"Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” ifadəsi artıq hər bir azərbaycanlıya tanışdır. 2003-cü il oktyabrın 15-də Prezident seçilən İlham Əliyev düz 20 il sonra eyni gündə bütün azərbaycanlıların tarixi arzusunu reallaşdırdı. Xankəndidə, Ağdərədə, Xocavəndə, Əsgəranda Dövlət Bayrağını dalğalandırdı”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Elmir Səftərov Prezident İlham Əliyevin 20 illik fəaliyyətindən danışarkən deyib.
O bildirib ki, adını qızıl hərflərlə Azərbaycan tarixinə yazdıran Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi gələcək nəsillər tərəfindən fəxarətlə xatırlanacaq:
“Dövlətimizin başçısının rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən Ordunun hər bir nəfəri isə ən azı 200 illik problemi həll edən qüdrətli, şücaətli əsgər kimi yaddaşlarda qalacaq. Mürəkkəb geosiyasi proseslərin tüğyan etdiyi, ölkələrin öz müstəqilliyini əldə saxlamaqda çətinlik çəkdiyi bir zamanda suverenliyini və ərazi bütövlüyü bərpa edən xalqımız isə Qalib dövlətin vətəndaşları kimi xatırlanacaqlar. Əlbəttə, Qalib xalq adını qazanmaq nə qədər çətin olsa da, onu qoruyub saxlamaq da bir qədər mürəkkəbdir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını işğaldan azad etmək hədəfinə çatdı. Artıq qarşıda növbəti hədəflər var və Azərbaycan öz liderinə inanaraq bu məqsədə də çatacaq.
Analitik əlavə edib ki, Azərbaycan Prezidentinin 20 illik fəaliyyəti dövründə və onun rəhbərliyi ilə Vətən müharibəsindən Xankəndidə və digər ərazilərimizdə Dövlət Bayrağımızın dalğalandırılması ilə yekunlaşan proseslərin təhlilinə baxaq:
“İlham Əliyev Prezident fəaliyyətinə başladığı andan Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, Xüsusi Təyinatlı Qüvvələrin və kəşfiyyat bölmələrinin inkişafına daha çox diqqət yetirildi. Müharibəyə bir neçə il qalmış isə Azərbaycan Ordusunun Türkiyə hərbi modelinə uyğunlaşdırılması istiqamətində işlər aparıldı. Həmçinin ən müasir silahlar və düşmənin ağlına gəlməyən, müharibənin taleyini həll edən effektiv PUA-lar ordu arsenalımıza daxil edildi. Əsasən Türkiyə, Pakistan və Türk dövlətləri ilə müntəzəm təlimlər keçirildi. Hərbi sahədə olduğu kimi, siyasi arenada da torpaqlarımızın azad edilməsi üçün zəmin hazırlandı. Digər tərəfdən hərbi sahədə görülən işlərlə paralel olaraq, psixoloji hazırlığı olan, işğalla barışmayan, iradəli, mübariz, qorxmaz, vətənpərvər gənclərin hazırlanması prosesi də aparılırdı. 2010-cu ildə Mübariz İbrahimovun düşmənə onların unudmayacağı zərbə vurması bəlkə də dönüş nöqtəsi oldu. 2016-ya qədər bir neçə əməliyyatlar olsa da, Aprel döyüşləri ermənilərin "məğlubedilməz ordu" mifini dağıtdı, növbəti qələbəsimiz üçün zəmin hazırladı".
E.Səftərovun sözlərinə görə, İkinci Qarabağ müharibəsi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi:
“2020-ci il müharibəsindən sonra bütün təzyiqlərə baxmayaraq, mərhələlərlə öz istəyinə nail olan Azərbaycan tarixi münaqişəni həll etməklə dünyada nümunə yaratdı. Öz torpaqlarını işğaldan azad etməklə, dünyada beynəlxalq hüququn işləmədiyini növbəti dəfə nümayiş etdirdi.
Bir-birinə zidd siyasət yürüdən ölkələrin erməniləri himayə məsələsində ortaq mövqedən çıxış etməsinə rəğmən, Azərbaycan dövləti Qarabağdakı separatçıların cinayətkar "nümayəndələr"ini həbs edib, Bakıya gətirdi. Beləliklə, ərazilərimizdəki separatçılar üçün oyun bitdi. Lakin hərbi sahədə işlər yekunlaşsa da, siyasi müstəvidə həll etməli çox məsələlər var. Məlum olduğu kimi, ölkəmizə qarşı son vaxtlar təzyiqlər artıb. Bütün bunları nəzərə alaraq hərbi sahədə qazandığımız uğurları siyasi müstəvidə də möhkəmləndirməliyik. Ərazilərimizdəki qanunsuz erməni hərbi birləşmələri olan zaman qüvvələr balansı həm sərhədə, həm də daxilə fokuslanırdı. Qarabağdakı silahlı erməni birləşmələri təmizləndikdən sonra isə bu gün Azərbaycan Ordusu sərhədlərimizin müdafiəsini tam şəkildə təşkil edir”.