"...Digər tərəfdən yaşadığı yerdən köçən heç kəs sadəcə "qaçqın" statusu ala bilməz"
Fransanın təşəbbüsü ilə 2023-cü il oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə bəyanat verilib.
Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köçməsinin səbəblərinə dair əsassız və böhtan xarakterli iddialar səsləndirilib.
Eyni zamanda 1 milyona yaxın azərbaycanlı öz doğma torpaqlarından qovulmasına, hazırda onlardan cəmi bir neçə mini vətənə qayıtmasına və yüz minlərlə insan hələ də köçkün həyatı yaşamasına baxmayaraq sənəddə onlar haqda heç nə deyilməyib.
Digər tərəfdən Avropa Şurası Nazirlər Komitəsinin sədri Kristianis Karinşin isə bildirib ki, Qarabağı tərk etmiş “etnik ermənilərin mühacir, yoxsa qaçqın olduğunu aydınlaşdırmaq lazımdır”.
Lakin sual yaranır ki, könüllü şəkildə bir ərazidən digərinə köçən insan miqrasiya edir, bunu “qaçqın” kimi təqdim etmək doğrudurmu?
Bəyanata münasibət bildirən azərbaycanlı beynəlxalq hüquqşünas Emil Həsənov "Sherg.az"a vurğulayıb ki, kiminsə qaçqın olduğunu söyləmək üçün sübut olmalıdır:
"Qarabağdan köçən ermənilərin "qaçqın" statusu almaqları üçün Azərbaycan vətəndaşları olmaqları lazımdır. Ümumiyyətlə BMT-nin komissiyası iki dəfə Qarabağda monitorinq keçirib və orada erməni əhaliyə qarşı heç bir zorakılıq faktı təsdiqlənməyib. Bu mənada Fransanın ortaya atdığı fikir siyasi məna daşıyır. Çünki belə bir iddia üçün fakt komissiyası və sübütlar olmalıdır. Belə məsələlər bir gündə həll olunmur. Bu yanaşma subyektivdir".
Ekspert əlavə edib ki, bu yalanları Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etmək üçün ortaya atırlar:
"Qarabağda insan hüquqlarının pozulması və "etnik təmizləmə"yə dair heç bir fakt yoxdur. Digər tərəfdən yaşadığı yerdən köçən heç kəs sadəcə "qaçqın" statusu ala bilməz. Bunun faktları olmalıdır. Yəni beynəlxalq hüquq subyektiv amillərə arxalanmır. Eyni zamanda bu bəyanatı ortaya atan Fransa, Almaniya, İspaniya və ABŞ-nin özündə milli azlıqlarla bağlı kifayət qədər problem var. Sözügedən ölkələr ilk öncə bunları həll etməlidirlər".