Azərbaycan və Ermənistan liderləri oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək barədə razılığa gəliblər.
Bunu AB Şurasının rəhbəri Şarl Mişel deyib.
Görüşün lazımlı olduğunu söyləyən sabiq xarici işlər naziri Elmar Məmmədyarov "Sherg.az"a vurğulayıb ki, Qranadada görüş keçirilmədi və Avropa İttifaqı təşəbbüsü əldən verməmək istəmir:
"Ona görə də Şarl Mişel Azərbaycan və Ermənistan rəhbərlərini görüşməyə dəvət edir. Görüşün baş tutacağını düşünürəm. Çünki Azərbaycan tam şəkildə suverenliyini təmin edib və sülh müqaviləsini müzakirə etməyə hazırdır. Ümumiyyətlə proseslər biri-birinə bağlıdır və Zəngəzur dəhlizi məsələsi də masaya yatırıla bilər. Çünki bu dəhlizin açılması vacibdir".
E.Məmmədyarov əlavə edib ki, bu görüşdən sonra yeni mərhələyə qədəm qoya bilər:
"Ona görə ki, Brüsseldə sülh sazişi layihəsindəki maddələr müzakirə olunacaq. Bu dəqiqləşdikdən sonra isə proses davam edəcək. Ümumiyyətlə mən hər zaman demişəm ki, Azərbaycan və Ermənistanın birbaşa danışıqlar aparması daha yaxşıdır. Ona görə ki, üçüncü tərəfin vasitəçiliyi ilə danışıqlar aparanda onların maraqları ön plana çıxır. Bu isə əksər hallarda Azərbaycan və Ermənistanın maraqlarına uyğun gəlmir. İspaniyadakı görüşdən imtina mənim sözlərimin ən böyük sübutudur. Bu doğru addım idi. Digər tərəfdən indiki məqamda sülh sazişində yer alan Qarabağla bağlı maddəyə ehtiyac qalmayıb".