Bu gün artıq Azərbaycanın bütov olduğunu rahatlıqla dilə gətirə bilərik. Otuz illik həsrət cənab Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan ordusunun sayəsində sona çatdı. 2020-ci ildə Vətən müharibəsi ilə başlayan Azərbaycanın bütövləşməsi hadisəsi 2023-cü ildə lokal antiterror tədbirləri ilə başa çatdı. Prezident İlham Əliyev Xankəndidə bayrağımızı dalğalandırmaqla dünyaya Azərbaycanın bütov olduğunun mesajını verdi.
Tarixi zəfərlə bağlı "Sherg.az"a şərh verən Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə bildirib ki, bu, bütün xalqımız üçün şanlı məqamdır:
"Hər zaman Azərbaycanın ərazi bütövlüyünün toxunulmaz olmağını arzu edirəm. O gün olsun ki, hər iki Azərbaycan torpağı cənub və şimal birləşsin. Mən siyasi məsələləri yaxşı bilmirəm, amma həqiqətən də qürurverici anlar yaşayırıq. Gün o gün olsun ki, Qərbi Azərbaycandakı torpaqlarımıza geri qayıdaq. Allah imkan yaratsa, ora da gedib çıxa bilərik. Ümumiyyətlə yaşadığım qürur hissini sözlə ifadə etmək çətindir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Biz onların və cənab Ali Baş Komandanın sayəsində bu günləri görürük. Arzu edirəm ki, bütün Azərbaycan xalqı daima firavan və başıuca yaşasın. Belə məqamların çox olması bizim üçün başucalığıdır. Çünki 2 əsrdən çoxdur ki, xalqın psixoloji durumu yaxşı deyil. Belə tarixi qələbələrdən sonra isə başqa millətlərin arasında başımız dik gəzə bilərik".