Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. O vurğulayıb ki, ölkəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir. Almaniya Kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirir.
Dövlətimizin başçısı Azərbaycanın regional sülh gündəliyinə sadiqliyini və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini yaxından dəstəklədiyini vurğulayıb.
Prezident İlham Əliyev mərkəzi hökumət tərəfindən Qarabağın erməni sakinlərinə göstərilən humanitar yardımları qeyd edib, miqrasiya, sosial müdafiə sahələri ilə bağlı yerində erməni sakinlərə xidmətlər göstərildiyini deyib, müvafiq qeydiyyat proseslərinin başladığını və bunun üçün də ayrıca portalın müəyyən edildiyini bildirib.
Dövlətimizin başçısı Azərbaycanın bu sahədə təmin etdiyi şəffaflığın nümayişi olaraq, BMT-nin ölkəmizdəki rezident əlaqələndirici ofisinin və BMT-nin ixtisaslaşmış təsisatlarının nümayəndələrindən ibarət qrupun əraziyə səfər etdiklərini bildirib, onların da mülki əhaliyə və mülki-ictimai infrastruktura heç bir ziyanın qeydə alınmadığı ilə bağlı müvafiq bəyanatla çıxış etdiklərini diqqətə çatdırıb.
Telefon danışığını "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, rəsmi Bakı və Berlin arasındakı münasibətlər Prezidentin sonuncu Almaniya səfərindən sonra yaxşı mərhələyə qədəm qoyub:
"Hətta səfər zamanı ölkə başçısı almaniyalı iş adamları ilə Qarabağdakı investisiya imkanlarını müzakirə etmişdi. Bu isə alman investorların işğaldan azad edilmiş ərazilərə cəlbi məsələsini aktuallaşdırdı. Lakin son dövrlərdə Fransanın anti-Azərbaycan mövqeyinin artdığını görürük. Almaniyadakı bəzi siyasi qüvvələr də Fransanın təhriki ilə Azərbaycan əleyhinə həqiqi əks etdirməyən açıqlamalar verirlər. Ancaq Almaniya Kanslerinin Prezident İlham Əliyevə zəngi, rəsmi Berlinin Azərbaycanın BMT missiyasına şərait yaratmasını yüksək dəyərləndirməsi alman rəhbərliyinin Bakı ilə əlaqələrin inkişafına verdiyi dəyəri göstərir. Digər tərəfdən Almaniya Qərb formatında görüşlərin davamında da maraqlıdır. Ona görə də Almaniya Kanslerinin Azərbaycan Prezidentinə zəngi Fransa ucbatından bloklanmış Brüssel formatının yenidən aktivləşdirilməsinə səbəb ola bilər".