"İyirmi illik siyasi fəaliyyəti dövründə Prezident İlham Əliyev nəinki bir çoxlarının bacara bilmədiklərini, həmçinin cəsarətlə və inamla bütün düşmənlərə qarşı təkbaşına mübarizə apararaq qalib gəlməyə qadir olduğunu da bütün dünyaya sübut etdi".
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Aytən Qurbanova Prezident İlham Əliyevin 20 illik rəhbərlik dönəminin ildönümündən danışarkən deyib.
Xanım analitik bildirib ki, bu coğrafiyada ilk dəfə əsrlər öncə yaradılmış bir münaqişə ocağı söndürüldü, 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi:
"Təbii ki, bütün bu uğurlar Ulu Öndərin əsasını qoyduğu və cənab Prezident tərəfindən qətiyyətlə davam etdirilən uzaqgörən daxili, xarici siyasətin və müdrik diplomatik addımların nəticəsidir. Məhz dövlət başçımızın rəhbərliyi dövründə həyata keçirilmiş islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə doğru kadr islahatlarının aparılması, ordumuzun müasir hərbi-texniki avadanlıqlarla təchiz olunması, uğurlu neft diplomatiyası, ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirilməsi Azərbaycanı regional və qlobal sistemin əsas aktorlarından birinə çevirən başlıca amillərdir. Bu gün siyasi fəaliyyətinin iyirminci ilində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bütöv, qüdrətli və qalib Azərbaycanın lideri olaraq dünyanın ən nüfuzlu dövlət xadimləri sırasındadır".