttifaqının yüksək rəhbərliyi qərəzli bəyanatlar verir. Belə şəraitdə də görüşün mahiyyəti itir".

E.Məmmədyarovun sözlərinə görə, Fransa, Almaniya və Avropa İttifaqı Türkiyəyə qısqanclıqla yanaşırlar:

"Ona görə də rəsmi Ankaranın görüşdə iştirakını birmənalı qarşılamırlar. Ümumiyyətlə bu tarixən belədir. Onların Türkiyə ilə bağlı bəyanatlarını ümumi təhlil etsək bu qısqanclığı açıq şəkildə görəcəyik. Hələ Osmanlı imperiyası dövründə türklər Avropanın yarısını işğal etmişdilər. Ona görə də Avropada Türkiyə qorxusu var".