"Vətən müharibəsi dövründə ordumuz uğurla irəlilədiyi üçün azərbaycanlılardan qisas almaq məqsədilə dinc sakinlərin yaşadığı və döyüş bölgəsindən kilometrlərlə uzaqda olan Gəncə şəhəri atəşə tutuldu".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Naqif Həmzəyev Gəncəyə raket hücumundan danışarkən deyib.
O bildirib ki, bu hücum nəticəsində dinc sakinlərimiz yaralandı, şəhid oldu və infrastruktura ciddi ziyan dəydi:
"İstənilən halda bu dövrdən üç il keçib və Azərbaycan ordusu 44 günlük savaşda qələbə çalaraq qisas alıb. Digər tərəfdən tarixi ədalət də bərpa olunmaqdadır. Məhz Gəncə şəhərini atəşə tutulmasının səbəbkarı, qondarma rejimin keçmiş "Prezident"i Araik Arutyunyan və digər separatçılar həbs olunaraq Bakıya gətirilib. Araik Arutyunyan müsahibələrində dəfələrlə qeyd edib ki, Gəncəyə raket hücumunun əmri onun tərəfindən verilib. İndi isə Azərbaycan güc strukturları qarşısında istintaqa cəlb olunub. İnanıram ki, Arutunyan öz layiqli cəzasını alacaq".
Parlamentarinin sözlərinə görə, bu proses nəticəsində bəlkə də bizə məlum olmayan bir çox hərbi cinayətlərin üstü açılacaq:
"Bir sözlə Azərbaycan dövləti və Ali Baş Komandan vətəndaşlarının qisasının alınması üçün bütün gücünü səfərbər edib. Şükürlər olsun ki, biz suverenliyimizi tam bərpa etmişik. Bu gün Azərbaycan ərazisində hansısa qondarma qurum fəaliyyət göstərmir və ermənilərlə birgə yaşayış təşviq olunur. Çünki bizim heç zaman dinc sakinlərlə düşmənçiliyimiz olmayıb. Bu mənada Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən səmimi erməni sakinlər torpaqlarımızda öz yaşayışlarını davam etdirirlər. Digər tərəfdən hərbi cinayət törətmiş və azərbaycanlıların qanına əli batmış quldurların qanun qarşısında cavab verməsi təmin edilməkdədir. İnanıram ki, bütün cinayətkarlar həbs olunacaq və Azərbaycanın qanunları qarşısında cavab verəcəklər".
Qeyd edək ki, bu gün Gəncəyə raket hücumundan 3 il ötür. Hücum əmrini verdiyini etiraf edən qondarma rejimin keçmiş lideri Araik Arutyunyan Azərbaycan xüsusi xidmət orqanları tərəfindən həbs edilib.