İran Amerikanın Orta Şərq siyasətində önəmli yerə sahibdir

İran rejiminin əlində olan yeni silahlar rolunu artırmaq istədiyi ölkə və bölgələrdə dağıntılara və xaosa səbəb olur.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.

“Biz İran rejimini məsuliyyətə cəlb etmək üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcəyik. Bunu müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx əməkdaşlıq vasitəsi ilə edəcəyik”, - Patel bildirib.

Vəziyyəti "Sherg.az"a dəyərləndirən politoloq Aytən Qurbanova deyib ki, İranın aqressiv çıxışları, xüsusilə də son zamanlarda sürətli şəkildə hərbi gücünün artırılması istiqamətində atılan addımlar və İsrail ilə yüksələn gərginliyin fonunda Amerikanın İrana münasibətdə daha radikal addımlar atılmasını şərtləndirən mövqeyinin əsas səbələri olaraq ifadə edilə bilər:

"Heç şübhəsiz ki, İran Amerikanın Orta Şərq siyasətində önəmli yerə sahibdir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, düşünürəm ki, ABŞ-nin rəhbərliyində anti-İran koalisiyasının yaradılması ehtimalı hər zaman aktualdır. Nəticə etibarilə, bu İranın məsuliyyətə cəlb olunmasından daha çox yeni sanksiyalar vasitəsilə onun üzərində yeni təzyiq və təsir mexanizmləri yaradılması məqsədi daşıya bilər".