Prezidentin müstəmləkəçiliyə qarşı mübarizədə öndə olması dövlət başçılarına dərs olmalıdır

"Biz Fransada neokolonializm meylləri ilə paralel olaraq irqçilik və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik".

Bu, fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində əksini tapıb.

"Bu gün burada təmsil olunan insanların bəziləri müxtəlif formada təzyiq və ayrı-seçkiliyə, irqçi hücumlara məruz qalır. Daxildə bu cür narahatedici və təhlükəli meylilərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti başqa dövlətlərə dərs keçməyə, digər ölkələrin daxili işlərinə qarışmağa cəhd edir. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur", - dövlət başçısı qeyd edib.

Konfransı “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, neokolonializm çağdaş dünyanın dəyərləri və prinsipləri ilə uyğun olmayan idealogiyadır:

"Bu gün Fransanın bütün beynəlxalq hüquq və insani normaları pozaraq neokolonializmi davam etdirməsi böyük biabırçılıqdır. Bu gün haqdan, ədalətdən danışan ölkələrin müstəmləkəçilik siyasətinin davam etdirilməsinə göz yumması böyük riyakarlıq kollapsının dünyanı cənginə aldığını göstərir. Bu baxımdan Azərbaycan Fransa neokolonializminə qarşı mübarizənin əsas istehkamlarından birinə çevrilib. İstər Qoşulmama hərəkatının sədri, istərsə də BMT və müxtəlif beynəlxalq platformalarda Azərbaycan Fransının müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparır".

Analitikin sözlərinə görə, bu gün yaradılan "Bakı təşəbbüs qrupu" çox ciddi toplantılar həyata keçirir:

"Sentyabrın 20-də Bakıda Fransa müstəmləkəçiliyinə etiraz edən xalqların nümayəndələrinin geniş çıxışları olub. Mən də müşahidəçi kimi konfransda iştirak edirdim. Cənab Prezidentin burada neokolonializmə qarşı səsləndirdiyi fikirlər və konfrans iştirakçılarına müraciəti Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlar tərəfindən böyük rəğbətlə qarşılandı. Çünki bu gün Fransa öz qanunsuz müstəmləkəçilik siyasətini davam etdirdiyi adalarda, bölgələrdə xalqların milli kimliyini pozmaq üçün əlindən gələni edir. Ümumiyyətlə Azərbaycan Prezidenti İlham Əliyevin müstəmləkəçiliyə qarşı mübarizədə qlobal lider kimi öndə olması dünyanın bir çox dövlət başçısına üçün dərs olmalıdır".